2019-04-19 17:41:23   |   248 dəfə oxunub

“İsmayıl Şıxlı – 100” - Xalq yazıçısının yubleyi ilə bağlı tədbirdə kitab və elektron baza təqdim olundu



Azərbaycan Milli Kitabxanasında ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə "İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının və "İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının təqdimatları olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb. Azərbaycan ədəbiyyatında öz dəstixətti ilə seçilən İsmayıl Şıxlının əsərləri bütün zamanlarda öz aktuallığı ilə seçilir. Bildirilib ki, Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi "İsmayıl Şıxlı” biblioqrafik vəsaiti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilib. Biblioqrafiyada yazıçının həyat və yaradıcılığına aid zəngin materiallar toplanıb. Diqqətə çatdırılıb ki, "İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı və "İsmayıl Şıxlı – 100” elektron məlumat bazası görkəmli yazıçının gələcək nəsillərə daha yaxından tanınması baxımından olduqca əhəmiyyətlidir.

Akademik Nizami Cəfərov bildirib ki, Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığını ulu öndər Heydər Əliyevə hər zaman yüksək qiymətləndirib.
Akademik deyib ki, İsmayıl Şıxlı ən az yazan yazıçılardan olsa da, daha çox yadda qalan, sevilən qələm adamlarındandır.

Tədbirdə iştirak edən Xalq şairi Nəriman Həsənzadə, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru Buludxan Xəlilov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun professor Məti Osmanoğlu, "Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqaları çıxış edərək, İsmayıl Şıxlı şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bildiriblər.

Tədbirdə İsmayıl Şıxlının "Cəbhə gündəlikləri”, "Ayrılan yollar” "Ölən dünyam”, "Dəli Kür” romanları kimi sanballı əsərlərindən danışılıb. Yazıçının bir çox ədəbi qəhrəmanlarının təhlili verilib, "Dəli Kür” romanının ictimai şüurda dönüşə və özünüdərkə yol açdığı qeyd edilib. İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyi, folklor xəzinəsindən bəhrələndiyi, yaratdığı əsərlərdə dərin fəlsəfi məna olduğu vurğulanıb. İsmayıl Şıxlı nəsri üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili-psixoloji aləmin zənginliyi və əlvanlığı baxımdan dəyərləndirilib. 

Qeyd edilib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir, onun bənzərsiz yaradıcılığı yenidən tədqiq edilir.
"İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı və "İsmayıl Şıxlı – 100” elektron məlumat bazasını yazıçının 100 illiyinə sanballı töhfə kimi dəyərləndirən natiqlər bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Sonda İsmayıl Şıxlının ailəsi adından oğlu, tanınmış journalist Elçın Şıxlınski tərbirin təşkilatçılarına, kitab və electron bazanın yaradılmasında əməyi keçən şəxslərə təşəkkürünü bildirib.










SON XƏBƏRLƏR

2019-05-20