2019-04-15 17:32:03   |   155 dəfə oxunub

Zelenskidən Poroşenkoya çağırış: “Bir şoumen prezident ola bilər, amma prezidentin şoumenə çevrilməsi üzücüdür”


Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski rəqibi, hazırlı prezident Petro Poroşenkoya video mesaj göndərib. O, dövlət başçısını dövlət məsələlərini həll etmək əvəzinə şoumenlik etməkdə ittiham edib.

"Sherg.az”ın xəbərinə görə, Zelenskinin bu videosu şəxsi "Facebook” səhifəsində yerləşdirilib.

Seçkilərin birinci turunun lideri, prezidentə narkotik və alkoqol bağımlılığı üçün keçirilən analizi və 14 aprel tarixində Kiyevin "Olimpiya” stadionunda keçirilən kampaniya görüşünü xatırladıb. Zelenski, Poroşenkonu korrupsiya əleyhdarı Katerina Qandzyukun qatillərini tapmağa, Ukroboronpromda sərhədi qeyri-qanuni keçmək iddiası ilə Rusiyanın FSB-si tərəfindən nəzarətə alınan Ukrayna dənizçilərinin azadlığa qovuşmaları üçün hərəkət etməyə çağırıb:

"Xahiş edirəm bu məsələləri həll edin. Çünki sizin işiniz budur. Bir şoumen prezident ola bilər. Amma bir prezidentin şoumenə çevrilməsi üzücüdür”.

Qeyd edək ki, aprelin 14-də hazırkı prezident "Olimpiya"da seçki kampaniyası çərçivəsində görüş keçirdi. Poroşenko Zelenskini də həmin görüşə dəvət etmişdi. Zelenski isə yalnız 19 apreldə müzakirə etmək üçün stadiona gələcəyini söyləmişdi. Poroşenko isə Zelenskini stadiona gəlməməkdə, qorxaqlıqda ittiham edib.

Xatırladaq ki, bu il fevralın sonunda "Bihush.info” portalının jurnalistləri Ukroboronpromun korrupsiya sxemlərini təsvir edən araşdırma yazı yayımlayıb. Bu sxemdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının birinci müavini və Poroşenkonun keçmiş ticarət tərəfdaşı Oleq Qladkovski və onun oğlu İqorun adı keçirdi. Zelenski prezidenti bu məsələ ilə bağlı açıqlama verməyə çağırır.

Birinci turun lideri həmçinin ötən il noyabrın 25-də Kerç boğazından Rusiya sərhədini qeyri-qanuni yollarla keçdiyi iddiası ilə Rusiya FSB əməkdaşları Ukraynanın üç dəniz gəmisini və 24 dənizçisinin saxlanılması məsələsini Poroşenko qarşısında qaldırıb. Hazırda ukraynalı dənizçilər məhkəmələrini gözləyirlər. Aprelin 15-də onların işi üzrə ilkin araşdırma müddəti 25 avqustadək uzadılıb. Kiyev isə onların saxlanmasını qeyri-qanuni hesab edir və onları "müharibə məhbusları” adlandırır.

Zelenskinin Poroşenkodan həllini istədiyi daha bir məsələ isə, 33 yaşlı Katerina Qandzyukun ölümü məsələsinin aydınlaşmasıdır.

Xatırladaq ki, Qandzyuk Xerson şəhər merinin köməkçisi vəzifəsində çalışmışdı. O, ötən il iyulun 31-də səhər evindən çıxan zaman bir nəfər onun üstünə bir litr turşu töküb qaçmışdı. Ağır vəziyyətdə olan Qandzyuk dərhal xəstəxanaya aparılmışdı. Onun bədənin yuxarı hissəsi, qolları və üzü də daxil olmaqla, bədəninin 30 faizi yanmışdı.

Katerina hüquq-mühafizə orqanları, xüsusilə də polisə qarşı kəskin tənqidlərlə çıxış edirdi. Anti-korrupsiya fəalı sentyabr ayının sonunda xəstəxanadan ukraynalılara müraciət ünvanlanmışdı. O, müraciətində siyasətçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında korrupsiya hallarından danışmışdı.

Katerina 2018-ci il noyabrın 4-də xəstəxanada öldü. İddialara görə, o xəstəxanada naməlum şəxslər tərəfindən öldürülüb. Xerson bölgəsinin keçmiş rəhbəri Andrey Qordeyev cinayəti sifariş etməkdə şübhəli bilinir O, prezident seçkilərinin ilk turundan bir həftə sonra Poroşenko ilə söhbətindən sonra istefa verib.

Xatırladaq ki, martın 30-da keçirilən prezident seçkilərinin birinci turunda namizəd olan şoumen Vladimir Zelenski hazırkı prezident Petro Poroşenkonu səs faizində üstələyib. Aprelin 21-də keçiriləcək ikinci turda mübarizə bu iki namizəd arasında gedəcək.

Anar Bayramoğlu





SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26