2019-04-16 11:21:33   |   277 dəfə oxunub

Onlayn ticarət rahatlıqdır

Ölkəmizdə ticarətin bu növü 11 ildir tətbiq edilsə də, uğur qazanmayıb

Azərbaycanda onlayn ticarətə inam az olduğuna görə istifadəçilərin marağı azalır



Populyarlığın artırılması üçün maarifləndirmə tədbirlərinə, vətəndaşlara onlayn ticarətin əhəmiyyəti ilə bağlı məlumatların verilməsinə, plastik kartlardan istifadənin sayının artırılmasına ehtiyac var

Mağazalarda qiymətlərin çox yüksək olması insanları onlayn ticarətə yönləndirən əsas səbəblərdən biridir. Bir məhsulu onlayn şəkildə mağazalarda olduğundan daha sərfəli qiymətə sifariş etmək mümkündür. Lakin bu cür ticari münasibətlərə Azərbaycanda çox az rast gəlinir.
Qeyd edək ki, elektron ticarət sistemi ilk dəfə 1960-cı ildə ABŞ-da tətbiq olunub. "American Airlines” və IBM şirkətləri aviabiletlərin satışını avtomatlaşdırılmış sistem vasitəsi ilə həyata keçirib. Bu, onlayn ticarət sistemində ilk təcrübə hesab olunur.

Onlayn ticarət özündə satışı, alışı, məhsulların tanıtımını və insanlarla onların maraq dairələri arasındakı xidməti təmin edir. "Elektron ticarət haqqında” qanun Azərbaycanda 2005-ci ildə qəbul olunsa da, 2008-ci ilə kimi ölkədə internet üzərindən ödəmə sistemi mümkün olmayıb. Bu tətbiqi ilk dəfə 2008-ci il dekabrın 2-də "SilverKey Azərbaycan” şirkəti "GoldenPay” adlı onlayn ödəmə sistemi ilə həyata keçirib. Həmin tarixdən sonra ölkədə elektron ticarətin tətbiqinə başlanılıb.
Günel Natiqqızı (tələbə): "Azərbaycanın özünün yaratdığı onlayn ticarət saytları azdı. Amma son dövrlərdə aktuallaşıb demək olar. Lakin kifayət etmir. İnsanların inamı və marağı azdı. Xarici ölkələrin əksəriyyətində onlayn ticarət adi bir şeydir, demək olar ki, hamı istifadə edir. Bu, insanların rahatlığını təmin edir. Şirkətlər çoxaldılmalıdır, reklam edilməlidir, inam, etibar yaradılmalıdır. Bizdə hansısa onlayn ticarət markasının reklamını görmüsüz? Özünü doğruldan, özünü təsdiq etməyi bacaran, reklamı, təbliği güclü olan şirkətlərin olması arzuolunandır. Belə olan halda insanlar onlayn ticarətdən daha çox istifadə edərlər”.

Mövcud istifadəçilər onlayn sifarişin və ünvana çatdırılma xidmətinin olmamasından narazıdırlar:

Dürdanə Nəzərli (tələbə): "Azərbaycan vətəndaşları xarici, onlayn ticarətlə məşğul olan saytlara yönəlirlər. Bunun səbəbi isə Azərbaycanda qiymətlərin baha olmasıdır. İstifadə etdiyim onlayn ticarət şəbəkələri xarici şirkətlərə məxsusdur. Xarici olması da onu göstərir ki, Azərbaycanda internet üzərindən ticarət çox zəif inkişaf edir və əsasən, sosial media üzərindən həyata keçirilir. Bir məhsulu hər hansı sosial şəbəkədə görür və sifariş edirik, sifarişi isə metrolardan birindən gedib özümüz götürürük”.

