2019-04-23 14:15:32   |   385 dəfə oxunub

“Azərbaycanda təşkilatlanmış “Hizbullah” dəstələri yoxdur”



""Hizbullah” ərəbcə "Allahın ordusu”, "Allahın partiyası” deməkdir. Bu ifadə Quranda da əksini tapıb. Amma İran tərəfindən dəstəklənən və dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən "Hizbullah” təşkilatının Qurandakı həqiqi möminliklə əlaqəsi yoxdur”.

Bunu "Sherg.az”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, "Hizbullah” bir çox ölkələrdə İranın himayəsi ilə fəaliyyət göstərən, şiə qrupların maraqlarını müdafiə edən hərbi gücdür:

"Azərbaycanda "Hizbullah”ın təsir gücünün olması təbiidir. Çünki ölkəmizdə şiə məzhəbinə qulluq edən müsəlmanların öz liderləri yoxdur. Buna görə də İrandakı ayrı-ayrı ayətullahlara tabe olurlar. Yəni Azərbaycandakı şiələr İranın dini liderləri tərəfindən idarə olunur və onları özlərinə rəhbər bilirlər. 

Əgər İrandakı dini liderlər paralel olaraq siyasi rəhbər sayılmasaydı, onlara tabe olmaq təhlükəli olmazdı. Burada yanlışlıq ondan ibarətdir ki, bugün İranın dini alimləri dövlətinin siyasi idarəetməsində iştirak edirlər. Halbuki sadəcə Allahın siyasətini həyata keçirsəydilər, ciddi problem yaşanmazdı. Amma dünyəvi maraqlara xidmət edən məsələlərdə Azərbaycan insanlarının İrana tabe olması siyasi cəhətdən çox qüsurlu və yanlışdır”.

Politoloq vurğulayıb ki, Azərbaycanda Yaxın Şərqdə və İrandakı kimi "Hizbullah”ın təşkilatlanmasını, boy göstərməsini müşahidə etmirik. Təşkilatın açıq şəkildə tərəfdarları gözə dəymir: 

"Amma Yaxın Şərqdəki proseslər göstərdi ki, lazım gələndə hətta İŞİD-ə belə Azərbaycan dindarları arasından "könüllülər” tapmaq mümkün olur. Bu mənada "Hizbullah” da istisna təşkil etmir. Ola bilsin, ölkəmizdə "Hizbullah”ın tərəfdarları var. Lakin birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanda təşkilatlanmış açıq və ya gizli fəaliyyət göstərən "Hizbullah” dəstələri yoxdur. ABŞ-ın Dövlət Departamentinin bəyanatı təsir baxımdan düzgün olsa da, təşkilatlanma baxımından yanlışdır”.

Qeyd edək ki, Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə koordinatoru Natan Seyls "Hizbullah”ın bir sıra ölkələrdə fəaliyyət göstərdiyini, onun təsir sahəsinin Yaxın Şərqlə məhdudlaşmadığını deyib: "Hizbullah” şəbəkəsi Yaxın Şərqlə məhdudlaşmır. "Hizbullah”ın aktivliyi ötən illər ərzində Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Peru və Tailand kimi ölkələrdə də görülüb”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-20