2019-04-18 11:59:17   |   525 dəfə oxunub

İlber Ortaylı tənqid hədəfində...

Məşhur professorun “Qafqaz tarixi” mühazirəsini qəbul etməyənlər var



Ötən gün Heydər Əliyev Mərkəzində tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylının "Qafqaz tarixi” mövzusunda mühazirəsi keçirilib. Professor Avropa qitəsinin mühüm regionu olan Qafqaz ərazisində qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, eləcə də müxtəlif dövrlərdə əraziyə pənah gətirmiş, köçürülmüş tayfalar, etnik qruplar haqqında məlumat verib. Eramızdan əvvəl mövcud olmuş Urartu dövlətinə dair erməni iddialarına qarşı tutarlı faktlarını diqqətə çatdırıb. Mühazirəçi bildirib ki, istər Azərbaycan, istər Türkiyə ərazisində müxtəlif vaxtlarda həm sığınacaq axtaran xalqlar, həm də işğalçı dövlətlərin ərazisindən gələn xalqların nümayəndələri məskunlaşıb. Hər iki ölkədə özəlliyini qoruyub saxlamış etnik qruplara rast gəlmək mümkündür. Ermənilər isə Qafqaza əsasən XVIII-XIX əsrlərdə köçürülüb.

Məlumat üçün deyək ki, İlber Ortaylı Ankara Universitetinin siyasi biliklər fakültəsini və dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. Vyana, Berlin, Paris, Prinston, Moskva, Roma, Sofiya, Kembric, Oksford və Tunis universitetlərində dərs deyib, seminarlar aparıb. Türkiyənin bir sıra televiziya kanallarında müxtəlif proqramlar hazırlayıb. Bir çox elmi məqalələrin müəllifidir. Araşdırdığı tarixi dövr Osmanlının XVI-XIX əsrlərini əhatə edir.

Hocanın mühazirəsi tənqidlərə tuş gəlib...

İlber Ortaylının Bakıda oxuduğu mühazirəni Türkiyənin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, tələbələr, ictimaiyyət nümayəndələri dinləyiblər. Türkiyəli professor tədbir iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb. Lakin professorun konfransdakı çıxışı və suallara verdiyi cavablar iştirakçılar tərəfindən birmənalı qarşılanmayıb. Hətta ciddi tənqidlərə də tuş gəlib. Mühazirə ilə bağlı fikirlərini feysbukda bəyan edənlər Osmanlı dövrünü araşdıran tarixçi-alimin Qafqaz bölgəsi ilə bağlı bilgilərini yetərli hesab etməyiblər. Təşkilatçıları günahlandıran elm adamları konfransın daha yaxşı təşkil oluna biləcəyini vurğulayaraq qüsurları qeyd ediblər.

"Qafqazdan daha çox dünya tarixindən sistemsiz bilgilər verildi...”

Millət vəkili Fazil Mustafa feysbuk profilində yazıb ki, o, bilgilərini artırmaq məqsədi ilə məşhur tarixçi İlber Ortaylının konfransına qatılıb. Deputat öncə tədbirin müsbət tərəflərini qeyd edib: 

"İnsanlar əylənmək üçün deyil, bilgi almaq üçün bazar günü dəyərli vaxtlarını sərf edərək mərkəzə gəlmişdilər. Qardaş Türkiyədən bir müğənni deyil, elm adamı gəlmişdi və çoxluğu gənclərdən ibarət olan auditoriya ilə canlı təmas qururdu. Ancaq tədbirin çatışmayan tərəfləri də var idi. Mövzu konkret deyildi və məruzəçi konkret istiqamətlərdə deyil, özünün ümumi dünyagörüşünə əsaslanaraq əslində Qafqaz tarixindən daha çox dünya tarixindən sistemsiz bilgilər verirdi. Yenilikçi yanaşma yox idi. Yaxşı olardı ki, tədbiri təşkil edənlər ümumi Qafqaz tarixi mövzusu əvəzinə "Osmanlı Dövlətinin Qafqazı Rusiyaya tərk etməsinin səbəbləri” mövzusunda mühazirə mövzusu müəyyən edərdilər. İlber hoca da bilmədiyimiz arxiv bəlgələrinə dayalı maraqlı çıxış edərdi”. F.Mustafa auditoriyadan mikrofonda sıra tutan gənclərin sualları mahiyyət üzrə vermədiklərini də vurğulayıb: "Səfəvilər dövlətinə nə zaman İran dövləti deyilməyəcək, yaxud dilimizi niyə türk yazmırıq və ya Tur Heyerdal deyib ki, norveçlilər Qafqazdan gedib və s. kimi ənənəvi populist suallar hesab edirəm ki, professorun düşüncələrinin açılışına imkan yaratmadı. Bu cür mühazirə formatındakı tədbirlərdə sual daha çox alimin hansısa elmi mülahizələrinin izahına, təsdiqinə və ya təkzibinə yönəlsəydi, daha məntiqli olardı. Bütün hallarda bu ənənənin davam etməsi çox yaxşıdır, insanlarımız ən azı vaxtlarını Türkiyəmizdən gəlmiş bir dəyərli elm adamını dinləməklə keçirdilər”.

