2019-04-23 12:41:20   |   257 dəfə oxunub

Bəşəriyyət böyük təhlükənin astanasındadır

“Məsciddəki qətliamın qisası alındı” kimi zərərli şüarlar yer alır"

"Şri-Lanka kilsələrində baş verən terror hadisələri bir müddət əvvəl Yeni Zellandiyada məscidə edilən qanlı hücumun revanşı kimi qələmə verilir"


Aprelin 21-də Şri-Lankada eyni anda 3 kilsə və 3 otel partladıldı. Dəhşətli partlayışlar paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verdi. Terakt nəticəsində 300-dən adam həyatını itirdi, 500-dən çox insan yaralandı. Hadisədən sonra paytaxt Kolomboda komendant saatı tətbiq olundu və aprelin 23-ü matəm elan edildi. Şri-Lanka hökumətinin məlumatına əsasən, terror aktlarını "Milli Tavhid-Camaatı” adlı qruplaşma törədib. "Milli Tavhid-Camaatı” qruplaşması İraq və İordaniyada fəaliyyət göstərən silahlı təşkilatdır. 1999-cu ildə İordaniyada Əbu Musab əz-Zəkəriyyə tərəfindən qurulub. Bombalı hücumlar 10 il bundan əvvəl vətəndaş müharibəsinin başa çatmasından sonra nisbi dincliyin müşahidə edildiyi ölkədə şok kimi qarşılanıb.

Şri-Lanka kəşfiyyatı terror hücumlarından xəbərdar olub?

Prezident dəftərxanasının rəhbəri, Müdafiə Nazirliyinin katibi Hemasiri Fernando bildirib ki, xüsusi xidmət qurumları terror hücumları ehtimalından xəbərdar olub: "Bu qədər irimiqyaslı hücumları gözləmirdik. Tez zamanda törədiləcəyini də düşünmürdük. Amma mütəşəkkil bir dəstənin terror hücumuna hazırlaşması barədə xüsusi xidmət qurumları hökuməti xəbərdar etmişdi”. Şri-Lankanın Səhiyyə naziri və hökumət sözçüsü Raçita Senaratne də radikal islamçı təşkilat olan "Milli Tövhid Camaatları” qrupunun silsilə partlayışlar törətməyə hazırlaşmasından şübhələndiklərini söyləyib. Paytaxt Kolombo şəhərində mətbuat konfransında iştirak edən Senaratne Milli Kəşfiyyatın rəhbəri tərəfindən mümkün terror hücumları barədə polis baş müfəttişinin öncədən xəbərdar olunduğunu diqqətə çatdırıb: "Ayın 9-da polis baş müfəttişi hücumlar barədə xəbərdar edilmişdi”.

Şri-Lanka kilsələrində baş verən terror hadisələri bir müddət əvvəl Yeni Zellandiyada məscidə edilən qanlı hücumun revanşı kimi qələmə verilir. Sosial şəbəkələrdə "məsciddəki qətliamın qisası alındı” kimi zərərli şüarlar yer alır. İctimaiyyət nümayəndələrinin fikrincə, sağlam düşüncəli insanlar, həqiqi din xadimləri və ədalətli siyasi rəhbərlər körüklənən müsəlman-xristian davasına vaxtında əncam çəkməzsə, fərqli inanc sahibləri arasındakı qarşıdurma bəşəriyyətin fəlakətinə çevrilə bilər. 

Millət vəkili Fazil Mustafa feysbukda bu təhlükəyə diqqət çəkərək, problemin dərinləşdiyini vurğulayıb: "Yeni Zellandiyada məscidi, Şri-Lankada kilsəni qətliam üçün məkan olaraq seçdilər. Dünyanı beləcə qarışdırırlar. Terrorçu zehniyyətinin qarşısında dünya birləşməyi bacarmasa, bundan sonra daha dəhşətli hadislər baş verəcək. Azərbaycanı bu cür təhlükələrdən ciddi həssaslıqla qorumalıyıq. Erməni terrorunun acılarını yaşamış bir cəmiyyət kimi zərərçəkmiş təcrübəmiz çox böyükdür. Şri-Lankada terror qurbanı olmuş xristianlar üçün Azərbaycanda da rəsmi səviyyədə müəyyən anım tədbirinin keçirilməsi yaxşı olardı. Buna həm insanlıq borcu kimi baxmalıyıq, həm də terror qurbanlarının milli, dini mənsubiyyətinə fərq qoymadığımızı göstərməliyik”.

