2019-04-16 12:10:52   |   604 dəfə oxunub

"Əhməd bəy Ağaoğluna mütləq heykəl qoyulmalıdır"

Dilqəm Əhməd: "O, paytaxt Bakının erməniləşdirilməsinin qarşısını alan şəxs olub"

"Təkcə Ağaoğlu yox, onun övladları da Türkiyə tarixində mühüm iz qoyub. Buna görə də Türkiyə dövləti də onun yubileyini yüksək səviyyədə keçirməlidir"



Məlum olduğu kimi, Prezident İlham Əliyev görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edib. Eyni zamanda milli oyanış hərəkatının ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, bədii-publisistik və elmi-nəzəri irs yaradıb. İctimaiyyət nümayəndələri görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğlunun yubileyi ilə bağlı verilən qərarı yüksək dəyərləndiriblər. Onların fikrincə, bu Sərəncam Azərbaycan və Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış Ə.Ağaoğlunun həyat və yaradıcılığının daha dərindən öyrənilməsinə geniş imkanlar yaradacaq.

Araşdırmaçı-jurnalist Dilqəm Əhməd də Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı "Şərq”ə müsahibəsində sərəncama görə dövlət başçısına minnətdarlığını ifadə edib və mütəfəkkirlə bağlı planlarının olduğunu söyləyib. Məlumat üçün qısaca bildirək ki, müsahibimiz Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı zəngin materiallara, nadir sənəd və fotolara sahibdir. Dövrlə bağlı - "Fərqlilər”, "Mühacirlərin dönüşü”, "Bir ildən Yüz ilə”, "Milliyəti türk” və s. kitabların müəllifidir. Fəaliyyəti ərzində Azərbaycan tarixinə 50-yə yaxın yeni foto və tarixi sənəd qazandırıb.

- Dilqəm bəy, görkəmli ictimai-siyasi xadim, jurnalist, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illiyi ilə bağlı verilən Sərəncamını necə dəyərləndirirsiniz?

- Cənab Prezidentə bu sərəncam üçün təşəkkür edirəm. Mən şəxsən yanvar ayından etibarən sərəncamın çıxmasını gözləyirdim. Təəssüf ki, bəzən elmi qurumlar, cəmiyyətlər mühüm işləri həyata keçirmək üçün dövlətin addım atmasını, yuxarıdan qərarın verilməsini gözləyirlər. Digər tərəfdən sərəncam imzalanarkən dövlət müəyyən qədər vəsait də ayırır ki, bu da nəticədə işin görülməsinə səbəb olur. Amma sərəncam gözləmədən iş görənlər də hər zaman olur. Əhməd bəy Ağaoğlu beynəlxalq elmi konfransda iştirak edən ilk azərbaycanlıdır. Erməni və rus zülmünə qarşı azərbaycanlıları təşkilatlandıran, onların qisasını alan ilk həmyerlimizdir. Nəhəng irs qoyub. Bu baxımdan onun doğumunun 150-ci ildönümünün dövlət səviyyəsində keçirilməsi vacib idi.

- Araşdırmaçı-jurnalist və dövrü tədqiq edən şəxs kimi Əhməd bəy Ağaoğlunun vətənpərvər şəxsiyyətini, zəngin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Birinci rus inqilabı nəticəsində Çar Rusiyasında baş verən dəyişikliklərin təsiri, şübhəsiz ki, Cənubi Qafqaza da gəlib çatmışdı. Bizim ziyalılar, maarifçilər ilk ictimai-siyasi qəzetləri çap edir, Dumada təmsil olunur, açıq şəkildə mübarizə aparırdılar. Bu dövrdə ən öndə olan şəxsiyyətlərimiz Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məhəmmədəmin Rəsulzadə və başqaları idi. Amma Rəsulzadənin də haqlı olaraq dediyi kimi, Əhməd bəyin ozamankı fəaliyyəti oyanış tarixində başlıca bir dövrdür. Bütün düşmən təbliğatçıların o dövrdə ən çox vurduqları və hər cür ittihama hədəf aldıqları şəxsiyyət o idi. Nəyə görə? Çünki Əhməd bəy bu dövrdə erməni-türk qırğınına görə Peterburq qəzetlərində azərbaycanlıları ittiham edən erməni və rus müəlliflərə elə həmin qəzetlərdə məqalə yazaraq cavab verirdi. Çar Rusiyasının ali məmurlarının qarşısında ermənilərin Bakı ilə bağlı planlarını ifşa edirdi. Tarixçi Fərhad Cabbarovun bu yaxınlarda bir mühazirəsini dinlədim. Ermənilər Bakıdakı türk, müsəlman kəndlərini yox etmək üçün plan qurublar, mərkəzə yazıblar ki, müsəlmanlar "vəhşidirlər”, neft istehsalına mane olurlar, ona görə də Balaxanı, Ramana, Suraxanı, Zabrat kimi kəndlər köçürülsün. Təsəvvür edin, ermənilər neft amilini önə çəkərək Bakını tamamilə erməniləşdirmək istəyiblər. Buna isə məhz Əhməd bəy Peterburqa gedərək mane olub. Belə bir adama Bakıda heykəl qoyulmalıdır. Əhməd bəy Daşnaksütyun partiyasının azğınlaşdığını görüb onlara qarşı Difai partiyasını yaradıb. 20 fevral-6 mart 1906-cı ildə Tiflisdə Qafqaz canişini Vorontsov-Daşkovun sədrliyi altında keçirilən erməni-müsəlman barışdırıcı qurultayında Azərbaycan nümayəndələri arasında yer alıb. Əhməd bəy 1905-ci ildə Bakıda Əli bəy Hüseynzadə ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə "Həyat” qəzetini buraxmağa başlayıb. 1906-cı ildə "İrşad” qəzetini, ertəsi il eyni zamanda türkcə və rusca "Tərəqqi” qəzetlərini nəşr edib.

