2019-04-15 17:25:20   |   186 dəfə oxunub

“Buraxılış imtahanlarına düşən suallar internetdə paylaşılıb” – Açıqlama

Kamran Əsədov: “Bu onu göstərir ki, nəzarət və təhlükəsizlik yaxşı təşkil olunmayıb”



"Təəssüflər olsun ki, buraxılış imtahanından sonra bəzi şagirdlər imtahana düşən sualları internetdə paylaşıblar”.

Bu sözləri "Sherg.az”a açıqlamasında tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, bu, onu göstərir ki, imtahanlarda nəzarət və təhlükəsizlik yaxşı təşkil olunmayıb:

"İmtahan nəzarətçiləri, imtahan rəhbərləri vəzifələrinin öhtəsindən gələ bilməyiblər, səhlənkarlığa yol veriblər. İmtahanlar bölgələr üzrə fərqli tarixlərdə keçirildiyindən sosial şəbəkələrdə yayılan bu cavablar və həll yolları hələ imtahan verməmiş abituriyentlərin işinə yarayır. Məsələn, Bakıda imtahan verən şagird sual kitabçasını hər hansı qeyri-qanuni yolla əldə edibsə, bunu sosial şəbəkədə paylaşaraq və ya sualları müəlliminə ötürərək növbəti günlər ərzində imtahan verəcək şagirdlərə "yardım” etməyə çalışır. Amma əslində bunu edən şagirdlər özlərinə ziyan vurmuş olurlar. Çünki növbəti imtahan verəcək şagirdin nəticəsi ondan yüksək olacaq və yekunda sualları paylaşan şəxsdən çox bal toplayıb uğur qazanacaq. Belə ki, imtahan prosesində təhlükəsizlik və texniki xidmətlə bağlı qüsurlar yarandı, şagirdlər arasında sual kitabçasını kənara çıxaranlar oldu.

Aprelin 14-də keçirilən eyni tipli imtahanda isə qeyd olunan qüsurlar aradan qaldırılsa da, test tapşırıqlarının müəyyən hissəsi artıq əvvəlki imtahanda istifadə olunduğu üçün bəzi şagirdlər ondan məlumatlı idilər. 

Ümumilikdə DİM hər iki eyni tipli imtahan arasında ciddi fərq yarada bilməzdi. Bir həftə ərzində test tapşırıqlarını kəskin şəkildə dəyişmək fiziki və texniki cəhətdən mümkün deyil. Bundan başqa, imtahan prosesində yoxlamada iştirak edənlərin sayının az olması yeni tipli test tapşırıqlarının yoxlanılmasında da problemlər yarada bilərdi. 

Ümumiyyətlə, buraxılış imtahanlarının 3 fəndən keçirildiyini, bu fənlərdə test tapşırıqları üçün istifadə olunacaq mövzuların həddindən artıq məhdud olduğunu nəzərə alsaq, sualların yox, mövzuların təkrar olacağını gözləmək olar”.

Qeyd edək ki, aprelin 14-də DİM tərəfindən 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-04-23