2019-04-20 15:48:17   |   337 dəfə oxunub

Ərdoğan qollarını çırmaladı

Seçkidən sonra AKP-nin daxilində təmizləmə işlərinin aparılması doğru qərardır

Analitikin fikrincə, İstanbul, Ankara və Antalya kimi böyük şəhərlərdə məğlubiyyətin bir neçə səbəbləri olub



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP rəhbərliyi ilə görüşərək 31 mart seçkilərindən sonra 81 mahalda qeydə alınan nəticələri müzakirə edib. Ərdoğan seçki prosesində uğursuz olan, namizədlərlə münasibətləri pisləşən və xüsusən partiyadaxili münaqişələrə səbəb olan təşkilat rəhbərləri ilə yolları ayırmaq qərarına gəlib. Partiyanın bəzi mahal və qəsəbə sədrlərinin vəzifələrinə son verilib.

İzmirdə mahal sədrinin istefası ilə başlayan proses ötən gün seçkidə MHP-nin qalib gəldiyi Çankırı və Qaramanla davam edib. Ankara və İstanbul mahal təşkilatları ilə bağlı qərarı da şəxsən Ərdoğanın verəcəyi bildirilib. Bununla yanaşı, Prezident seçki prosesində baş verən nöqsanlarla bağlı bütün məsuliyyətin təşkilatlarda görülməsini düzgün hesab etməyib və bəzi namizədlərlə bağlı da problemlərin olduğunu söyləyib: "Bəzi yerlərdə namizədlərlə bağlı çətinliklərimiz, səhv etdiklərimiz oldu”.

AKP-də başlamış təmizləmə və yenilənmə prosesini "Şərq”ə dəyərləndirən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Ankara ilə bağlı namizəd seçimi səhv idi: 

"Bu haqda seçkidən əvvəl də söyləmişdim. AKP-nin İzmirdəki namizədi Ankarada olsaydı, mütləq qalib gələrdi. Son böyük layihələr Ankarada həyata keçirilib. Məntiqlə Ankarada hakim qüvvənin namizədi qalib olmalı idi, amma olmadı. Çünki namizədin xarizması kifayət etmədi. Ərdoğan da ona kömək edə bilmədi. Ankaranı məhz səhv namizəd seçimi uduzdurdu. İstanbulu isə seçki qərargahı məğlubiyyətə uğratdı. Ərdoğan çıxışlarından birində söyləmişdi ki, AKP-də dəmir yorğunluğu var. Təəssüf ki, prezident bu proqnozunda haqlı çıxdı. Seçkilərdən sonra partiyadaxili təmizləmə işlərinin aparılması doğru qərardır. İrəlidə seçkisiz 4 il var, görüləsi işlər çoxdur”.

Analitikin fikrincə, İstanbul, Ankara və Antalya kimi böyük şəhərlərdə məğlubiyyətin digər əsas səbəbi ABŞ-ın Türkiyəyə qarşı apardığı iqtisadi müharibə oldu:

 "Lirənin dollarla müqayisədə mövqelərini itirməsi öz sözünü dedi və rahat həyat sevən şəhər sakinlərinin bir hissəsi bu dəfə hakim partiyaya səslərini vermədilər. Lakin düşünürəm ki, gələn seçkilərdə Ankara və İstanbul yenidən AKP-də olacaq. Seçkinin taleyini həll edən digər səbəblərdən biri isə İstanbulda Səadətin yığdığı 1 faizlik səsin CHP-nin qələbəsinə yaraması oldu. Ankarada CHP-ni HDP-nin həlledici səsləri qalib etdi. 

Buna rəğmən "Cümhur İttifaqı” ölkə boyu 50 faizlik barajı keçərək seçkilərin mütləq qalibi oldu. Ən əsası isə HDP-PKK birliyi tarixində ən az səs yığdı. Bu seçkilərdə kürd vətəndaşlar terror təşkilatının deyil, dövlətin yanında olduqlarını göstərdilər. Bunun səbəbi hakim partiyanın ölkənin Anadolunun cənub-şərqində apardığı uğurlu siyasi-iqtisadi gedişlər oldu”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-22