2019-04-16 16:51:17   |   352 dəfə oxunub

“Hələ ki, Anar müəllim sədrliyi şövqlə davam etdirir…” – Müsahibə

Rəşad Məcid: “Musa Yaqubun müalicəsi ilə bağlı AYB olaraq çalışırıq. Nəsə edəcəyik”



Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, «525-ci qəzet»in baş redaktoru, yazıçı-jurnalist Rəşad Məcidin «Sherg.az»a verdiyi blits-müsahibəni təqdim edirik.

- Rəşad müəllim, Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayının vaxtı yetişib deyəsən. Vaxt təyin olunub?

- Hardasa, payızda nəzərdə tutulur. Oktyabr ayında yəqin ki, olacaq. Həm AYB-nin 85 illiyi qeyd olunacaq, həm də qurultay keçiriləcək.

- O zaman yay aylarından hazırlıqlara başlanar. Qurultay nümayəndələrinin seçilməsi, təşkilati işlər…

- Yəqin ki.

- Sədrliyə yeni namizədlər olacaq sizcə?

- Kimsə namizdəliyini irəli sürmək istəyirsə, buyursun. Hələ ki, Anar müəllim sədrliyi şövqlə davam etdirir…

- Namizədliyini hər kəs özü fərdi qaydada irəli sürə bilər?

- Fərdi qaydada da mümkündü, bir başqası da kiminsə namizədliyini irəli sürə bilər.

- Bu il də yazarlara Prezident Təqaüdü ayrılacaq?

- Cənab Prezidentin sərəncamı ilə 2007-ci ildən bu yana hər il may ayında 20 nəfər yazara Prezident təqaüdü ayrılır. Bu günədək hardasa 200-ə yaxın yazıçı, şair Prezident təqaüdü alıb. Təkcə gənclər deyil, yaşlı yazıçalara da təqaüd ayrılır. Bu ilin siyahısı artıq hazırdı, təqdim olunub. Yenə də 20 nəfər.

- Maraqlıdı ki, siyahı söhbəti ortaya gəldimi, yazarlar məhz sizə təşəkkür edirlər. Sosial şəbəkədə «sağ olun, Rəşad müəllim», yazırlar… Siyahını siz tərtib edirsiniz?

- AYB-nin gənclərlə iş üzrə katib olduğum üçün, bəli, siyahını mən tərtib edirəm. Amma şərtlər var da. AYB-yə üzvlük, «Gənc ədiblər» məktəbində iştirak… Dəfələrlə demişəm ki, mən yalnız icraçıyam. Birliyin sədri Anardı. Siyahıya sədr də baxır, müzakirə olunur. Bundan da ötəsi, təqaüdü verən Prezidentdir. Təkcə gənc yazarlara ayrılmır ki, Prezident təqaüdü. Gənc bəstəkarlara da verilir. Amma nəsə bizimkilər həmişə «irəli düşür». Əmr imzalanmamış hay-küy salırlar. Demişəm, hay-küy salmayın. Təşəkkür etmək istəyirsinizsə, Prezidentə təşəkkür edin. Biz siyahını tərtib edirik, namizədlər irəli sürürük, amma siyahını Mədəniyyət Nazirliyi təsdiqləyir. 12 ildir proses eyni qayda ilə davam edir.

- Rəşad müəllim, heç bir alt məqsədə söykənmədən bir sual da verim…

- Buyur, nə soruşursan, soruş…

- Musa müəllimin müalicə məsələsi nə yerdə qaldı?

- Musa Yaqubla bağlı bəyanat yayıldı. Halbuki Musa müəllim deyir, heç kimə müraciət etməyib, heç kimə iradı da yoxdu. Müalicəsinə gəlincə, Yazıçılar Birliyi olaraq çalışırıq. Nəsə edəcəyik.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-24