2019-04-15 12:22:57   |   569 dəfə oxunub

İsmayıl Şıxlının sonbeşiyi: "Uşaqlığımdan, dünyasını dəyişənə kimi atamın yanında olmuşam" - MÜSAHİBƏ

Fərrux Şıxlı: “Doğrudan da zəhmli adam idi, amma elə şərait yaratmışdı ki, sözümüzü deməyə çəkinmirdik"






Bu il Xalq yazıçısı, görkəmli ictimai xadim İsmayıl Şıxlının 100 illik yubileyidir. Böyük yazıçının yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Mədəniyyət Nazirliyi İ.Şıxlının yubiley tədbirlərinin silsilə şəkildə keçirilməsi üçün artıq işlərə başlayıb. Bakıda və Xalq yazıçısının doğulduğu Qazax rayonunda geniş tədbirlərin baş tutacağı gözlənilir.
"Şərq" qəzeti olaraq görkəmli ədəbiyyat adamımızın yubileyinə biz də töhfəmizi vermək istədik. " ” üsahibimiz isə mətbuatda az-az görünən İ.Şıxlının sonbeşiyi, oğlu Fərrux Şıxlıdr. Fərrux bəylə söhbətimizdə onun atası ilə bağlı maraqlı xatirələrinə işıq tutmağa çalışdıq.

Fərrux Şıxlı öncə yubiley tədbirləri haqqında qısa məlumat verdi. Qeyd etdi ki, Mədəniyyət Nazirliyi ilə tədbirlərin keçirilməsi məsələlərinin danışıqları aparılır....

- Təxminən may ayının ikinci yarısında Bakıda böyük tədbir keçiriləcək. Sonra, Qazaxda çoxlu silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bunlarla daha çox Elçin (qardaşı, tanınmış jurnalist Elçin Şıxlınski - A.😎 məşğul olur. Ona senarilər verirlər, məsləhətləşirlər ki, bunu necə edək, tədbiri necə təşkil edək və s. Yubiley tədbirləri aprelin sonunda Qazaxda konfransın keçirilməsi ilə başlamalıdır. Mədəniyyət Nazirliyi tərəfindən də, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən də təkliflər edilib. Biz də təkliflərimizi veririk. Yaxşı olacağına inanıram.


"Atam bizə oyuncaq alanda, bir gün bizlə bir yerdə özü də o oyuncaqlarla oynayırdı”



- Uşaqlığınızı necə xatırlayırsız? İsmayıl müəllimin övladları ilə davranışı necə idi? Uşaqlıq xatirələrinizdə nələr qalıb?

- Bir yandan deyə bilərlər ki, İsmayıl Şıxlı haqqında danışmaq mənim üçün asandır, çünki atam olub. Uşaqlığımdan, gözümü açandan, atam dünyasını dəyişənə kimi yanında olmuşam. Bir yandan da çətindir danışmaq. Necə deyim, uşaq idik, o qədər də dərk etmirdik ki, atamız kimdir. Adətən uşaqlarda valideyndən nələrisə istəmək var, tələbləri olur. Amma biz o qədər də tələbkar deyildik, imkan daxilində əlbəttə atam bizə nələrsə alırdı, oyuncaqlar alırdı. Həmişə deyirdi ki, onların uşaqlığı çox ağır keçib, müharibə dövrünə təsadüf edib, oyuncaqları olmayıb. Atam bizə oyuncaq alanda, bir gün bizlə bir yerdə özü də o oyuncaqlarla oynayırdı. Deyirdi, "biz görməmişik, sizinlə uşaqlığımı yaşayıram sanki".

Uşaqlıqla bağlı xatirələr çoxdur. Məsələn, hər yay bizi başqa şəhərlərə gəzməyə aparırdı. Özü imkan daxilində səyahəti çox sevirdi. Demək olar ki, keçmiş SSRİ məkanı hüdudlarında bir çox şəhərlərə gəzməyə aparıb. Səyahət baxımından uşaqlığımız əla keçib.

