2019-04-23 12:41:01   |   901 dəfə oxunub

Eynəyi nəmli adam: Elə ilk görüşdən hamımız bu istiqanlı, üzügülər insana isnişdik

"Məktəbdə məni telefona çağırdılar, aşağı endim, Cəfər idi..."


Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist Qəmər Salamzadənin "Qobustan" incəsənət toplusunun 1970-ci ildə nəşr olunmuş ilk sayında "Yadımda qalanlar" başlığında yazısı böyük dramaturq Cəfər Cabbarlıya həsr olunub. Maraqlı yazını biz də "Şərq"in oxucularına təqdim edirik.

Tiflisdə yaşayırdıq. Əmim Rzaqulu Nəcəfov "Yeni fikir" qəzetinin baş mühərriri idi. Hər axşam evə qoltuğu dolu gələrdi. Məni Bakıda çıxan qəzetə və məcmuələr maraqlandırırdı. Yeni xəbərləri, ədəbiyyata və teatra həsr olunan məqalələri, elanları izlərdim. Tiflisə yolu düşən sənət adamları, ictimai xadimlər bizim evin ən əziz qonaqları idi: Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Mirzədavud Hüseynov, Əliheydər Qarayev, Həmid Sultanov, Ağamalı oğlu, Talıblı, Seyid Şuşinski, Bülbül...

Ümumiyyətlə, həftədə bir dəfə evimizdə musiqi məclisi düzələrdi. Bu məclislərdə qonaqlar da iştirak edərdi. Çalıb-çağırandan sonra Bakının mədəni həyatından söhbət açılardı. Cəfər Cabbarlıdan və onun yaradıcılığından uzun-uzadı danışardılar. Mən onunla ilk dəfə bu söhbətlərdə tanış olmuşam.
Sonra Bakıya gəldim. Oxumağa. Ali Darülmüəllimat məktəbinə... Uzaqdan-uzağa tanış olduğum Cəfəri elə görmək istəyirdim ki... "Aydın" tamaşasına baxdım. Gözlərim ağlayır, ürəyimdə sevinc, fərəh aşıb daşır. Abbas Mirzə, Mərziyə xanım azəri səhnəsində, azəri dilində necə gözəl danışırdılar. Öz aləmimdə bir Cəfər tanıyırdım: gözəl, enli kürəkli, boylu-buxunlu, bahadır kimi...

Bir gün rəfiqələrimdən biri məni tapıb tövşüyə-tövşüyə:

- Tez ol, Cabbarlı birinci mərtəbədə telefonla danışır. Gedək, - dedi.

Aşağı endik. Cəfəri gördüm: orta boylu, arıq, saçları dağınıq, gözlərində eynək. Geyimi o qədər də səliqəli deyildi. Ayaqlarında çust vardı, tünd şaldan köynək geymişdi, belini nazik qayışla bağlamışdı. Boynundakı ipək şarfın bir ucunu kürəyinə atmışdı.






Ertəsi gün bizi məktəbin dram və ədəbiyyat dərnəyinə çağırdılar. Dedilər ki, "Aydın"ın məşqlərinə başlayacağıq. Gültəkin rolunu mənə tapşırdılar. Məşqlərin birində C.Cabbarlını salonda gördük. O, səhnəyə qalxdı, bizimlə tanış oldu.
- Gültəkin xanım, (O məni obrazın adı ilə çağırdı) hər şey yaxşı idi, ancaq nə üçün tələsirsiz? Bəzi yerlərdə elə bil ki, sözləri əzbər deyirsiz. Fasilə vermək lazımdır. Hər sözünüz gərək inandırıcı olsun, baxan elə bilsin ki, guya doğrudan da Gültəkinsiniz.



Elə ilk görüşdən hamımız bu istiqanlı, üzügülər, nəcib adama isnişdik. Elə bil lap köhnə tanışlardıq. Çəkinmədən suallar verir, hətta mübahisə edirdik.

