2019-04-23 12:37:39   |   122 dəfə oxunub

Qaydalar dəqiq müəyyənləşməlidir

Sürücülərə siqaretlə bağlı cərimənin tətbiqində problemlər yaranacaq

"Polis necə sübut edəcək ki, sürücü siqaret çəkib? Siqaret kötüyü axtarmalıdır?"


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tütündən istifadə edən sürücülərə xəbərdarlıq edib.
Baş idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev açıqlamasında bildirib ki, sürücülərin tütündən istifadəsi inzibati məsuliyyət yaradır: "Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri, eləcə də nəqliyyat vasitəsində tütündən istifadənin yol hərəkəti təhlükəsizliyi baxımından yarada biləcəyi fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək bildirir ki, sürücünün nəqliyyat vasitəsinin salonunda tütün çəkməsi sərnişinlərin də iradələrindən asılı olmayaraq tütün tüstüsü qəbul etmələrinə və tibbi baxımdan passiv iştirakçı qismində daha çox zərər görmələrinə şərait yaradır. 

Eyni zamanda, təcrübə göstərir ki, tütündən istifadə əksər hallarda sürücünün diqqətinin yayınmasına gətirib çıxarır ki, bu da son nəticədə yol-hərəkəti qaydalarının pozulmasına, qəzaların, hətta avtomobildə yanğın hadisəsinin baş verməsinə səbəb ola bilər”.

"Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərərli təsirləri barədə məlumat verməklə yanaşı taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xatırladır ki, qanunvericiliyin tələbinə əsasən, taksi minik avtomobilində tütün çəkilməsinə görə - qırx manatdan əlli manatadək məbləğində cərimə nəzərdə tutulur. Odur ki, tütündən istifadə etməklə ailə büdcənizə, ən başlıcası isə özünüzün və başqalarının səhhətinə zərər vurmayın!” - deyə R. Quliyev əlavə edib.

Məsələ ilə bağlı "Şərq”ə danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, taksilərdə tütündən istifadəyə məhdudiyyət qoyulması Azərbaycanda bir yenilikdir. Amma bunun da icra mexanizmində müəyyən problemlər yaşanacaq: 

"Hələ qaydalar tam müəyyənləşdirilməyib. Dövlət Yol Polisi əməkdaşlarına səlahiyyət verilib, lakin detalları tam deyil. Ona görə də düşünürəm ki, bunun qaydaları müəyyənləşdirilməlidir”.

Ekspert bildirib ki, hazırda təhlükəsizlik kəmərindən, sükan arxasında mobil telefondan istifadə etmək kimi məsələlərdə problemlər hələ də davam edir. Ona görə də yeni qadağanın tətbiqinin həyata keçirilməsində çətinliklərin yaşanması qaçılmazdır: 

"Sürücü təhlükəsizlik kəmərini taxmır, bunu sübut etmək belə çətindir, təsəvvür edirsiz? Bildirir ki, taxmışdım, indicə çıxardım. Telefonla danışır, deyir danışmadım. Bu cür ciddi təhlükə yaradan əməlləri hələ sürücülərə sübut etmək olmur. Yol polisi əməkdaşı bəzən cəriməni yazır, vətəndaş gedib şikayət edir, sübut yetərsizliyinə görə cəriməyə xitam verilir. Bəzən heç yol polisi əməkdaşları o cür çətin sürücülərə cərimə tətbiq edə bilmir. Siqaret də belə. Təlimata görə, YPX əməkdaşı maşını dayandıran zaman öz maşınını onun arxasında saxlamalıdır. Polis əməkdaşı ordan düşüb maşına yaxınlaşana qədər, sürücü siqareti söndürdü və gizlətdi. Polis nə etməlidir? Necə sübut etsin ki, sürücü siqaret çəkib? Siqaret kötüyü axtarmalıdır?”.

E.Muradlı məsələnin həlli istiqamətində kameraların avtomobil salonlarında quraşdırılmasının, əsasən də insanların düşüncə tərzinin dəyişməsinin vacibliyini vurğulayıb: 

"Baş nazir Novruz Məmmədov taksi minik avtomobillərində qaydalar və s. məsələləri əks etdirən təlimatı təsdiqləyib, yeniliklər edilib. Taksi avtomobillərində kamera quraşdırılmalıdır. Ümumiyyətlə, kamera olandan sonra düşünürəm ki, sürücü sükan arxasında tütündən istifadə etməyəcək. 

Amma sərnişin barədə bunu demək çətindir. Sərnişin siqaret çəkirsə, taksi sürücüsü ona nə etməlidir? Müştəri çəkirsə, müştəri, sürücü çəkirsə, sürücü cəzalandırılmalıdır. Belə məsələlər sürücü və polis arasında gərginliyə gətirib çıxaracaq. 

Elə bir kamera olmalıdır ki, hər şeyi detallarına qədər, şəffaf şəkildə qeydə ala bilsin. Gərək patrul maşınlarında olan kameralar dəyişdirilsin. Lakin bu qədər vəsait də yoxdur. İkinci bir tərəfdən gərək insanın daxili mədəniyyəti olsun. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər buna bir oyuncaq kimi baxmamalıdır, buna bir peşə kimi baxmalıdır. Gərək insanın mədəniyyəti, təfəkkürü, şüuru yerində olsun. Belə olan halda o bunları etməyəcək. Yerində deyilsə, boş şeydir”.

Ekspertin sözlərinə görə, qanunda boşluqlar çoxdur. Dünyanın bir çox ölkələrində bu qadağa var, lakin hamısında da problemlər mövcuddur: 

"Heç bir ölkə bu qanunu tam şəkildə tətbiq edə bilmir. Bu qanun sadəcə Avropada və ya hər hansı ölkələrdə var deyə, bizdə də olmalıdı düşüncəsi ilə qəbul edilib, bunu açıq etiraf etmək lazımdır”.

"Qəza an məsələsidir. Zaman sükan arxasında çox şeyi həll edir. Bu baxımdan sükan arxasında siqaret çəkmək riskdir, təhlükədir. Siqaretin qəzaya səbəb olması ilə bağlı kifayət qədər fakt söyləmək olar. Bu baxımdan düşünürəm ki, bu qadağanı şəxsi avtomobillərdə də tətbiq etməkdə fayda var. Amma bu gün üçün real deyil. Hələ taksi sürücüləri üçün nə ilə nəticələnəcəyinə baxaq. İcra edə biləcəklər, ya yox? İnsanları maaarifləndirib başa salmaq lazımdır ki, bu sizin həyat və sağlamlığınız üçün təhlükəlidir. Başa düşən əməl edəcək, başa düşməyənə nə etsən də, öz bildiyini edəcək”.

Sevda Ulutau





SON XƏBƏRLƏR

2019-05-20