- Tək səyahətə getdiyi olurdumu?

- SSRİ Yazıçılar İttifaqının sanatoriyalarında Yaradıcılıq Evləri vardı. Bəzən qış aylarında özü tək gedib, bir ay orada qalırdı. Buna səyahət yox, daha çox işləməyə getmək adı versək daha düzgün olar. O sanatoriyada yazıb-yaratmaqla məşğul olurdu. Amma yayda həmişə ailə üzvlərimizlə birlikdə gedirdik başqa şəhərlərə. Çox vaxt Şimali Qafqazdakı şəhərlərə, əsasən də Nalçikə gedirdik. Sovet dövrünün yazıçılarının ən çox getdiyi, istirahət etdiyi yerlər, Yaradıcılıq Evləri olan sanatoriyalar idi. Nə deyim, çox gözəl uşaqlığımız olub.

- Atanız oxumağınıza, dərslərinizə nəzarət edirdimi? Dərslə bağlı hansısa problem yarananda İsmayıl müəllimə, yoxsa ananıza müraciət edirdiz?

- Özünü tərifləmək kimi olmasın, biz dərslərimizi pis oxumurduq. Elə də çətinliyimiz, problemimiz yaranmırdı. Amma təbii ki, nəzarət edirdilər, maraqlanırdılar. Bizim də hansısa problemimiz olsa, valideynlərimizə müraciət edirdik. Çox vaxt anama deyirdik, amma atama da müraciət edirdik. İbtidai siniflərdə valideynlərimiz dərslərimizə kömək edirdilər. Böyüdükcə, özümüz öhdəsindən gəlirdik. 

Müəllim inşa yazmağı tapşıranda, əsasən atama müraciət edirdik. Onu deyim ki, atam ədəbiyyatçı olmağına baxmayaraq, riyaziyyatı da pis bilmirdi. Riyaziyyatla bağlı çətinlik olardısa, atam yenə də, köməkliyini göstərirdi.

- İsmayıl müəllim haqqında danışarkən, onu bir çox hallarda zəhmli, necə deyərlər, ağırtaxtalı kişi kimi xarakterizə edirlər. Siz gənclik illərində, sonrakı dövrdə atanızın zəhmini üzərinizdə hiss edirdinizmi? Yəni o zəhmdən çəkinirdinizmi?

- Biz heç vaxt atamıza sözümüzü deməyə çəkinməmişik. Elə bir şərait yaratmışdı ki, fikrimizi çəkinmədən deyirdik. O da həmişə bizi canla-başla dinləyirdi, məsləhətlərini verirdi. Zəhmli idi doğrudan da. Amma çalışırdıq ki, onun zəhminə tuş gəlməyək. Cəmiyyətdə, məktəbdə, universitetdə özümüzü elə aparırdıq ki, atamızın adına söz gəlməsin. Artıq kimin övladları olduğumuzu anlayırdıq. Çalışırdıq elə hərəkət edək ki, kənardan deməsinlər ki, "bu, İsmayıl Şıxlının oğludur, görün özünü necə aparır". Üzərimizdə İsmayıl Şıxlının oğlu olmaq məsuliyyəti vardı ki, biz bunu dərk edirdik, məsuliyyətimizi başa düşürdük. Hər zaman çalışdıq ki, özümüzü atamıza layiq övlad olaraq aparaq. O da davranışımızla bağlı bizə hansısa irad bildirməyib. Təbii ki, ola bilər hansısa narazılığı da olub. Valideyndir, hər valideynin övladından xırda da olsa narazı qaldığı məqamları var. Amma ciddi narazılıqlarını görməmişik.