Sahil Məmmədov (xaricdə təhsil alan tələbə): "Avropada ən çox yayılmış onlayn ticarət markası Amazondur. Lakin istifadə səviyyəsi ölkəyə görə dəyişir. Almaniya və Polşada geniş istifadə olunur. Bir az baha olsa da, sifarişi daha tez əldə etmək mümkündür və əldə olunan məhsullar da kefiyyətli olur. Azərbaycanda xaricdən sifariş olunan məhsulu əldə etmək üçün müəyyən mərhələlərdən keçmək lazım olur. Hər şey gömrük nəzarətindədir. Mütləq banka getməlisən, bank çıxarışını gömrüyə təqdim etməlisən. Daha sonra məhsulu əldə etmək mümkündür. Bu isə çətinliklər yaradır. Lakin Avropada fərqlidir. Bu cür problemlər yoxdur. Sadəcə ünvanı qeyd etməklə, sifariş olunan məshul birbaşa ünvana çatdırılır. Bu sahə inkişaf etməlidir, çünki ehtiyac var. Ticarət inkişaf etdikcə, onun sahələri də inkişaf edir. Hazırkı dövr üçünsə, ən təkmil forması, onlayn ticarətdir".


İlk istifadədən 11 il keçsə də, bu sahənin hələ də kifayət qədər inkişaf edə bilmədiyini deyən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə açıqlamasında bildirib ki, ölkəmizdə bütövlükdə onlayn ticarətin səviyyəsi aşağı olaraq qalmaqdadır: 

Ticarət onlayn yox, daha çox oflayn olaraq həyata keçirilir. Baxmayaraq ki, plastik kartların sayında artım var, onlardan istifadə edərək onlayn alış-veriş edənlərin sayında kəskin azlıq müşahidə olunur.

Ekspertin sözlərinə görə, Azərbaycanda onlayn ticarətin zəif inkişafının səbəbi ölkədə bu sahəyə marağın və əsasən də, inamın aşağı olmasıdır. Müştərilər onlayn ticarətə inanmadıqları üçün onlayn sifariş verməkdə maraqlı olmurlar. Bundan başqa, Azərbaycanda onlayn ticarətlə məşğul olan şirkətlərin sayı çox deyil: "Şirkətlərin azlığı insanların qarşısında seçim imkanlarını məhdudlaşdırır və marağı azaldır. Bəzənsə, onlayn ticarətlə məşğul olan şirkətlər öz öhdəliklərini vaxtında və tam yerinə yetirə bilmirlər. Bu da bütövlükdə xidmətə olan inamın itməsinə səbəb olur. Həmçinin vətəndaşlar əmin deyillər ki, plastik kartdan istifadə edən zaman onların məlumatları üçüncü şəxslə paylaşılmayacaq. Bu da onlayn ticarətdən istifadə edənlərin sayının azalması ilə nəticələnir".

Sosial media üzərindən facebook, instagramdan həyata keçirilən satış onlayn ticarət hesab olunur, deyən V.Bayramov sosial şəbəkələrin dünyanın hər bir yerində, xüsusən inkişaf etmiş ölkələrdə onlayn ticarət üçün istifadə olunduğunu qeyd edib: 

"Bir sıra ölkələrdə sosial şəbəkədə ticarətin tənzimlənməsi ilə bağlı xüsusi qaydalar qəbul olunub. Bu qaydalar daha çox onlayn ticarətlə məşğul olan və sosial şəbəkədən istifadə edənlərin qeydiyyata alınması və onların vergiyə cəlb edilməsi ilə bağlıdır".

Ekspertin sözlərinə görə, Azərbaycanda da vergi praktikasını tətbiq etmək yaxşı olardı:

 "Onlayn ticarətə vergi güzəştlərinin tətbiq edilməsinin tərəfdarıyıq və güman edirik ki, bu cür güzəştlərin tətbiq edilməsi onlayn ticarətə marağın artmasına gətirib çıxaracaq. Şirkətlərin sayının çox olması isə istifadəçi sayının artmasına yol açacaq. Populyarlığın artırılması üçün maarifləndirmə tədbirlərinə, vətəndaşlara onlayn ticarətin əhəmiyyəti ilə bağlı məlumatların verilməsinə, plastik kartlardan istifadənin sayının artırılmasına, kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var ki, Azərbaycanda da onlayn ticarətin inkişafı müşahidə edilsin”.

Sevda Ulutau





SON XƏBƏRLƏR

2019-06-18