- Əhməd bəy Ağaoğlunun daha çox Türkiyədəki ictimai-siyasi fəaliyyəti ilə ön plana çıxır. Onun mühacirət həyatı barədə nə deyə bilərsiz?

- Çar hakimiyyətinin ciddi təqib etdiyi Əhməd bəy 1909-cu ildə İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib. Burada Parisdə oxuyarkən dostlaşdığı Əhməd Rza bəy və doktor Nazim vasitəsi ilə "İttihad və Tərəqqi” cəmiyyətinə üzv olub. Həmin il Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyyə "İttihad və Tərəqqi” klubunun rəisi olub, 2-3 il içərisində İstanbulda fransızca "Gənc Türk” və türkcə "Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru işləyib. Bu dönəmdə Ziya Gökalp, Yusif Akçuraoğlu, Məhəmmədəmin Yurdaqulla bərabər "Türk Ocağı”nı qurub. 1910-1914-cü illərdə "Xalqa doğru”, "Siratül-müstəqim”, "Türk Yurdu” kimi mətbuat orqanlarında iştirak edib. 1911-1912-ci illərdə İstanbul Universitetində "Türk mədəniyyəti tarixi” kafedrasının müdiri olub. 1915-ci ildə Afyonkarahisar millət vəkili seçilib. Həmin il "İttihad və Tərəqqi”nin Ümumi Mərkəzinin üzvü olub. 1915-ci ildə İstanbulda yaradılan "Rusiya Türk-Tatar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi üzrə Komitə”yə daxil olub. Azərbaycan Cümhuriyyətinin qurulmasından sonra Əhməd bəy Bakını işğaldan azad etməyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi Vətənə qayıdıb. Həmin ilin 7 dekabrında yaradılan Azərbaycan Parlamentinə Qarabağdan millət vəkili seçilib. Əhməd bəy 1919-cu ildə Azərbaycanın müstəqilliyinin tanıdılmasını əsas məqsəd kimi qarşısına qoyan, Əlimərdan bəy Topçubaşovun sədri olduğu Sülh Heyətinə daxil edilib. Amma ermənilərin fitnəsi nəticəsində ingilislər onu İstanbulda "ermənilərə zülm etmək, erməni qırğınına qatılmaq” ittihamı ilə suçlayıb Malta adasına sürgün ediblər. Əhməd bəy adada əsir qaldığı müddətdə xatirələri ilə yanaşı, "Üç mədəniyyət” və "Könülsüz olmaz” əsərlərini qələmə alıb. 1921-ci ildə Ankara hökuməti onu Maltadakı başqa əsirlərlə birgə ingilis əsirlərinə dəyişdirib. Bundan sonra Əhməd bəy ömrünü Cümhuriyyət Türkiyəsinə həsr edib. Atatürk hökuməti ilə isti münasibətlər quran Əhməd bəy öncə Türk Qurtuluş hərəkatına qoşularaq İrşad Heyətinin üzvü, 1921-1923-cü illərdə isə Mətbuat ümum müdiri işləyib. Daha sonra Ankara və Türkiyənin səsini dünyaya yayan yeganə yayım vasitəsi durumundakı "Hakimiyyəti-milliyyə” qəzetinin ümummüdiri və baş redaktoru olub. 5 noyabr 1925-ci ildə Mustafa Kamal Atatürk Ankara Hüquq Məktəbini açıb. Əhməd bəy bu məktəbdə hüquq fakültəsinin qurulmasında fəal iştirak edib və hüquqi-əsasiyyə professoru olub. Məktəbdə bu fənn üzrə ilk dərsi 1925-1926-cı illərdə o tədris edib. 1928-ci ildə "Türk Ocağı” Ağaoğlunun "Üç mədəniyyət” kitabını nəşr etdirib. 7 avqust 1930-cu ildə müxalif "Sərbəst Firqə” qurulub. Onun rəhbərləri içərisində Fəthi bəy və Nuri bəylə birgə Əhməd bəy də olub. Atatürkün göstərişi əsasında qurulan bu partiyadakı fəaliyyəti ilə bağlı Əhməd bəy "Sərbəst firqə xatirələri” adlı əsərini yazıb. 1933-cü ildə onun "Dövlət və fərd” kitabı çap olunub. 1933-cü ildə gündəlik "Akın” qəzetini buraxmağa başlayıb. Yəni Əhməd bəyin bu cür geniş fəaliyyəti var. O, yeganə şəxsiyyətdir ki, həm Osmanlı, həm Azərbaycan, həm də Türkiyə parlamentində millət vəkili olub.