- 1990-cı illərdə, Qarabağ münaqişəsi yeni başlayan zamanlarda, İsmayıl müəllim parlament tribunasından SSRİ-yə, mərkəz Moskvaya qarşı sərt ifadələr işlədirdi. Təbii ki, həmin zaman İsmayıl müəllimə təzyiqlər olurdu çıxışlarına, bəyanatlarına qarşı basqılar vardı. Siz yanında olmusuz, həmin o gərgin anlarını necə xatırlayırsız?

- Təbii ki, gərgin idi o dönəmlər. Əsəbi idi. Ölkənin taleyi onu çox narahat edirdi. Amma o, təzyiqlərdən çəkinən, qorxan adam deyildi. Hər şeyə rəğmən sözünü deməli idi. Yadımdadır ki, o gərgin vaxtlarda qardaşım Elçinlə yaxınlaşdıq atama, dedik ki, birdən sən bizi düşünərsən, bizimlə bağlı hansısa narahatlığın olar, fikrini deməkdən çəkinərsən. Biz bilirdik ki, o basqılardan çəkinən insan deyil. Sadəcə bizə görə çəkindiyi an ola bilərdi. Bildirdik ki, bizimlə bağlı heç bir narahatlığın olmasın, sözünü hər zaman düşündüyün kimi de, bizdən nigaran qalma. Hamı kimi Qarabağ məsələləri, işğal İsmayıl müəllimi də narahat edirdi, ziyalı olaraq Azərbaycanın taleyindən çox nigaran idi. Hər zaman özünü bir döyüşçü kimi görürdü.

Mənim bir epizod yadımdadır. 1990-cı ildə anamla birlikdə Qazaxda idilər. Bir televiziya kanalı AzTV vardı ki, hamı ona baxırdı. Xəbərlərdən gördük ki, Qazaxa ermənilər hücum ediblər, Bağanıs Ayrım soyqırımını törədiblər. Biz də övladları olaraq narahat qaldıq. O vaxt mobil telefon yox, telefon-poçt sistemi bəzi yerlərdə dağılıb, işləmir. Atamla anamın nə etdiklərindən xəbərsiz idik, nigaran qalmışdıq. Sonra televiziyadan axşam xəbərlərində Qazaxdan reportaj verilirdi. Atamı əlində avtomat, insanların qarşısında, ön cərgədə gördük. Bundan sonra bir az rahatlandıq, sağ-salamat olduqlarına sevindik.

- Parlament tribunasından odlu-alovlu çıxışları olurdu...

- Sessiyalara gedib-gəlirdi, fikirlərini qorxmadan səsləndirirdi. Yadımdadır, gərgin iclasların birində xəstə olsa da, dedi ki, ora getməliyəm. Qarabağ hadisələri atama çox pis təsir etmişdi, səhhətində problemlər yaranmışdı. Milli Məclislə üzbəüz, indiki Mərkəzi Klinik Xəstəxanada müalicə alırdı. Zəng elədi evə, dedi gəlin məni Milli Məclisə aparın, vacib iclasdır, orada məsələlər həll olunur, mən burda yata bilmərəm. 

Dedik, həkim icazə vermir, ürəyində problem var, stress olmaz, tərpənmək olmaz. Dedi yox, mütləq gəlib məni parlamentə aparmalısız. Biz gəldik qardaşımla xəstəxanaya, orda hərəmiz bir qoluna girdik, yolu keçirib, gətirib Milli Məclisin qapısından içəri ötürdük. Çox narahat idik. Çünki həkimlər demişdi belə vəziyyətdə tərpətmək qorxuludur. Amma atam dedi yox, mən əksinə, xəstəxanada qalsam daha pis olaram. Milli Məclisin qarşısında narahat vəziyyətdə gözlədik.


"Xəstəxanada müalicə alırdı. Zəng elədi evə, dedi gəlin məni Milli Məclisə aparın, vacib iclasdır, orada məsələlər həll olunur, mən burda yata bilmərəm"




Maraqlısı odur ki, atam Milli Məclisdən çox gümrah halda, şux qamətlə çıxdı. Qolundan tutmağa ehtiyac yox idi. Çünki iclasda sözünü demişdi, rahat olmuşdu. Özü yolu keçdi, xəstəxanaya qayıtdı. Yəni İsmayıl müəllim üçün ölkənin taleyi həssas məsələ idi. Ən çətin vəziyyətdə də olsa, əlindən gələni edirdi.