"Məqsəd islam-xristian müharibəsinə nail olmaqdır”

Sosioloq-alim, professor Əhməd Qəşəmoğlu da "Şərq”ə açıqlamasında vəziyyətin çox kritik və böhranlı olduğunu söyləyib. Alimin sözlərinə görə, belə hadisələrin artması dünyada xoşagəlməz mənzərənin yaranmasına səbəb ola bilər: 

"Şri-Lankadakı hadisələr çox təhlükəlidir və get-gedə daha qorxunc prosesə çevrilməkdədir. Ola bilsin, müəyyən texnologiyalar əsasında qarşıdurma yaratmağa çalışanların məqsədi islam-xristian müharibəsinə nail olmaqdır. Bu qarşıdurma imkan verəcək ki, müəyyən dairələr islam ölkələrində növbəti müharibə dövrünü başlatsınlar. Xatırladım ki, 2001-ci ilin 11 sentyabr ayında ABŞ-da qoşa binaların partladılmasından sonra islam aləminə qarşı hücumların sayı artdı. Qərb gücləri əllərinə keçən fürsəti bəhanə edərək müsəlman dövlətlərində xoşagəlməz olaylara imza atdılar. Ona görə də düşünürəm ki, Şri-Lankadakı dəhşətli hadisələri hansısa mənfur qüvvələr qərəzli və planlı şəkildə həyata keçirə bilər. Çünki birdən-birə böyük miqyasda terror aktlarının həyata keçirilməsi hansısa kiçik bir qruplaşmanın fəaliyyəti kimi görünmür”.

"Alimlərin öndə olduğu cəmiyyətdə daim tərəqqi olur”

Professorun fikrincə, istər müsəlman, istərsə də xristian aləmində daha çox öndə olan alimlər yox, siyasətçilərdir: "Hər sahədə siyasətçilər at oynadır. Məsələ ondadır ki, siyasətçilərin bir çoxu fəlsəfi düşüncə baxımından məhdud adamlardır. Siyasətçilər dünyada baş verən proseslərə, hadisələrə, bəşəriyyətin taleyinə ancaq öz maraqları çərçivəsində yanaşırlar. Çox təəssüf ki, indiki dövrdə fəlsəfə elmi öyrənilmir. XVI-XVII əsrdən sonra Avropa diktəsi elmdə mühüm rol oynadı. Rasional və praqmatik düşüncə önə keçməyə başladı. Daha sonra isə zəiflədi. Hazırda yer üzünün ahəngdar inkişafı ilə bağlı fəlsəfi düşüncə normal səviyyədə deyil. Amma alimlərin bu barədə kifayət qədər ciddi mülahizələri var. Şəxsən mənim təklif etdiyim "Ahəngyol” nəzəriyyəsi dünya alimləri arasında ciddi qəbul olunur. Bununla bağlı müxtəlif ölkələrdə xeyli məqalələr çıxıb. Reallıq odur ki, hər hansı ölkədə alimlər öndə dayanırsa, həmin ölkədə tənzimlənmə düzgün olur və tərəqqi baş verir. Əksinə, alimlər sıxışdırılaraq arxa plana keçirsə, siyasətçilər və hökmdarlar onların önünə çıxırsa, fəlakətlər baş alıb gedir. İslam tarixinə nəzər salaq. 

İslamın yeni yayıldığı dövrlərdə və orta əsrlərdə, Fərabi, Qəzali, Sührəverdi, Nəsirəddin Tusi, Burini, Əl-Kindi və başqa yüzlərlə belə alimlər var idi. İslam aləmi tərəqqi yolu ilə gedir, dünyəvi elmləri yayırdı. Elə ki siyasi rəhbərlər alimlərdən qabağa keçdi, müsəlman dünyası çöküş dövrünə girdi. Hələ də özümüzə gələ bilmirik. Alimlərin və elmin ağırlığı olan bütün dövrlərdə kainat rahat nəfəs alıb. Dünyamızı xilas etmək lazımdır. Bunun üçün də ciddi alimlərə, qlobal problemlər üzrə mütəxəssislərə geniş yer vermək lazımdır. Ciddi konsepsiyalar və nəzəriyyələr hazırlanmalıdır. Azərbaycanda Beynəlxalq Forumlar keçirilir. Belə Forumlarda dünya ölkələrinə çağırış etmək mümkündür. O zaman yer üzünün xilası üçün təşəbbüs göstərən Azərbaycanın nüfuzu daha da yüksələr. Buna mənəvi haqqımız çatır, çünki illərdir humanitar tədbirlərə ev sahibliyi edirik. Multikultural dəyərləri inkişaf etdiririk”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18