Sonralar mən C.Cabbarlı ilə bir neçə dəfə "Kommunist" qəzeti redaksiyasındakı yığıncaqlarda görüşdüm. Bu gecələr maraqlı keçirdi. Gənc oğlan və qızlar toplaşar, kimi mütaliə edər, kimi oxuyar, kimi də şeir söyləyərdi. C.Cabbarlı, Əsəd Tahirov, Əfrasiyab Bədəlbəyli, Vəli Hacı oğlu, Akif Kazımov bura tez-tez gələrdi. Məclisi duzlandıran, şənləndirən Cəfər olardı. Duzlu-məzəli söhbətlər edərdi. Elə ki görürdü məclis sərin keçir, deyərdi, gəlin dəstəyə ayrılaq. Bizə işarə edərdi ki, bəs mənim dəstəm dalımca gəlsin. O biri dəstənin başçısı Əsəd Tahirov olardı. Kimsə bir bayatı və yaxud qoşma deyərdi. 
O biri dəstə də gərək cavabını verəydi. Çox vaxt deyişmə məzəli zarafatla qurtarardı.

25-26-cı illər... Hər gün bir yeni imza, "hər gün bir yeni nəğmə"... Qəribə günlər idi. Bir tərəfdən Cavid palitrasının ecazkar rəngləri ruhumuzu qanadlandırır, o biri tərəfdən Cəfər qələminin qüdrəti bizi yaşadığımız günlərə bağlayırdı. Ədəbi tənqidimiz isə hələ çox zəif və sxolastik idi. Tənqidimiz bir növ iməkləmə dövrünü keçirirdi.

Heç yadımdan çıxmaz. Bir gün "Kommunist" qəzetində Cəfərin əsərinin disputu gedirdi. Gənc ədiblərimizdən biri o zaman tənqidlə də məşğul olurdu. O, hərarətlə və ərkyana Cəfəri danladı, axırda da tələb etdi ki, o durub həmin tribunadan tənqidə cavab versin. Cəfər mənimlə rəfiqəm Əşrəfin yanında oturmuşdu. Darılmırdı, əsəbiləşmirdi. Kənardan baxan güman etməzdi ki, söhbət bu üzügülər, sakit adamdan gedir.
Tənqidçinin son sözlərini eşidəndə Cəfər "küsdümotu" tək büzüşdü, anasından imdad gözləyən utancaq uşaqlar kimi gizlənmək istədi. Tələbkar bir səs yenə salonu başına götürdü:
- Cəfər, dur deginən, niyə gizlənirsən?
Cəfər yerindən cavab verdi:
- Nə deyim axı. Oxumusuz da, görmüsüz də...

Bir dəfə "Oktay Eloğlu"nun gündüz tamaşasından sonra biz mərhum Mustafa Mərdanovgilə yığışmışdıq. C.Cabbarlı, Abbas Mirzə Şərifzadə də, Mərziyə xanım da burada idilər. Biz - tələbələrin sevincinin həddi-hüdudu yox idi. Gözlərimizi "kumirlər"imizdən ayırmırdıq. Cəfər bizim bu həyəcanımızı görüb Abbas Mirzədən təvəqqe elədi ki, bir şeir desin. Abbas ürəkdən gələn bir səslə şeir söylədi.


















































Şeirin axırında Abbas özünü elə unutdu, elə hissiyata qapıldı ki, əlini dişlədi. Mərziyə xanım onu sakitləşdirmək və qanamış əlini sarımaq üçün yan otağa apardı.

Mən Cəfərə baxırdım. Gözləri nəmli idi. Eynəyinin şüşəsini silirdi. Suçlu cocuqlar kimi:

- Bu şüşə də hey ləkələnir, - dedi. Sonra mənə sarı çevrildi, - Bahar, (bir ara adımı "Bahar" qoymuşdu) deyirlər, sən "Sabah" mahnısını yaxşı oxuyursan.
- Hər deyilənə inanmaq olarmı? - dedim.

Cavab bir beyt şeir oldu:

- Deyirlər, kül olmaz atəş yanmadan,
Dənizlər durulmaz dalğalanmadan.



Mən bu mahnını Tiflisdə, evimizdəki musiqi məclislərində öyrənmişdim. Dağılışmamışdan qabaq lampalar söndürülür, məşhur kamançaçı Saşa "Sabah" mahnısını çalardı...
Oxudum... Əslinə baxsan oxumurdum, kamança səsinə bənzər bir mızıltı ilə zümzümə edirdim.
Bir neçə gün sonra məktəbdə məni telefona çağırdılar. Aşağı endim. Cəfər idi...
- Qəmər, qardaşım qızı Mələk bizdədir. O, çox gözəl tar çalır. Təvəqqe edirəm, "Sabah" mahnısını telefonda oxu. Mən istəyirəm. Mələk bu mahnını tarda çalsın.
Bütün bacarığımı topladım. Mahnını təkrar-təkrar, ən xırda çalarlarınacan Mələk xanım üçün zümzümə elədim.
Cəfər hər rast gələndə, bizi dilə tutar, səhnəyə çağırardı. Bir gün yenə yaxalamışdı məni. İnandırdım ki, əvvəla səsim səhnə üçün uyğun deyil, bir də mən kino sahəsində işləmək istəyirəm. Məndən əl çəkib Əşrəf xanımı yanladı. Ondan da rədd cavabı alanda ciddi söhbəti zarafata çevirdi: məğlub olmaqla heç arası yox idi.

