2019-04-26 18:06:06   |   287 dəfə oxunub

Bu toyuq sexi ilə bağlı sərt açıqlama: “Sağlamlıq üçün olduqca təhlükəlidir”

Adil Qeybulla: “Bunlar genefondla bağlı məsələ olduğu üçün hər zaman nəzarətdə olmalıdır”


Suraxanı rayonu Hövsan qəsəbəsində qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlanıb. Sexə baxış zamanı sanitariya və gigiyena qaydalarına əməl edilmədiyi aşkarlanıb.
Belə ki, kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub.

Məsələni dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az”a bildirib ki, sanitar-gigyenik tələbatlar məhsulun əmtəə görünüşünə və mahiyyətinə təsir edən əsas amillərdəndir:

"Məhsul texniki standarta uyğun hazırlanmadıqda onun saxlanma qaydalarında, istehlakında problemlər yaşana bilir və məhsul tez xarab olur. Ümumiyyətlə, hansısa məhsulun gigyenik qaydalara uyğun saxlanılmaması yolverilməzdir. Bir neçə il öncə Avropadakı firmaların birində meyvələrdə müxtəlif bağırsaq çöpləri aşkarlanmışdı. 

Bununla bağlı həmin firmaya qarşı böyük təzminatlar tətbiq edildi. Həmçinin xeyli insanlar baş verənlərdən əziyyət çəkdi. Qida məhsullarının gigyenik qaydalara uyğunlaşdırılması dünyanın hər yerində aktualdır”.

Professor qeyd edib ki, qidalarla bağlı sanitar qaydalara əməl olunmadıqda bu insan sağlamlığı üçün olduqca təhlükəlidir:

"Bu cür hallarla bağlı hansısa müəssisə bir neçə dəfə aşağı bal alırsa, fəaliyyətini dayandırmalıdır. Təəssüf ki, bizdə bu cür vacib məsələlərə önəm verilmir. Hesab edirəm ki, bu sahədə fəaliyyətimizi xarici ölkələrdəki kimi qurmalıyıq. Yəni, istehsal olunan hər bir məhsulun, xüsusilə ərzaqların keyfiyyət və təhlükəsizlik parametrləri çox mühümdür. Bunlar genefondla bağlı məsələ olduğu üçün hər zaman nəzarətdə olmalıdır”.


Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-20