2019-04-16 13:52:01   |   274 dəfə oxunub

“Ərdoğanın kürəkəninin Trampla görüşü səs-küy yaratdı” – Politoloq



"Türkiyənin maliyyə naziri və Prezident Ərdoğanın kürəkəni Berat Albayrakın qəfil Vaşinqtona dəvət edilməsi və Ağ Evdə prezident Donald Trampla görüşməsi ölkədə böyük səs-küy yaradıb”.

Bunu "Sherg.az”a açıqlamasında hazırda Ankarada olan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Qardaş ölkədə yaşanan prosesləri Türkiyədən şərh edən analitik bildirib ki, Albayrakın Trampla görüşündən sonra bütün problemlər həll olmasa da, iki ölkə gərginlik mərhələsindən çıxacaq: 

"Amerikanın guya Türkiyəni Rusiyadan aldığı "S-400” raketlərinə görə "cəzalandıracağı” ilə bağlı söz-söhbətlər gəzirdi. Amma hiss olunur ki, Tramp Türkiyə ilə münasibətlərin gərginləşməsinin əleyhinədir. Səbəbi isə odur ki, Tramp ticarətçidir və böyük Türkiyə bazarını itirmək istəmir. Amerikalı hərbiçilər deyirdilər ki, əgər Türkiyə "S-400” raketlərini alarsa, Vaşinqton öz müttəfiqinə "f 35” qırıcılarını satmaqdan imtina edəcək. Bu isə Amerika üçün milyardlarla dollar itki deməkdir. Göründüyü kimi Tramp belə bir itki ilə barışmaq istəmir”.

Politoloqun sözlərinə görə, Trampın naziri qəbul etməsi həm də ondan xəbər verir ki, Türkiyənin NATO-dan çıxarılması aktual deyil:

"NATO-nun əsas dövləti Amerikadır. Əgər ölkə rəhbəri Tramp Türkiyəli naziri qəbul edərək onunla isti söhbət aparırsa, deməli bu mövzu da arxa plana keçdi. Ümumiyyətlə hiss olunur ki, Trampın Türkiyəyə münasibəti Konqresin və Pentaqonun münasibətindən əsaslı şəkildə fərqlənir. Hətta istisna etmirəm ki, bu il ərzində Tramp Türkiyəyə rəsmi səfər də etsin. Buna baxmayaraq, Ankarada söhbət etdiyim rəsmilər, diplomatlar və ekspertlər deyirlər ki, əslində Türkiyə Rusiya ilə normal münasibətlərə rəğmən, Qərblə əlaqələri də gözardı etməməlidir. Onların sözlərinə görə, Rusiya ilə əlaqələr strateji deyil, taktiki mahiyyət daşıyır. Yəni Rusiya ilə münasibətlərdə bir qədər ehtiyatlı olmaq lazımdır. Rusiyalı politoloqlar da məsələni eyni cür dəyərləndirirlər”.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Ağ Evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib. Onu öz kürəkəni Kuşner də müşayiət edib. Görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı "S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub. Nazir rəsmi Ankaranın Rusiyadan aldığı "S-400″ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-18