Tofiq Fikrətin bir şeirindən:

- Sənin yerində olsaydım gözəl cocuq
Bilsən nələr yapardım mən
O laübalı baxışlarında, mavi gözlərində -
misralarını deyib, sözü dəyişdirdi.



Sonralar Əşrəf xanım Gülüş rolunda səhnəyə çıxdı...
Aylar illər keçirdi. Bakının küləkli günlərindən birində mən yenə də Cəfərə rast gəldim. Əlləri cibində o tərəf-bu tərəfə baxa-baxa gedirdi. Salamlaşdıq. Soruşdum:
- Cəfər, belə tozlu havada hara gedirsən, nə axtarırsan?
- Hara getdiyimi özüm də bilmirəm. Ancaq nə axtardığımı bilirəm. Kinoda çəkilmək üçün Sevil axtarıram, gəlsənə mənə kömək edəsən. Sən də kino işçisisən axı.
- Axtaran tapar, - dedim.
- Əslinə baxsan tapmışıq. Birisi var, çox ciddi bir qızdır, alim olmaq istəyir. Görək yola gətirə biləcəyikmi?
- Cəfər, sən, dilinlə ilanı yuvasından çıxaran, necə olur ki, onun razılığını ala bilmirsən?
- Əgər başqasını tapmasaq, əlac yoxdur, gərək onu razı salaq - dedi.
... 1934-cü ildə yazıçıların birinci qurultayında C.Cabbarlı, Səməd Vurğun və Mehdi Hüseyn foyedə söhbət edirdilər. Mən də, həyat yoldaşım Salamla burada idim.
Evdən, ailədən söz düşdü. Necə oldusa, dilim dinc durmadı:
- Cəfər, Sona xanımı çox istəyirsən ha! Danış görüm, onunla necə evlənmisiniz.
Gülümsəyib, belə bir əhvalat danışdı:
- Sona ilə çoxdan nişanlı idik. Bir-birimizi də sevirdik. Bir gün anam:
- Ay Cəfər, daha bəsdir, - dedi. - Siz böyümüsünüz. Mən də qocalmışam. Razı ol toyunuzu eləyək. Mən razılıq verdim.
Günlərin bir günündə teatrdan evə qayıdırdım. Uzaqdan çalğı səsi eşitdim. Məhəlləmizə yaxınlaşanda başa düşdüm ki, kiminsə toyudur. Qonşuların birindən soruşdum ki, yenə kimin toyudur? Üzümə qaqqıldayıb dedi:
- Necə yəni kimin toyudur. Sənin toyundur da...
Yanımdakılar da gülməyə başladılar: "Bəyə bax, bəyə"...


Qurultaydakı çıxışından sonra biz onu yenə də foyedə gördük, təbrik etdik. Salam qabağa düşdü:
- Cəfər, yaxşı dedin, dramaturq gərək tamaşaçını istədiyi vaxt güldürməyi, ağlatmağı bacara. Elə sənin özün belə dramaturqsan.

Onun fikri hələ də iclas salonunda idi:

- Eşitdinizmi, Qorki Süleyman Stalskiyçün "20-ci əsrin Homeri" dedi. Bizi böyük işlər gözləyir. Hələ Qorkinin Moskvada Ümumittifaq teatrı yaratmaq fikri... Bu teatrda çıxış eləyəcək millətlər içində Qorki ilkin Azərbaycanın adını çəkdi. Bilmirəm eşitdinizmi? Yüksək səviyyədə, nümunəvi tərcümə olunmuş əsərlərin oynanılması məsələsinə toxundu.

Cəfər çox vaxt olduğu kimi, bu dəfə də söhbəti şeirlə yekunlaşdırdı. Cavidin:

- Arkadaşlar bu yolda zəhmət var
İstirahət deyil, əziyyət var. -

beytini deyib, gülə-gülə bizdən ayrıldı. Böyük bir izdihama qarışıb görünməz oldu...





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18