2019-04-16 10:59:45   |   213 dəfə oxunub

Onlar niyə özlərini öldürürlər?

İki gündə 6 nəfərin intihar etməsi suallar yaradır

Azad İsazadə: "İntiharların dəbə düşməyi var və biz o dəbə düşmə ilə mübarizə aparmalıyıq"



İntihar – insanın qəsdən öz həyatına son qoymasıdır. Risk faktorları maliyyə çətinliklərindən, münasibətlərlə bağlı çətinliklərdən və ya zorakılıqdan yarana bilər. İntiharların sayının artması, xüsusən son iki gündə 5 intihar hadisəsinin baş verməsi cəmiyyəti ciddi düşündürməlidir.

14 aprel tarixində Dənizkənarı Milli Parkda 14 yaşlı qız intihara cəhd edib.
15 apreldə 16 yaşlı qız özünü 9-cu mərtəbədən atıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Elə həmin tarixdə Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü Rəhman Rəsulov və Xəzər rayon sakini, 1967-ci il təvəllüdlü Zümrüd Əliyeva özün asıb.

15 apreldə daha bir intihar isə Bərdədə olub. Belə ki, şəhərin Aydın Əhmədov küçəsində intihar hadisəsi baş verib. Tofiq İlham oğlu İsgəndərov özünü yaşadığı evində asaraq öldürüb. Onu da qeyd edək ki, aprelin 14-də İsmayıllıda da intihar baş verib. 18 yaşlı yeni ailə qurmuş gəlin ailə münaqişəsi zəminində intihar edərək həyatına son qoyub.


Güman edilir ki, intihar sosial-ekoloji və psixiatrik faktorların qarşılıqlı təsirindən irəli gəlir.
Lakin psixoloq Azad İsazadə "Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanda baş verən intiharların səbəbləri bilinmir. Çünki nə intiharların forması, nə yaş qrupu, nə regionlara görə xüsusiyyətləri məlumdur. Ona görə də problem kortəbii şəkildə inkişaf edir və kortəbii şəkildə mübarizə aparılır: 

"Bunu araşdıran vahid bir mərkəz yoxdur. Bu barədə çoxdan danışırıq. Təəssüf ki, problem hələ də davam edir. Hazırda Azərbaycanda intiharlarla məşğul olan qurum yoxdur. Bizdə heç vahid statistika da yoxdur. Hər qurum sadəcə hansısa formada öz funksional vəzifəsini yerinə yetirir. Birmənalı şəkildə hansısa kordinasiya mərkəzi lazımdır ki, bütün məlumatları toplasın. Peşəkarlar bir araya gəlməli və təkliflər irəli sürməlidirlər. Biz faktiki intiharın dalınca düşürük, prosesi idarə edə bilmirik. İntiharların qarşısını almalıyıq. Bu istiqamətdə profilaktik işlər aparılmalıdır”.

"Profilaktik tədbirlər aparılmadığı üçün hadisələr təkrarlana bilər. İntiharların qarşısının alınmasında, ailədən və məktəbdən də çox şey asılıdır. Sözsüz ki, ailə ilə işləyən insanlara ehtiyac var. Məktəbdə işləyən psixoloqlar üçün xüsusi treninqlər keçirilməlidir, onlar öyrədilməlidir. Bundan başqa hər yaş qrupunun intihar səbəbləri müxtəlif olur. Hər yaş, cins, sosial qruplar üzrə fərqli tədbirlər həyata keçirilməli, fərqli təkliflər irəli sürülməlidir”- deyə Azad İsazadə qeyd edib.

Psixoloq vurğulayıb ki, bəzən intiharların dəbə düşmə kimi xüsusiyyətləri də olur. İntihar formaları, səbəbləri dəbə düşə bilir: 

"Yadınızdadırsa, bir vaxtlar "kredit intiharları" yayılmışdı. Bir müddət özlərini yandırma, bir müddət körpüdən özünü atma intihar formaları dəbə düşmüşdü. Hətta Koroğlu körpüsünü "intihar körpüsü" də adlandırırdılar. O dərəcəyə gəlmişdi ki, körpüyə daim polislər nəzarət edirdi. 

Deməli, intiharların dəbə düşməyi var və biz o dəbə düşmə ilə mübarizə aparmalıyıq. Televiziya vasitəsilə Səddam Hüseynin edamını göstərəndən sonra özünü asaraq intihar etmənin sayı artmışdı. Bu təkcə Azərbaycanda yox, bütün müsəlman ölkələrində özünü göstərdi. Sonra o dəb yavaş-yavaş düşdü. Jurnalistlərə və mətbuat orqanlarında da belə mərkəzlər olsa, onlara məsləhətlər verilər ki, problemi gizlətmək yox, necə təqdim etmək lazımdır ki, o, təbliğata çevrilməsin və maarifləndirmə xarakteri daşısın”.

Sevda Ulutau





SON XƏBƏRLƏR

2019-06-18