"Xarizmatik qarşılananda özünəvurğunluq mübtəlası başlayır”

"Türküstan” qəzetinin baş redaktoru, "Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal isə müəyyən mərhələdən sonra bəzi alimlərdə özünəvurğunluq yarandığını yazıb:

 "Bütün sahələrdə olduğu kimi elm sahəsində də insanlar bəlli bir mərtəbəyə yüksələndə, xüsusən xarizmatik qarşılananda bir çox hallarda özünəvurğunluq mübtəlası başlayır. Bu zaman elm arxa plana keçir, şablonçuluq, populizm, subyektiv fikrin diktəsi baş qaldırır. Və bir özünə əminlik də yaranır ki, "mən deyirəmsə, qəbul olunacaq". Amma tarix saysız mənbələrdən formalaşır”.

Tanınmış araşdırmaçı-jurnalist Xaqani Səfəroğlu professor İlber Ortaylının Urartudan tutmuş Qafqazdakı qədim xalqların tarixinə qədər hər şeydən danışmasını bir az təəccüblü qarşılayıb: 

"Professor Ortaylının uzman olduğu sahə Osmanlı imperiyasının 16-19-cu əsrlər üzrə tarixidir. Bu sahədə onun maraqlı elmi axtarışları var. Doktorluq işi "Tanzimat Sonrası Mahalli idarələr" adlanır. Digər elmi işi "Osmanlı İmperiyasında alman nüfuzu" adlanır. Ötən illər ərzində yerli və xarici elmi dərgilərdə professorun Osmanlı tarixi və rus tarixi ilə bağlı məqalələri dərc edilib. Onun Qafqazın qədim tarixi ilə bağlı yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bu sahədə hansısa elmi axtarışlar aparmayıb. Bəs nə üçün hörmətli professor bu sahə üzrə təqdim olunur? "Popular history” janrında danışmaq tarix deyil axı. Tarix fakültəsinin məzunu kimi mənə bir az aydın olmadı”.

"Azərbaycan və Türkiyənin ortaq fəaliyyəti təqdirəlayiqdir və zəruridir...”

Hər şeyə rəğmən, hörmətli professorun mühazirəsini müsbət dəyərləndirənlər də var. Məsələn, millət vəkili, tarixçi-alim Fəzail İbrahimli "Şərq”ə açıqlamasında belə konfransların faydalı olduğunu bildirib. Deputat vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında ideoloji müharibə gedir: 

"Bu müharibədə üstünlük əldə edilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə kifayət qədər rəvac verə biləcək məsələdir. İdeoloji savaş toplumu baş vermiş reallıqlara inandırmağa çalışmaqdır. Əgər bizi bunu bacarırıqsa, deməli, ideoloji işimiz müsbət nəticə verməkdədir. Ermənilərin torpaq iddiaları, türklərə qarşı soyqırımı həyata keçirməsi, onların Qafqazda aborigen xalq olmaması kifayət qədər diqqət çəkən və geniş müzakirə olunan məsələlərdir. Ermənilərin dərdi təkcə Qarabağ deyil ki, düşmən Qars, Ərdahan və Batumu da öz "yurd”ları hesab edirlər. Ona görə də bu məsələdə Azərbaycan və Türkiyənin ortaq fəaliyyəti təqdirəlayiqdir və zəruridir. Vahid mövqedən çıxış etməliyik. Konfrans da məhz bu məqsədi güdür. İndi konfransda hansısa narazılıqlar olub, verilən suallara cavab verilib, yaxud verilməyib, onlar başqa məsələdir, hərənin öz fikri var. Əsas odur ki, bu tipli konfranslar vacibdir”.

"Belə konfransları diskusiya şəklində keçirmək daha düzgün olardı...”

Tarixçi-alim, antropoloq Kərəm Məmmədov da "Şərq”ə bildirib ki, bu cür elmi konfransların keçirilməsi müsbət haldır. Çünki ən azından fikir mübadiləsi aparılır: 

"Ancaq belə konfransları diskusiya şəklində keçirmək daha düzgün olardı. Mən dəfələrlə Türkiyədə olmuşam. İnanın, türk qardaşlarımıza inandıra bilməmişəm ki, tarixdə ilk müsəlman türk dövləti Azərbaycanda yaranıb. Adı da Sacilər dövləti olub. Türkiyəli tarixçilər daha çox Osmanlı doktrinasından yanaşırlar və deyirlər ki, ilk olaraq uzaq Orta Asiyada Qaraxanlı dövləti yaranıb. Yəni "qulağımızın dibində” mövcud olmuş türk dövlətini tanımaq istəmirlər. Düzdür, İlber Ortaylı Osmanlı tarixi üzrə mütəxəssisdir. Amma onun Qafqaz haqqında bilgiləri olmamış deyil. Qafqaz elə bir regiondur ki, buranı araşdırmaq üçün təkcə yazılı qaynaqlar kifayət etmir. Mütləq Qafqazın etnoqrafiyası, arxeologiyası, antropologiyası haqda geniş məlumata sahib olmaq lazımdır. Antropologiya isə yeganə vasitədir ki, ermənilərin Qafqaza gəlmə olduğunu kökündən sübut edir. Ermənilərin buna etiraz etməyə sözləri qalmır”.

İsmayıl








SON XƏBƏRLƏR

2019-05-24