2019-04-16 14:03:46   |   476 dəfə oxunub

SOS: “Bıçağın sümüyə dirəndiyi bir məqamdır” – Ağıllı yanaşma

Əhməd Qəşəmoğlu:“Cəmiyyətdə gedən prosesləri elmin köməyi ilə tənzimləməliyik. Ölkəmizdə sosial sahəni gücləndirmək lazımdır”



"Qloballaşma dövründə cəmiyyət günü-gündən mürəkkəbləşir. Baş verən neqativ prosesləri tənzimləmək üçün mütləq elmi təminatdan istifadə etmək lazımdır”.

Bu sözləri "Sherg.az”a açıqlamasında 16 və 18 yaşlı gənc qızların intiharı ilə bağlı danışarkən sosioloq-alim Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, cəmiyyət gərginləşdikcə onu özbaşına qoymaq, hadisələri axarına buraxmaq təhlükəlidir:

"Gərək müəyyən sosial işlər yerinə yetirilsin. Bunun üçün də ciddi sosioloji araşdırmalar aparılmalı, tövsiyələr hazırlanmalı, qanunvericilik bazası və humanitar siyasətdə dəyişikliklər edilməlidir. Amma bunları yerinə yetirmirik. Bu günə qədər hansı məmura deyəndə ki, "gəlin sizin nazirliyin sahəsində elmin köməyindən istifadə edək”, bu zaman adama xofla baxırlar. 

Bu çox ürəkağrıdıcı bir məsələdir. Artıq 10 ildən artıqdır həyəcan təbili çalıram ki, müəyyən işlər görülməsə, cəmiyyətdə xoşagəlməz hallar çoxalacaq. Artıq çıxış yolu yoxdur. Bıçağın sümüyə dirəndiyi bir məqamdır. Mütləq elmi təminatdan istifadə etməli, cəmiyyətdə gedən prosesləri elmin köməyi ilə tənzimləməliyik. İşləri başlı-başına buraxanda daha pis hallar yaşanacaq. Ölkəmizdə sosial sahəni gücləndirmək lazımdır”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, nə qədər ki, yeni iş yerlərinin açılmasına şərait yaradılmayacaq, o zamana qədər intihar halları çox olacaq:

"Fikrimcə, bu problemin həlli üçün başqa çıxış yolu yoxdur. Cəmiyyət elə vəziyyətə gəlib ki, artıq ona savdalı münasibət göstərmək lazımdır”.

Qeyd edək ki, ötən gün bir neçə intihar hadisəsi qeydə alınıb. Bakıda 16 yaşlı qız özünü 9-cu mərtəbədən atıb. Digər hadisə isə İsmayıllı rayonunda baş verib. Yeni ailə qurmuş 18 yaşlı gənc qadın yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-18