- Yaradıcılıq prosesi necə yadınızda qalıb? Yəni evdə yazan zamanları necə xatırlayırsız?

- Evdə atamın, bizim kabinet dediyimiz otağı vardı. İş otağının çölə baxan pəncərəsindən başqa divarlarının hər yeri kitab idi. Sanki divar daşla yox, kitabla hörülmüşdü. Yerdən tavana qədər kitab rəfləri idi. O rəflərdə dünya ədəbiyyatına, Azərbaycan ədəbiyyatına aid kitablar yer almışdı. Yadımdadır, iş masasının bir "gözü" vardı, ora biz heç vaxt baxmadıq. Artıq yekə kişilər olsaq da, heç zaman o "gözü" açmazdıq. Bilirdik ki, orada atamın vacib yazıları, sənədləri var, onu qurdalamaq olmaz. Girirdi iş otağına, qapını da bağlayırdı, başlayırdı yazmağa. Biz də öz otağımıza çəkilib, qapını bağlayırdıq ki, səs salmayaq, sakitlik olsun ki, atam işləsin. Arada çay istəyəndə səsləyirdi, çay aparırdıq. 

Otağında yazı makinası vardı. Amma atam birbaşa makinada yaza bilmirdi. Ancaq kağıza yazırdı, sonra makina ilə köçürülürdü. Biz kömək edirdik, makinaya biz köçürürdük. İsmayıl müəllimin xətti çox qəliz idi, bəzən çətinlik çəkirdik əlyazmasını köçürməkdə. Otururdu yanımızda, diktə edirdi, makinada yazırdıq. Yaradıcılıq prosesi ilə bağlı, bir də dediyim kimi, qış aylarında Yazıçılar İttifaqının Yaradıcılıq Evlərinə gedib, orda yazmaqla məşğul olurdu. Moskva ətrafında "Peredelka" deyilən yer vardı, orada yaradıcılıqla məşğul olmağı sevirdi. Çünki həmin yerdəki Yaradıcılıq Evinin ərtafı meşəlik, hər tərəf qar, sakitlik... Bu da yazıçı üçün münbit şərait deməkdir.

- Yazdıqlarını ilk kimə oxuyurdu?

- "Dəli Kür" romanını yazanda biz uşaq olmuşuq. İstəsə belə bizə oxuya bilməzdi. "Dəli Kür" dərslikdə var idi, biz şagird vaxtı oxuduq. Evimiz yazıçıların binasında idi. O binada Azərbaycanın ən tanınmış, görkəmli yazıçıları yaşayırdılar. O zamanlar yazıçılar bir-birinin evinə gedirdi, müzakirələr aparırdılar. Məsələn, mərhum yazıçımız İsa Muğanna ilə atam yaxın dost idilər. Həm də qonşu idik. Biz uşaq idik, həyətdə oynayırdıq. İsa müəllim, başqa yazıçılar gəlirdilər, çəkilirdilər kabinetə, yeni yazdıqlarını biri-birlərinə oxuyurdular, müzakirə aparırdılar, fikirlərini bölüşürdülər. Uşaq vaxtı o qədər də anlamırdıq, onların kabinetdə nədən danışdıqlarını dərk etmirdik. Böyüyəndə anladıq ki, biri-birlərinə yazdıqlarını oxuyurmuşlar. Atam yazdığını ilk dəfə görkəmli yazıçımız Mehdi Hüseynə oxuyurmuş. Ümumiyyətlə, İsmayıl müəllim ilk qələm təcrübəsini, ilk yazdıqlarını hər zaman Mehdi müəllimə göstərib, oxuyub. Mehdi Hüseyni həmişə özünün ədəbiyyatdakı müəllimi adlandırırdı. Böyüdük, ağlımız kəsən vaxtlar bizə də oxuyurdu. Məsələn, atamın yazdığı məşhur rəvayətləri var, silsilə şəklində. Yadımdadır ki, onları yazanda ailəcə yığılırdıq, ilk bizə oxuyurdu.

