2019-04-15 16:52:57   |   229 dəfə oxunub

“Qarabağ düyününü açmaq üçün alternativ planlar var”



"Ermənistan rəhbərliyi hər zaman müəmmalı və anlaşılmaz bir mövqe tutur”.

Bu sözləri "Sherg.az”a açıqlamasında Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvadakı görüşü nü şərh edərkən politoloq Tofiq Abbasov deyib.

O, görüşdə hansısa nəticələrin əldə olunmasına zəmin görmədiyini deyib:

"Mövcud siyasi proseslə bağlı Azərbaycan tərəfinin mövqeyi bəllidir. Çünki biz öz mövqeyimizi açıq-aşkar qarşı tərəfə bildirmişik. Düşmən tərəf daim qondarma bəhanələr tapır, müxtəlif yollarla çalışır ki, prosesi ləngitsin. Bu siyasi cəhətdən heç sağlam mövqe deyil.

Ermənistan bilərəkdən siyasi prosesləri çətin vəziyyətə salmağa çalışır. Onlar yalançı şərhlərlə istəyirlər ki, Azərbaycana öz yanaşmalarını göstərsinlər. Bu yanaşma isə ondan ibarətdir ki, onlar münaqişə bölgəsindən öz qoşunlarını çıxarmaqdan imtina edirlər. Əgər bu imtina qüvvədə qalırsa, barış üçün heç bir münasib şərait yaranmır. 

Bu baxımdan, əlbəttə, Azərbaycan bütün variantlara hazırdır. Lakin gələcəkdə ölkəmiz daim bu formatda qala bilməz. Qarabağ düyününü açmaq üçün Azərbaycanın alternativ planları var. Lakin düşmən tərəfin heç bir seçimi yoxdur. Ona görə də Ermənistanın vəziyyəti çox kövrəkdir”.

Qeyd edək ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında üçtərəfli görüş başlayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunub.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-04-23