2019-04-18 12:54:54   |   397 dəfə oxunub

"Əməlimizə haqq qazandırmıram"

Rəşad İlyasov: "Tamaşaçılarımdan, bizi izləyən ana-bacılardan üzr istəyirəm ki, belə bir xoşagəlməz anların şahidi oldular"



Bir müddət əvvəl Space TV kanalında müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun efir zamanı qeyri-etik ifadələr işlətməsi ictimai qınağa səbəb oldu. Məlum hadisə ilə bağlı MTRŞ, eyni zamanda AzTV-nin rəhbərliyi, AzTV-nin Bədii Şurası lazımi ölçülər götürdü.

Əməkdar artist Rəşad İlyasovun AzTV-də yayımlanan "Yaradanlar və yaşadanlar" adlı proqramının yayımı dayandırılıb. Müğənniyə 6 ay ərzində aparıcı kimi efirə çıxa bilmək məhdudiyyəti qoyulub.

Rəşad İlyasovla əlaqə yaratdıq. O, «Şərq»ə danışdı: "Əslində bu barədə danışmaq istəmirəm. Çünki danışmağa sözüm yoxdu.

 Hər şey göz qabağındadı. İnanın səmimiyyətimə, açıqlama verməyə utanıram. Hərəkətimizə haqq qazandıra bilmərəm. Təbii ki, bu olmamalı idi. Özümü pis hiss edirəm. Düzdür, sənət dostlarım dəstək oldular, çalışdılar mənən yanımda olsunlar. Amma yenə də bu barədə danışmaq mənə xəcalət verir. Çünki illərdir professional səhnədəyəm, el arasındayam, indiyə qədər bir nəfər deyə bilməz ki, kiməsə qarşı hörmətsizlik nümayiş etdirmişəm. 

Amma bəzən həyatda nələrisə sığortalamaq olmur. İstənilən halda yaxşı olmadı. Əməlimizə haqq qazandırmıram, sadəcə dostlar arasında olan zarafat çıxdı ictimaiyyət içərisinə. Bu məni təsirləndirir. Bir az da səsi qaldırıb, üzərində işlədilər, yaydılar. Mən tamaşaçılarımdan üzr istəyirəm, bizi izləyən ana-bacılardan üzr istəyirəm ki, belə bir xoşagəlməz anların şahidi oldular. MTRŞ açıqlama yaydı, nə deyim? 

Gərək olmayaydı. Xalqı söymədim, tamaşaçını təhqir etmədim. İfaçılar var bir-birinə hər sözü deyir, "düdtlə” verirsiz. 27 ildir səhnədəyəm, İlhamə Quliyeva, Zeynəb Xanlarova ilə işləmişəm. Ailə tərbiyəm yol verməzdi buna. Rüfətlə, aparıcı Anarla dostuq. Zarafat etdik, efirə getdi”. 

Rəşad mikrofonu açdırma məsələsinə toxunub: "Məni günahlandırmasınlar, ondan əvvəl oxuyanda mikrofon açıq idi. Orda dedim bağlayın. Mən də nəsibimi, iradımı aldım. Ən böyük nəsib vicdandır. Vicdanım sızladı. Olmamalı idi. Böyüyə-kiçiyə, tanımadığıma belə "sən” demirəm. Bunu demək bir ayıb, yaymaq min ayıb. Rüfətlə aramız yaxşıdır. Dostlar dar gündə tanınır”.

Maraqlandıq ki, AzTV-də verilişə aparıcı kimi çıxmaq üçün 6 ay qadağada olacaq. Bəs 6 aydan sonra Rəşad efirdə aparıcı olaraq fəaliyyətini davam etdirməyi nəzərdə tutubmu? Müğənni sualımıza cavab verərək bildirdi ki, bu barədə danışmaq hələ çox tezdi. Hər şey zamanla görünəcək. İnşallah deyək. İndidən nəsə deyib hadisələri qabaqlamaq istəmirəm. Yəqin ki, zamana ehtiyac var».


Tahirə





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25