2019-04-18 17:51:46   |   419 dəfə oxunub

“Növbəti seçkilər AKP üçün çətin olacaq” - PROQNOZ

Sədrəddin Soltan: “Çünki İstanbul və Ankara şəhərlərini CHP-nin qazanması müxalifətin gücləndiyinin göstərcisi sayıla bilər”


"Seçkilər azad, şəffaf və ədalətli keçiriləndə demokratiya qalib gəlir. Bunu martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərinə də şamil etmək olar”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Analitik bildirib ki, bütün ziddiyyətlər küçələrə çıxmadan, vətəndaş qarşıdurması yaradılmadan, polislərlə dinc etirazçılar arasında toqquşma olmadan qanunun aliliyi çərçivəsində öz həllini tapdı: 


"Bunu həm də Türkiyədə demokratik prinsiplərin oturuşduğunun göstəricisi saymaq olar. İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədlərə verilən səslərin və etibarsız bülletenlərin sayılması bunu bir daha təsdiqlədi. Son seçkilər və Əkrəm İmamoğlu Türkiyə tarixində xüsusi olaraq qeyd ediləcək”.

Siyasi şərhçinin sözlərinə görə, bu bələdiyyə seçkiləri hakim siyasi elitaya, müxalifətə, Türkiyəni sevən və sevməyənlərə bir sıra ismarıclar verdi:

 "Hakim partiyanın İstanbul şəhərini uduzması 2023-cü ildə keçiriləcək parlament və prezident seçkiləri üçün ciddi siqnaldır. Bu o deməkdir ki, ölkənin siyasi cəhətdən ən fəal şəhərinin seçiciləri mövcud hakimiyyətə müxalif mövqedədir.

Çünki İstanbul dünyanın gözü sayılan şəhərlərdən bir olmaqla yanaşı, həm də Türkiyənin siyasi səhnəsinin mənzərəsi və təyinedicisidir. Son 5 ildə müxalifətin qazandığı səslər onların daha çox yerində sayan olması təsirini bağışlayırdı. Ancaq İstanbul, Ankar şəhərlərini CHP-nin qazanması müxalifətin gücləndiyinin göstərcisi sayıla bilər. Bu həm də ölkə siyasətinə yeni və gənc qüvvələrin gəldiyindən xəbər verir. Odur ki, növbəti seçkilərin hakim partiyaya daha çətin olacağını da ehtimal etmək mümkündür”.

S.Soltanın fikrincə, nəhayət Türkiyənin dostları baş verənlərdən sevindi:

 "Çünki bir daha sübut edildi ki, ölkədə avtoritar və hərbi rejimlərin yaranması mümkün deyil. O da sübut olundu ki, hakim siyasi qüvvə demokratik prinsiplərə sadiqdir.

Düşmənləri onu aşağılamq üçün Türkiyədə demokratiyanın məhv olacağını və bununla da ona hücum etmək üçün əllərinə bəhanə düşəcəyini gözləyirdilər. Bu dəfə də Cümhuriyyətin siyasi elitası onları sevindirmədi. Eyni zamanda seçkilər müsəlman ölkəsində demokratiyanın təntənəsi kimi də yadda qaldı. Türkiyə bütün müsəlmanlar və bir çox göstəricilərinə görə Qərbə yaxşı örnək ola biləcək siyasi prosesi uğurla başa vurdu. Bununla da cəmiyyətdə demokratiya bir az da dərinləşdi”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18