2019-04-26 15:38:36   |   130 dəfə oxunub

“İçərişəhərlə bağlı kampaniyanın məqsədi mənfi təsəvvür yaratmaqdır”



Son günlər sosial şəbəkələrdə İçərişəhərdə tarixi abidələrimizin sökülməsi ilə bağlı təxribat xarakterli görüntülər yayılmaqdadır. Bəzi müxalif qüvvələr ölkəmizdə keçirilən mühüm tədbirlər öncəsi və ya ərəfəsində bu cür yanlış məlumatların müzakirəsində maraqlıdırlar.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsindən verilən rəsmi məlumata görə, sosial şəbəkədə yayılan qala divarlarına aid fotolar 2011-ci ilə aiddir. Buna baxmayaraq, kimlərinsə marağındadır ki, qoruqdakı yenilikləri söküntü kimi qələmə verib, Azərbaycanın beynəlxalq nüfuzuna və imicinə xələl gətirsin.

Bütün hallarda kampaniyaçılığın əleyhinə olduğunu deyən "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Sherg.az”a açıqlamasında deyib ki, xüsusilə Azərbaycan ictimaiyyəti bu cür yanlış məlumatlardan uzaq durmalıdırlar.

Baş redaktor bəyan edib ki, bəzi qüvvələrin əsas məqsədi dövlətimizlə bağlı mənfi təsəvvür yaratmaqdır:

"İçəriçəhərlə bağlı açıqlanan rəsmi məlumatlara çox mötəbər yanaşıram. Həqiqətən də sosial şəbəkələrdə İçərişəhərlə bağlı əvvəlki illərə məxsus şəkillər paylaşılıb. Müşahidələrimə görə, yanlış faktlara söykənən qüvvələr kampaniyaçılığı müxtəlif formada yerinə yetirirlər. 

Bakıda keçiriləcək yarışları qaralamaq istəyən bəzi qüvvələr Azərbaycanın Avropa Birliyi ilə imzalamağa hazırlaşdığı sazişin də əleyhinə olduqları üçün təxribat xarakterli məlumatlar yayırlar. Bu qüvvələr həmçinin İçərişəhərlə bağlı neqativ kampaniyanın akitv iştirakçılarıdır. 

Ona görə də bütün bunlar diqqətçəkən bir nüansdır. Hesab edirəm ki, İçərişəhərlə bağlı proseslərdən az da olsa narahat olan və bu prosesdən dəqiq məlumat almaq istəyən ictimaiyyət nümayəndələri baş verənlərdə diqqətli olmalıdır. Yanlış məlumatların yayılmasında əsas məqsəd Azərbaycana turist axınının gözləndiyi bir vaxtda İçərişəhərin qeyri-komfortlu və söküntülü bir mənzərəsini yaratmaqdır.

Azərbaycanda xüsusilə ictimaiyyət nümayəndələri belə kampaniyaçılıq nə qədər uzaq olsalar, bir o qədər yaxşıdır. Əlbəttə, nöqsanlarla bağlı sosial şəbəkələrdə vətəndaşların aktiv olması müsbət haldır. Hətta siyasi müxalifət mövqeyində olan şəxslərin də baş verənlərlə bağlı aktivliyi başa düşüləndir. Lakin obyektiv və həqiqi məlumatlara söykənmək lazımdır”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-19
2019-05-18