2019-04-27 11:21:42   |   324 dəfə oxunub

Elman Rüstəmovun belə sərt açıqlama verməsi doğru deyil

Demirik ki, sahibkarların da kredit borcları silinsin və ya bağlansın

Sahibkarlara ziyanı ödəmələri üçün güzəştli kreditlər verilə bilər, yaxud ödəmələrin müddəti uzadıla bilər






Mərkəzi Bankın sədri Elman Rüstəmov 10 min dollardan yuxarı götürülən kreditlərə güzəştlərin nəzərdə tutulmadığını deyib.

E.Rüstəmov qeyd edib ki, bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə özləri cavabdehdirlər.

Əsas məqsəd əhalinin aztəminatlı təbəqələrinin problemli kreditlərinin həlli idi: "Prezidentin dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edib. 10 min, 20 min, 50 min dollarlıq kredit artıq biznes kreditləridir. Biznes sahibləri riskləri üçün özləri cavabdehdir. Dövlətin bu yükü üzərinə götürmək öhdəliyi yoxdur".

İqtisadçı Fuad İbrahimov isə Mərkəzi Bank sədrinin cavabının tutduğu vəzifəyə adekvat olmadığı fikrindədir:

- Mərkəzi Bank sədrinin belə iddia ilə çıxış etməsi ilk növbədə cənab Prezidentin humanizm prinsipinə söykənən siyasətinə əksdir. Mərkəzi Bank kimi olduqca ciddi bir dövlət qurumunun sədrinın cavabı belə olmamalıdır. 

Bu cavab Mərkəzi Bank sədrinə yaraşmır. Hamımız görürük ki, Prezident problemlərin həllində humanizm prinsipini əsas götürür. Əhalinin bir çox problemi məhz bu şəkildə aradan qaldırılıb. 

Onu da deyim ki, dollarla kredit problemində əhaliyə kompensasiyaların ödənməsi qərarı bu məsələdə post-sovet məkanında ilk qərarlardan biridir. Belə olan halda Mərkəzi Bank sədrinin belə sərt açıqlama verməsi düzgün deyil.

 Nəzərə almaq lazımdır ki, bu, fors-major bir hal idi. Dünya birjalarındakı vəziyyətlə bağlı milli valyuta ucuzlaşdı. Rusiyada, Qazaxıstanda, hətta Birləşmiş Ərəb Əmirliklərində eyni və ya oxşar hallar yaşandı. 

Yəni, bu hal neftdən asılı ölkələrin hərəsində bir cür özünü göstərdi. 21 fevral 2015-ci il tarixində birinci devalvasiya məhz Mərkəzi Bankın qərarı ilə başladı. Nə aidiyyəti var, kredit hansı məqsədlə alınıb. Biznesmenin, sahibkarın kredit borcu məhz Mərkəzi Bankın qərarından sonra 2 qat artıbsa, sahibkarlara dəymiş ziyanın ödənilməsi üçün şərait yaradılmalıdır. 

Başqa imkanlar gözdən keçirilməlidir, yeni yollar axtarılmalıdır. Demirik ki, sahibkarların da kredit borcları silinsin və ya bağlansın. Sahibkarlara ziyanı ödəmələri üçün güzəştli kreditlər verilə bilər, yaxud ödəmələrin müddəti uzadıla bilər. Variantlar çoxdur. Bu, başlı-başına buraxılası məsələ deyil. Elman Rüstəmovun açıqlaması da bazar iştirakçılarını qane edə bilməz.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24