- Heç olubmu ki, hansısa bir probleminiz yaranıb, sənədləmi bağlı, işləmi bağlı, İsmayıl müəllimin nüfuzundan, adından istifadə edərək bunu həll etmisiz?

- Çalışırdıq ki, atamızın adından heç yerdə istifadə etməyək. Elə bir həyati vacib məsələ də olmayıb ki, bunun həlli üçün atamın nüfuzundan istifadə edək, yoluna qoyaq. İsmayıl Şıxlı adından sui-istifadəyə yol verməmişik heç vaxt. Atamın da bundan xoşu gəlmirdi.

- İsmayıl müəllimin yoxluğunda, onun zamanında sizə verdiyi məsləhətləri, tövsiyələri hansısa məsələdə köməyinizə gəlibmi? Rəhmətə gedəndən sonra atanızın yoxluğu yaşamınıza, həyatınıza hansı təsirləri göstərdi?

- Atam bizi yanına çağırıb xüsusi tövsiyə vermirdi. Təvazökarlıqdan uzaq ola bilər, amma atamın yaşam tərzi bizim üçün tövsiyə idi. Bizim yaşamımız üçün atam bir məktəb rolunu oynadı. Xüsusi tövsiyəsi yox idi, çağırsın desin ki, "uşaqlar, bunu belə edin, onu elə edin". Onun davranışından, addımlarından, ağlımız kəsəndən, böyüyəndən sonra öz dərsimizi almışdıq. Atam dünyasını dəyişəndən sonra, təbii ki, bu hadisənin bizim ailəmizə təsirləri oldu. Əlbəttə, yaşayırıq, həyat davam edir. Amma hər zaman atama ehtiyac hiss edirəm. 


"Bu gün də çalışırıq ki, cəmiyyətdə özümüzü elə aparaq ki, kənardan baxan desin ki, "oğlanları İsmayıl Şıxlıya layiqdirlər"



Bilirsiz, adam cavan olanda bəlkə o qədər də dərk etmir, amma yaşlananda ataya, ümumiyyətlə, valideynə böyük ehtiyac olduğunu görürsən. Yaşlananda anlayırsan ki, yanında yaşadığın, böyüdüyün insan kim olub, ondan daha çox şey öyrənə bilərdin və s. Məsələn, indi fikirləşirəm ki, filan məsələni niyə o vaxt atamdan soruşmadım, filan söhbəti niyə onunla etmədim?! Bir də görürsən hansısa bir vəziyyətə düşürsən, özünə sual verirsən ki, görəsən atam bu vəziyyətlə bağlı mənə nə məsləhət verərdi?! 

Gənclikdə ora-bura gedirsən, evdə çox olmursan. İndi deyirsən, kaş atamın yanında daha çox olaydım, daha çox söhbətləşərdik, onun söhbətlərini dinləyəydim. Hər bir insanın hər yaşında ataya, anaya ehtiyacı olur. Atamın ölümündən 24 il keçib. Bu gün də çalışırıq ki, cəmiyyətdə özümüzü elə aparaq ki, kənardan baxan desin ki, "oğlanları İsmayıl Şıxlıya layiqdirlər". Nə qədər bunu bacarırıq, nə qədər layiq oluruq, bunu kənardakılar deyib, qiymət verə bilərlər. Bütün hallarda isə həmişə üzərimizdə İsmayıl Şıxlının oğlu olmaq məsuliyyəti var.

Anar Bayramoğlu






SON XƏBƏRLƏR

2019-04-23