2019-04-23 12:46:11   |   217 dəfə oxunub

Sakit, muğam axşamıdır!

Azərbaycanın azman sənətkarları o məlahətli səsin izinə düşüb


Məlahətli səsə sahib olmaq xüsusi istedaddır. Bu istedadın üzə çıxması üçün geniş imkanlar gərəkdir. Elə bu baxımdan ənənəvi olaraq iki ildən bir təşkil olunan Muğam Televiziya Müsabiqəsi təqdirəlayiqdir. Peşəkar münsiflər heyətinin fikrincə, növbəti dəfə muğamsevərləri ətrafına toplayan 7-ci Muğam Televiziya Müsabiqəsi maraqlı səslərlə fərqlənməyə çalışır.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsi dörd ay davam edəcək. Builki müsabiqədə 20 iştirakçı qələbə üçün mübarizə aparmağa başladı. Artıq hər həftə qalib olmaq bir qədər də çətinləşir, münsiflər iştirakçılara qarşı daha tələbkar olmağa başlayıb.

 İlk həftələrdə xırda qüsurlara o qədər önəm verilməsə də, artıq yavaş-yavaş iştirakçıların qarşısına qoyulan tələblər çoxalır, güzəştlər azalır. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirmək üçün hər həftə iştirakçıların çıxışlarını dəyərləndirməyə çalışır, onlara məsləhətlərini söyləyir, iradları dilə gətirirlər.

Münsiflər heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.
7-ci muğam müsabiqəsini canlı izləmək üçün «Şərq»in əməkdaşı kimi Beynəlxalq Muğam Mərkəzinə yollandım. Həm iştirakçıların səhnəarxası anlarını, həyəcan və emosiyalarını görmək imkanımız oldu, həm də münsiflər heyətilə söhbət etmək fürsətini əldən qaçırmaq istəmədik.

Səhnə arxasında Xalq artisti, böyük sənətkar Əlibaba Məmmədov 7-ci muğam müsabiqəsi barədə fikirlərini dilə gətirərkən bunları söylədi: 

«Əslində 400 iştirakçı arasında 20 nəfər iştirakçını seçərkən çalışdıq ki, səsi fərqli olan, güclü səsə malik uşaqlara önəm verək. Amma səhnə təcrübəsi üçün zaman lazımdır. İştirakçılar arasında elələri var ki, səsləri var, amma bu səs hələ tam rəndələnməyib, hələ tam yerinə oturmayıb. Bizim məqsədimiz də odur ki, muğam müsabiqəsində istedadı olan gənclərə həm səhnə imkanı yaradaq, həm böyük auditoriya ilə təmasda olmaq şansı verək, həm də tövsiyə və tənqidlərimizlə onların qüsurlarının aradan qalxmasına rəvac yaradaq. İstedadlı uşaqlar var. Onlar hələ çox gəncdirlər. Amma onlar arasında gələcəyin xanəndələrini görmək olur».

7-ci muğam Müsabiqəsində bu il Münsiflər heyətində Xalq artisti Mələkxanım Əyyubova da yer alır. Əslində Mələkxanım Əyyubovanın yeri bu müsabiqədə münsif kimi həmişə görünüb. Nəzərə alsaq ki, hələ sovet dönəmində muğam ifaçılığını təqdim etmək çətin olduğu zamanlarda Mələkxanım Əyyubova İrs Folklor ansamblında iştirak edib və səhnədə milli geyimdə muğam ifa etmək ənənəsini qoyan xanım xanəndələrdən sayılır. Üstəlik, illərdi pedaqoq kimi də çalışan məlahətli səsə sahib Mələkxanımın gənclərlə işləmək təcrübəsi ona münsif qismində oturmaq haqqını verir.

 «Şərq»ə açıqlamasında Mələkxanım Əyyubova Muğam müsabiqəsi barədə fikirlərini dilə gətirdi:

 «Artıq 7-ci muğam müsabiqəsi keçirilir. Mən ilk dəfə bu il münsif kimi bu müsabiqəyə dəvət alsam da, digər müsabiqələri izləmişəm. Həqiqətən muğam müsabiqəsi Azərbaycan mədəniyyətinə böyük töhfələr verir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsi Azərbaycan muğamına verilən ən böyük dəyərlərdən biridir. 

Çünki bu müsabiqə imkan verir ki, gənclərimiz istedadlarını sərgiləsinlər. Səhnəyə gələcəyin xanəndələri gəlir. Biz əminliklə muğam səhnəsini bu gənclərə etibar edə bilərik. İştirakçılar çox gəncdilər. Təbii ki, qüsurları ola bilər. Amma həftələr ötdükcə biz onlardan daha mükəmməl, qüsursuz ifalar gözləyirik. Həqiqətən onlar şanslıdırlar, böyük səhnəyə gəlmək üçün onların üzünə geniş qapılar açılıb. Onlar bu məsuliyyəti hiss etməlidirlər. Münsiflər hər hansı iştirakçının qüsurunu dilə gətirib məsləhət verəndə bundan inciməsinlər. Əksinə, nəticə çıxarmağa çalışsınlar».

Yeri gəlmişkən, müsabiqəni canlı Muğam Mərkəzində izlərkən bir maraqlı məqam da diqqətimizdən qaçmadı. Münsiflər arasında Mələkxanım Əyyubova, İlqar Fəhminin əsaslanmış tənqidləri oldu. İştirakçıları ruhdan salmadan onların qüsurlarını da dilə gətirməkdən çəkinmirdilər. Mələkxanım Əyyubova iştirakçıların hər çıxışını dəyərləndirərkən onların ifalarında olan texniki qüsurları, muğam ifasında vacib olan məqamları bir-bir izahlı şəkildə söyləməklə həm gəncləri düzgün istiqamətə yönəltmiş olur, həm də münsif kimi obyektiv yanaşması ilə tamaşaçı alqışı qazanırdı.

Tahirə Məmmədqızı





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18