2019-04-15 17:10:43   |   155 dəfə oxunub

“Həmsədrlərin və Aİ rəsmilərinin açıqlamaları Ermənistana bir ismarıcdır”



"Əgər söhbət Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə gedərsə, o halda danışıqlar mənalı hesab edilə bilər”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.

Siyasi şərhçinin sözlərinə görə, əgər görüşlərdə ermənilərin işğal olunan ərazilərdən çıxarılması müzakirə olunmursa, o zaman ümumiyyətlə danışıq üçün mövzu yoxdur: 

"ATƏT Minsk qrupu həmsədrlərinin danışıqlar formatının dəyişməzliyi ilə bağlı son bəyanatları, eləcə də Avropa İttifaqının rəsmi şəxslərinin analoji açıqlamaları Ermənistan tərəfinə ismarıcdır. Öz növbəsində Azərbaycanın mövqeyi dəyişməz qalır. Biz birtərəfli qaydada bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı şərti ilə mümkündür. Bu əsaslı ədalətli mövqeyimizi dövlət başçımız dəfələrlə səsləndirib. Eyni zamanda biz bu məsələni substantiv danışıqlar vasitəsilə, yəni mərhələli şəkildə həll etməyi təklif edirik”.

Analitikin fikrincə, Rusiyanın münaqişənin həlli ilə bağlı moderatorluğu öz əlinə almaq cəhdləri daima müşahidə edilib: 

"Biz buna etiraz etmirik. Eyni zamanda, bəyan edirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin nizamlanması üçün hüquqi əsas təşkil edir. Birmənalı olaraq Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiqləyir. Eləcə də erməni qoşunlarının Azərbaycan ərazilərindən tez bir zamanda, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir”.

Qeyd edək ki, bugün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun üzvləri də iştirak ediblər.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-26