2019-04-20 20:56:13   |   148 dəfə oxunub

“Azərbaycanın artan nüfuzu anti- Azərbaycançı şəbəkələri əndişələndirir”




"Azərbaycan öz təbii sərvətlərindən, neft-qaz potensialından ölkənin inkişaf etdirilməsi ilə bərabər, əsas problem sayılan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də istifadə edir. Böyük dövlətlərdə Azərbaycanın bu addımına qarşı erməni diasporu qoyulur, paralellik aparılır”.

Bu barədə "Sherg.az”a millət vəkili Tahir Kərimli bildirib.

Deputat qeyd edib ki, Azərbaycan öz sərvətlərindən ağıllı şəkildə istifadə edir, ölkəni inkişaf etdirir, beynəlxalq aləmə müstəqil siyasət yürüdən ölkə kimi inteqrasiya olunur, qarşılıqlı maraqlara söykənən münasibətlər qurur:

"Azərbaycan heç bir dövlətin "vassalı” olmaq, hansısa dövlətdən asılı qalmaq istəmir. Təbii ki, bu siyasət dünyaya, dövlətlərə ağalıq etmək, onları idarə etmək niyyətində olan güclərin maraqlarına uyğun gəlmir. Belə olan halda, Azərbaycana qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır, ölkəmizə qarşı əsassız iddialar, ittihamlar irəli sürülür. 

Dövlət başçısının ən yüksək tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdırması, hətta indiki Ermənistanın da qədim Azərbaycan torpaqları olduğunu bildirməsi də müəyyən dairələr tərəfindən narahatlıqla qarşılanır. Böyük güclər, bəlkə də, bu reallığı bilirdilər. Ancaq heç kəs bu həqiqətləri açıq müstəvidə eşitmək istəmirdi. Azərbaycan prezidentinin qətiyyətli çıxışları tarixi həqiqətlərin hər kəs tərəfindən eşidilməsinə səbəb oldu. Böyük güclərin Ermənistanın timsalında Qafqazda xristian anklavı yaratmaq, müxtəlif vasitələrlə onu böyütmək, gücləndirmək, bununla da bütövlükdə regionu nəzarətdə saxlamaq istəyi Azərbaycan tərəfdən sərt təpki ilə qarşılanır. 

Ona görə də Ermənistanın himayədarına çevrilənlər, yaxud bu dövləti özlərinin forpostu sayanlar Azərbaycana qarşı kampaniyalara, qərəzli siyasətə start verir, hadisələrə münasibətdə ikili standartlardan çıxış edirlər. 

Əgər bu gözdənsalma kampaniyası beynəlxalq aləmdə erməni lobbisi, diasporu və onların təsir altında olan təşkilatlar vasitəsilə həyata keçirilirsə, ölkə daxilində isə bu işi "5-cı kolon” funksiyasını yerinə yetirənlər görür. 

Hətta İraq, Suriya, Liviyada baş verənləri Azərbaycanda da təkrarlamaq istəyirlər. Amma bütün bu təhdidlərə baxmayaraq, Azərbaycan öz yolu ilə uğurla addımlayır, təsirlərin qarşısında duruş gətirir, müstəqil siyasət yürüdür. Hesab edirəm ki, Azərbaycana olan hücumların mərkəzində məhz bu amillər dayanır. Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi anti- Azərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları narahat edir”.

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə dostları olmaqla yanaşı, bizi istəməyən qüvvələr də var:

"Azərbaycanın inkişafı, onun yüksəlişini istəməyən qüvvələr və onlara xidmət edən bəzi beynəlxalq təşkilatlar müntəzəm olaraq ölkəmizlə əlaqədar ədalətsiz, obyektivliyə uyğun olmayan informasiyalar yaymaqla dövlətimizin nüfuzuna zərbə vurmağa çalışırlar. Eyni zamanda çox təəssüflər olsun ki, bu gün beynəlxalq nizam-intizam pozulub və beynəlxalq təşkilatlar həmin nizam-intizamı bərpa etmək iqtidarında deyillər. Onlar özləri də bunu etiraf edirlər. 

Əgər belə olmasaydı BMT-nin qətnamələri 20 ildən artıqdır ki, kağız üzərində qalmazdı. Bu mənada hesab edirəm ki, həm vətəndaş cəmiyyəti, həm də media sektoru aktiv fəaliyyət göstərməlidir ki, ölkəmizə qarşı mövcud olan bu kimi qərəzli yanaşmanın qarşısını alaq”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18