2019-04-18 18:56:57   |   349 dəfə oxunub

Türkiyə S-400-lərdən imtina edə bilərmi ? – Dilemma

"Hesab edirəm ki, rəsmi Ankaranın “S-400 sevdası”ndan imtina edib-etməyəcəyi ABŞ və Qərbin Türkiyəyə qarşı hansı səviyyədə maliyyə-iqtisadi alətlərdən yararlanacağı ilə birbaşa əlaqəlidir"



"NATO-nun üzvü olan Türkiyənin Rusiyadan S -400 raketləri almaq niyyətinin ABŞ və Qərb tərəfindən qıcıqla və narahatlıqla qarşılanması tamamilə təbii haldır”.

Bunu "Sherg.az” açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Ekspert bildirib ki, Türkiyə NATO-nun ən önəmli üzvlərindən biridir. Qardaş ölkənin ordusu Alyans üzvü olan ölkələr arasında öz gücü və potensilına görə ikinci sıradadır:

"Belə bir güclü ordusu olan dövlətin Rusiyaya meyllənməsi NATO rəhbərliyində istər-istəməz narahatlıq doğurmalıdır. Birincisi, NATO, o cümlədən, ABŞ Türkiyə kimi önəmli dövlətin Rusiya ilə müttəfiqliyin əsasını qoya biləcək bir səviyyədə əməkdaşlığa həvəs göstərməsini onun yaxın gələcəkdə itirilmə təhlükəsi kimi dəyərləndirir. 

Təbii ki, Türkiyənin itirilməsi NATO-nun zəifləməsinə yol aça bilər. Buna paralel olaraq, Türkiyənin Rusiya ilə eyni cinahda yer alma ehtimalı əks qütbün - antiqərb cinahının güclənmə təhlükəsini də doğurur. Bu, baş verərsə, Rusiya beynəlxalq siyasət məkanında daha da güclənərək, ABŞ və Qərbin maraqlarına qarşı meydan oxumaq imkanlarını maksimum səviyyədə artıqmaq şansı qazanar”.

Analitikin sözlərinə görə, Türkiyənin Rusiyadan S-400 raketləri alması Alyans üzvlərinin silahlandırılması ilə bağlı mövcud sistemi sarsıda bilər: 

"Çünki NATO ölkələrinin hərbi potensialının formalaşdırılması və hərbi ticarət məsələləri ilə bağlı xüsusi qaydalar var. Türkiyə Rusiyadan S-400 raketləri alarsa, bu sistem və qaydalar pozulmuş olacaq. Üstəlik, gələcəkdə bəzi NATO ölkələri Türkiyə örnəyini təkrarlaya bilər. Nəzərə almaq lazmdır ki, NATO-ya üzvü olsalar da, bu alyansın mövcudluğundan və fəaliyyətindən ciddi şəkildə narazı olan ölkələr var.

Nəhayət, Türkiyənin S-400 raketləri alması beynəlxalq silah bazarının ağırlıq mərkəzini Rusiyaya doğru meylləndirə bilər. Hərbi Alyansa üzv ölkələrin ordularında istifadə olunan silah növləri onların Rusiya istehsalı olan analoqlarından qat-qat bahadır. Amma Rusiya silahları nisbətən ucuz olsa da, NATO silahlarından o qədər də geri qalmır. Bu amil Rusiyanı beynəlxalq silah bazarının əsas oyunçusuna çevirə bilər. Bu halda Rusiyanın külli miqdarda maliyyə vəsaiti qazanmaqla, daha da güclənməsi qaçılmaz olacaq. ABŞ və Qərb isə bunu özü üçün az qala "fəlakət ssenarisi” kimi dəyərləndirir”.

E.Xalidbəyli vurğulayıb ki, bütün bunları nəzərə aldıqda, Ağ Evin Rusiyadan S-400 raketləri almaq niyyətindən imtina etməməsi üçün Türkiyəyə təzyiq göstərməsi qətiyyən gözlənilməz xarakter daşımır: 

"Amma ABŞ-ın Türkiyəni F-35 qırıcılarını satmamaqla təhdid etməsi rəsmi Ankara üçün elə də ciddi təhlükə mənbəyi deyil. Çünki Ankara ABŞ-ın F-35 qırıcılarını satmayacağı təqdirdə, Türkiyənin Rusiyadan hərbi təyyarələr ala biləcəyini bəyan etməklə, bu təhdiddən qorxmadığını artıq sezdirib. Bununla belə, rəsmi Ankaranı S-400 raketlərini almaqdan imtina etdirmək üçün mexanizm də olmamış deyil. Belə ki, ABŞ və Qərb Türkiyəyə qarşı maliyyə-iqtisadi təzyiqlərə başlayarsa, situasiya nisbətən dəyişə bilər. Hətta Ağ Evə yaxın siyasi dairələr Türkiyə iqtisadiyyatını tamamilə çökdürə biləcək addımların atılmasının mümkün olduğuna bir neçə dəfə eyham vurublar. Ankaranı ciddi şəkildə narahat edən əsas məqam da bununla bağlıdır.

Ona görə də hesab edirəm ki, rəsmi Ankaranın "S-400 sevdası”ndan imtina edib-etməyəcəyi ABŞ və Qərbin Türkiyəyə qarşı hansı səviyyədə maliyyə-iqtisadi alətlərdən yararlanacağı ilə birbaşa əlaqəlidir. Əgər, ABŞ və Qərb "rahib Branson böhranı” örnəyində olduğu kimi, maliyyə-iqtisadi təzyiq alətlərindən qəddarcasına istifadə edərsə, Türkiyə Rusiyadan S-400 raketlərinin alınması niyyətindən imtina etmək məcburiyyətində qala bilər”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18