- Maarifçilik və dövlətçilik tarixində mühüm rol oynamış Əhməd bəy Ağaoğlu irsinin dərindən araşdırılmadığı, hətta ideyalarının düzgün anlaşılmadığı deyilir. Sərəncam fonunda Ağaoğlunu daha dəqiq və geniş araşdırmaq imkanları varmı?

- Ötən əsrin əvvəllərində yetişən ziyalılarımız elə gərgin, fərqli ictimai-siyasi mühitlər görüblər ki, hər 10 ildə müəyyən fərqli düşüncələrə sahib olublar. Necə ki, Məhəmmədəmin Rəsulzadə Hümmət təşkilatı ilə fəaliyyətə başladı, amma daha sonra düşüncələri tamamilə dəyişdi. Əhməd bəyin düşüncələrində də zamanla belə dəyişiklik olub. Əvvəlcə o, qatı şiə təəssübkeşi idi, daha sonra türkçülük görüşünü mənimsədi, ömrünün sonunda isə liberal dünyagörüşün təmsilçisi oldu. Əhməd bəy haqqında yazılan tənqidlərdən biri onun Azərbaycan Cümhuriyyətini elan edən Milli Şuranı tanımamasıdır. Bunu başa düşmək olar. Çünki Əhməd bəy 10 il idi ki, Osmanlıdakı ictimai-siyasi proseslərin içində idi, ona görə də Azərbaycanı Osmanlının tərkibində görürdü. Amma buna baxmayaraq qısa zamanda Əhməd bəy düşüncələrindən vaz keçdi. Ənzəlidə Tomsonla görüşən heyətdə yer aldı, parlamentdə millət vəkili oldu, Parisə yollanacaq Sülh Heyətinin tərkibində yer aldı. Əgər Əhməd bəy Parisə gedə bilsəydi, heyətimiz daha böyük uğur qazana bilərdi.

- Hər görkəmli şəxsin yubileyi zamanı onun adının müxtəlif üsullarla əbədiləşdirilməsi məsələsi gündəmə gəlir. Ağaoğlu ilə bağlı xüsusi təklifləriniz nədir?

- Əhməd bəyə Bakıda heykəl mütləq qoyulmalıdır. O, paytaxt Bakının erməniləşdirilməsinin qarşısını alan şəxs olub. Düzdür, onun adına Bakıda küçə var. Amma etiraf edək ki, paytaxt əhalisi Əhməd bəyi yetərincə tanımır. Abidənin qoyulması Əhməd bəy Ağaoğlu şəxsiyyətinin tanınmasında, eləcə də ona olan borcumuzun ödənməsində az da olsa rol oynaya bilər.

- Tarixi şəxsiyyətlərlə bağlı maraqlı arxiv materialları, sənədlər, fotolar təqdim edirsiniz. Ə.Ağaoğlu haqqında hansısa sənəd, foto üzə çıxarmaq, xüsusi kitab hazırlamaq planınız varmı?

- Bəli, artıq bir təklif almışam. İlin sonuna qədər şəxsi arxivimdə olan, eləcə də Türkiyə arxivlərində olan sənədlər əsasında bir kitab layihəm olacaq. Hazırda isə sərəncamdan öncə "Çapar Yayınları” olaraq Əhməd bəy Ağaoğlunun "Şuşa, Peterburq və Paris xatirələri” adlı kitabını nəşr etdik. Şəhərimizdəki kitab mağazalarında var. Həmçinin Ağaoğlu sərgisi də keçirəcəyik.

- 150 illik yubileyi Türkiyə-Azərbaycan ortaq fəaliyyəti çərçivəsində həyata keçirmək mümkündürmü? Ağaoğlu Türkiyə üçün də mühüm şəxsiyyət sayılır...

- Təəssüf ki, bugünkü Türkiyədə Əhməd bəy Ağaoğlu irsi yetərincə öyrənilmir. Ufuk Özcan, Fahri Sakal kimi azsaylı tədqiqatçılar onun irsini araşdırıb. Halbuki, təkcə Ağaoğlu yox, onun övladları da Türkiyə tarixində mühüm iz qoyub. Buna görə də Türkiyə dövləti də onun yubileyini yüksək səviyyədə keçirməlidir. Hələ ilin yarısı olmayıb, ümid edirəm ki, orada da nələrsə ediləcək. Ortaq fəaliyyət şərtdir.

İsmayıl






SON XƏBƏRLƏR

2019-06-15