2019-04-16 11:10:08   |   89 dəfə oxunub

Qəfil ölümlərin qarşısını almaq olar

Ölənlərin 60 faizi qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlərdir

"Bakıda da daha çox kardioloji, ürək-damar xəstəlikləri, qan dövranı, qan təzyiqi və onkoloji xəstəliklər yayılıb. Təcili yardıma edilən müraciətlər də bunu deməyə əsas verir"



"Stend or life” proqramının ölkəmizdə də qəbul olunması çox faydalı olardı. Bu proqramın ölkəmizdə qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması, ailələrinin başında qalması deməkdir"

Qan dövranı sistemi xəstəliklərinə görə, ölkəmizdəki ümumi məlumat açıqlanıb. Məlumatdan görünür ki, Azərbaycanda ən geniş yayılan xəstəliklərdən biri də qan dövranı sistemi xəstəlikləridir.

Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlər vəfat edənlərin ümumi sayının 59 faizini təşkil edir ki, onların da 3-4 faizi uşaqların payına düşür.

"Ümumilikdə qeyd edə bilərik ki, bütün illər üzrə bu xəstəlikdən dünyasını dəyişənlər 58-59 faiz olub" - deyə nazirlikdən vurğulanıb.

Qeyd edilir ki, hələlik nazirlik 2018-ci ildə qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlərlə bağlı rəqəmləri açıqlamayıb.

Həkimlər pilləkənləri çıxanda, sürətli yeriyəndə təngnəfəsliyin yaranmasının ciddi xəstəliklərdən xəbər verdiyini deyir.

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumatına görə isə həkim Mehmet Emrə bildirib ki, ürəyin qanvurma gücünün azalması onun funksiyalarının pozulmasına səbəb olur:

- İlk əlamətlər isə təngnəfəslik, tez yorulma, qarın və ayaqlarda şiş meydana çıxmasıdır. Sonrakı mərhələlərdə isə xəstələr gecə yuxuda da nəfəs ala bilmədikləri üçün oyanırlar. Daha sonra oturaq vəziyyətdə yatmaq məcburiyyətində qalırlar.

Ürəyin şəkər bağlantısı

Tibb mütəxəssisləri bildirir ki, ürəyin işini pozan bir çox xəstəliklər mövcuddur. Bunlara təzyiq, ürək və qan-damar xəstəlikləri, ürəyin ritminin pozulması, infeksiyalar və anadangəlmə ürək xəstəlikləri səbəb olur.

Ürəyin düzgün işləməsi üçün insan orqanizmində şəkərin miqdarı normal olmalıdır. İnsan gün ərzində 20-30 dəqiqə piyada gəzməlidir, qidalanmalarına fikir verməlidir. Duzlu qidalardan uzaq olmalıdır. Amma duzu qida rasionundan tam çıxarmaq olmaz. Ürək xəstəliyi olan insanlar gün ərzində bir litr su içməlidir.

Zeytun yağı, balıq, səbzə kimi qidalar da ürəyin fəaliyyətinə yaxşı təsir göstərir.

Qəfil ölümlərin qarşısını almaq olar

Xatırladaq ki, bir müddət öncə ürək-damar xəstəlikləri üzrə tanınmış cərrah, millət vəkili Rəşad Mahmudov 10-15 min insanın xilasına aparan yol göstərərək ölkə üzrə «stend or life» proqramının icrasının vacib olduğunu demişdi. Və bildirmişdi ki, dünyanın bir çox ölkəsində bu təcrübədən uğurla istifadə edilir.

Ürək xəstəliklərinə gətirib çıxaran qan dövranı sistemi xəstəlikləri barədə danışan həkim-terapevt Şahvələd Məmmədov «Şərq»ə açıqlamasında «stend or life» proqramının məsələn, qonşu Gürcüstanda icra edildiyini söylədi:

- Xəstəliklərin növlərinə, yayılma arealına görə də şəhərlə, regionlar fərqlidir. Qan dövranı xəstəlikləri, ürək-damar xəstəlikləri böyük şəhərlərin xəstəliyi hesab olunur. Bakıda da daha çox kardioloji, ürək-damar xəstəlikləri, qan dövranı, qan təzyiqi və onkoloji xəstəliklər yayılıb. Təcili yardıma edilən müraciətlər də bunu deməyə əsas verir.

Ürək tutmaları əsasən də 40-60 yaş dövrü insanlar arasında geniş yayılıb. Dünyada təsdiqlənib ki, "stend or life” proqramından yararlanmaqla qəfil ölümlərin böyük bir hissəsinin qarşısını almaq tamamilə mümkündür. Çünki insan xərçəngdən qəfil ölmür. Qəfil ölümlərin ən birinci səbəbi ürək-damar xəstəlikləri-infarktlar və beyinə qan sızmaları, ani beyin qan dövranının pozulması - insultlardır. "Stend or life” – "yaşamaq üçün stendləmə” - həm ürək, həm beyin damarlarını bərpa etməyə imkan verir. Yəni damar tam tutulmaya getdiyi dəqiqədə xəstəni zamanında xəstəxanaya çatdıraraq iki saat ərzində damarın yolunun bərpa edilməsi lazımdır. 20 il bundan əvvəl dünyada belə bir texnologiya olmayıb. Amma artıq dünya bunu qəbul edib. 

Əsas məsələ o proqramı icra etmək yox, məhz zamanında həyata keçirməkdir. Yəni evdə proses başlandığı zaman xəstə təcili yardımla götürüləcək və xüsusi ratsiya sistemləri ilə bütün mərkəzlərə xəbər veriləcək, özü də xəstə adi bir xəstəxanaya yox, stend qoyula biləcək bir məkana aparılacaq. Üstəlik, o məkanda artıq xəstə fikirləşməyəcək ki, mən bunun ödənişini edə biləcəyəm, ya yox, bu, dövlət tərəfindən maliyyələşəcək və o insanın həyatı geri qaytarılacaq.

Bu mənada artıq müsbət nəticələri bilinən "stend or life” proqramının ölkəmizdə də qəbul olunması çox faydalı olardı. Bu proqramın ölkəmizdə qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması, ailələrinin başında qalması deməkdir.
Həkimin dediyinə görə, kəskin infarktlar zamanı təcili müdaxilə insanın tamamən normal həyata qaytarılması deməkdir: "Söhbət təkcə ölüm riskindən qurtarmaqdan deyil, xəstənin heç bir zədə almadan normal həyatına geri dönməsindən gedir. 

Biz təcili yardım sistemlərinin qeydiyyatlarına baxdığımız zaman görürük ki, reallıqda kəskin infarktla, yəni kəskin koronar sindrom dediyimiz xəstəliklə ən azı 15-20 min insan var ki, həmin dəqiqələrdə onlara müdaxilə olunmadığına görə, ya əlilə dönür, ya kəskin infarkt keçirmiş xəstə halına gəlir, ya da həyatını itirir. Deyilə bilər ki, bu, böyük bir rəqəm deyil. Amma biz hər an hər birimiz bu risklə üz-üzəyik və hər birimizin başına gələ bilər. Deməli, böyük bir rəqəmdir. Bu xəstələrin əksəriyyətini xilas etmək və həyata qaytarmaq mümkündür.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-04-20