2019-04-16 11:46:37   |   255 dəfə oxunub

“Azəri” adlı bir millət yoxdur

"Türkiyədə bu sözü cahilliklərindən işlədirlər"

“İstənilən bir tarixçi, dilçi 18-ci əsrdən, yəni millətlərin formalaşmasından bu yana "azəri" milləti haqqında mənbələrdən bir sitat gətirsin, mən ona tabe olum"



Azərbaycan türklərinə, ümumiyyətlə, dünyada yaşayan azərbaycanlılara "azəri”lər deyilməsi ictimaiyyətdə heç vaxt birmənalı qarşılanmayıb. Hətta buna qarşı açıq şəkildə etiraz edənlər də olub. Bəzi tarixçilərin fikrincə, "azəri” sözü sadəcə coğrafi anlam ifadə edir. Ziddiyyətli məsələni tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylı Heydər Əliyev Mərkəzində təşkil edilən "Qafqaz tarixi” adlı konfransda çıxışı zamanı yenidən gündəmə gətirib. Tarixçi bildirib ki, Qafqazda məskunlaşan xalq türkdür və "azəri” kəlməsi sonradan ortaya atılıb.

 Onun sözlərinə görə, "azəri” sözü Türkiyədə cəhalətdən dolayı istifadə edilir: "Heydər Əliyev əlaqələrimizi olduqca dəqiq müəyyən etmişdi: - Bir millət, iki dövlət. Biz bir mədəniyyətin parçasıyıq. Bu mədəniyyətin çox rəngləri var. Zəngin tarixi keçmişə sahibik. Türklər dövlətsiz yaşaya bilməz. Dövləti əl üstündə saxlamalıyıq”.

Zaman-zaman müzakirə olunan məsələni "Şərq”ə dəyərləndirən tarixçi-alim Dilavər Əzimli də deyib ki, "azəri” adlı bir millət yoxdur. Tarixçinin sözlərinə görə, "azəri” coğrafi anlamdan irəli gəlir: 

"İstənilən bir tarixçi, dilçi 18-ci əsrdən, yəni millətlərin formalaşmasından bu yana "azəri" milləti haqqında mənbələrdən bir sitat gətirsin, mən ona tabe olum. Çarizm dövründə bizə daha çox "tatar” kimi yanaşıblar. Təsəvvür edin, Rusiya ərazilərindən tutmuş Azərbaycan ərazilərinə, Orta Asiyaya qədər yaşayan əhalinin adını "tatar” qoyublar. Əslində tatarlar birmənalı şəkildə türkün adını özündə ehtiva edir. Amma "azəri”yə millət kimi yox, yalnız coğrafi anlamda yanaşmaq olar”.

D.Əzimli bəyan edib ki, azəri sözü Azərbaycanın qısaldılmış adıdır:

 "Osmanlı türkləri də, digərləri də "azəri" sözünü işlədib. Bəllidir ki, Atatürk Osmanlının çöküşündən sonra Türkiyə Cümhuriyyətini yaradanda Azərbaycanda olduğu kimi, orda da latın qrafikasına keçdilər. Uzun müqavimətlə üzləşəndən sonra Osmanlı sözünü Türkiyə ilə əvəzlədilər və Ana Yasaya saldılar. 1936-37-ci illərdəki proseslərdə isə Stalin başda olmaqla, Moskva hesab etdi ki, Azərbaycan türkü ilə Türkiyə türkünü ayırmaq lazımdır. Bu mənada "azərbaycanlı” ifadəsini işlətdilər. Rəhmətlik Seyidağa Onullahinin elmi məqaləsi var idi: "Azəri necə yarandı?” İranda 15-ə qədər kənd var ki, onları "azəri” adlandırırlar. Onların dilləri bir az fərqlidir. O əhalinin danışıqlarından məndə nümunələr var. Təsəvvür edin, onların dili fars və türk sözlərinin qarışığından ibarətdir. 

Əhməd Kəsrəvi ona verilən tapşırıq əsasında ortaya belə bir material qoydu ki, guya, burda yaşayanlar əslində irandilli olub, Səlcuqlar gələndən sonra isə bunların dilinə türk dili qarışıb. O zaman Yaqub Mahmudovun xahişi əsasında Seyidağa Onullahi buna cavab verdi. Sübut etdi ki, bu, qondarma işdir, saxta iddialarla əhalini "azəri” kimi təqdim ediblər. Həmin vaxt o İran şovinistlərinə yaxşı cavab verdi. Məqalə indi də məndə qalır”.

Alim bildirib ki, İranın Kirman adlı ərazisində "azəri” adlı tayfa yaşayır. Amma onların Azərbaycana, Azərbaycan türklərinə aidiyyəti yoxdur: "Elmi ədəbiyyatlarda məqsədli şəkildə azəri sözündən istifadə edirlər. Azər xalqı haqqında Firudin Cəlilovun da fikirləri var. Lakin bütün tarixi mənbələrdə Azərbaycanda daha çoxsaylı yaşayanların türk olması haqqında yazılıb. Millətləşmə prosesindən sonrakı mərhələdə "azəri" milləti adlı ifadəyə tarixdə rast gəlinmir”.

Tarixçi vurğulayıb ki, Türkiyədə bu təqdimat nəinki rəsmi səviyyədə işlənir, hətta elmi ədəbiyyatda da əksini tapır: "İlber Ortaylını əslində özündən çıxaran Azərbaycandan olan münasibət deyil, Türkiyənin elmi ədəbiyyatındakı bu cür yanaşma tərzidir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-20