2019-04-27 11:43:40   |   389 dəfə oxunub

"Vəzirov guya zarafat edirmiş kimi böyrümə bir yumruq vurdu" - MÜSAHİBƏ

Sabir Rüstəmxanlı: "Azərbaycan"ın hər nömrəsi çıxanda mərkəzdən zənglər gəlirdi"



"Şərq”in budəfəki müsahibi Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın Xalq şairi, Milli Azadlıq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlıdır.

- Sabir bəy, yenidən qurma və aşkarlıq dövrü üçün ermənilər təşkilatlanmış, güclü siyasi fəaliyyət göstərən, Böyük Ermənistan qurmaq niyyətində olan fəal bir xalq kimi göstərilir. Azərbaycan isə baş verən dəyişiklikləri düzgün qiymətləndirə bilməyən, milli platforma yaratmaq əvəzinə laqeydlik və passivlik göstərən bir toplum olaraq...

- 1988-ci ildə zəif və təslimçi olan Azərbaycan rəhbərliyi idi, xalqın gücünə şübhə ilə yanaşmaq olmaz... Rəhbərlik Moskvanın təyinatı ilə gəlirdi, mərkəzin qulu idi və xalqa qulaq asmırdı. Moskvanın sözü ilə oturub durur, Moskva nə deyirdi ona inanırdı. Moskva deyirdi xalqın əlindən silahı yığın, Vəzirov yığdırırdı. Moskva deyirdi Ermənistandan köçənləri Qarabağa buraxmayın, buraxmırdılar, gətirirdilər Bakıya, başqa yerlərə. Moskva deyirdi biz həll edəcəyik məsələni, bizim hökumət inanırdı və nəticədə ermənilər getdikcə Azərbaycan ərazilərində güclənirdi. Moskva onlara gizlicə silah verirdi, bizim rəhbərlik isə bunu gizlədirdi. Ermənilər Qarabağ uğrunda savaşanda, bizimkilər hakimiyyətdə yer tutmaq uğrunda savaşırdılar. 1988-ci il hadisələri başlayanda Azərbaycan xalqı kifayət qədər fəal və mütəşəkkil idi və anında reaksiya verdi. Ona görə 1989-cu ildə Amerika mətbuatı Azərbaycan xalqını ilin xalqı elan etmişdi. Əgər xalqımız torpağını düşünmürdüsə və öz taleyinə biganə idisə, onda milyonlarla adam meydana necə yığışdı? Əksinə, bizim xalq hər zaman öz taleyini düşünüb. Ona görə də bizim taleyinə laqeyd yanaşan bir toplum obrazımızı yaradanlar yanılırlar.

- Meydan hərəkatının əsas liderlərindən biri siz olmusunuz. Amma aparıcı lider kimi Nemət Pənahlının adı çəkilir və onun özü də bu iddiadadır. Necə baxırsınız buna?

- Meydanda aparıcı, qeyri aparıcı lider söhbəti yox idi.1988-ci il noyabr-dekabr mitinqlərini 18 gün ara vermədən Nemət Pənahlı ilə birgə, ikimiz idarə etmişik. Bunun yüz minlərlə şahidi var. Hətta onu deyim ki, Nemətə meydanda ilk sözü də mən vermişəm. Meydanın televiziya ilk translyasiyasını da mən aparmışam. Ayrıseçkilik, bizi üz-üzə qoymaq cəhdləri hakimiyyətin və qorxudan ortada görünməyən, lakin sonralar liderlik həvəsinə düşənlərin işi idi. Neməti vurmaq üçün məni, məni vurmaq üçün onu tərifləyib qarşıdurma yaratmağa çalışırdılar. Meydana gəlməyə cəsarət etməyənlər, xüsusən bəzi Moskvapərəst ziyalılar mənə xüsusi qısqanclıqla yanaşırdılar. Kənardan necə görünməsindən asılı olmayaraq bizim aramızda fikir ayrılığı yox idi. Bizi hökümətə və ya başqa adamlara bağlamaq cəhdləri tamamilə gülünc bir iş idi. 

Aramızda fikir ayrılığı meydanın güclü vaxtında dağılması və ya sona qədər qalması məsələsində yaranmışdı. Bunun ətrafında müxtəlif rəylər, şaiyələr yaransa da, hətta bu fikir ayrılığı da Nemətlə mənim şəxsi münasibətlərimizə, silahdaşlığımıza elə bir ciddi təsir göstərmədi. Məni millət kitablarımın, xüsusən "Ömür kitabı”nın gətirdiyi şöhrətlə qəbul eləmişdi. Meydanda qabağa çıxmağa, danışmağa çoxları qorxurdu və ya bir dəfə çıxış edib yorulub gedirdi. Amma biz 18 gün davamlı olaraq çıxış etdik. Bundan sonra çox qəribə bir qısqanclıq dövrü başladı. Müxtəlif şayiələr, söz-söhbətlərlə bu hərəkatda önə çıxmaq istəyənlərin müxtəlif canfəşanlıqları özünü göstərməyə başladı... Sonrakı mitinqlərdə biz yeni-yeni liderlər yetirmək yarışının şahidi olduq.. Hətta bəzən mitinqlərdə mənə xəbər vermirdilər, guya mübarizədən yorulmuşam, geri çəkilmişəm. Halbuki, mübarizəm davam edirdi.

- Milli Azadlıq Hərəkatı dövrünün mətbu orqanları hələlik ciddi tədqiq olunmayıb. Sizin redaktorluğunuzla nəşr olunan "Azərbaycan" qəzeti də bu qəbildəndir. "Azərbaycan" necə yarandı?

- Bu barədə çox yazmışam. Xalq Cəbhəsinin idarə heyətinin birinci qurultayında məni ağsaqqallar şurasına seçdilər, idarə heyətinə bəzi tanımadığım adamlar seçildi. Gördüm ki, bu İdarə Heyəti ilə işləmək çətindi. Qarabağda kəndlər günü-gündən boşalır, torpaq əldən gedir, AXC-də mənasız iddiaların arası kəsilmir. Əvvəl ziyalılar birliyi yaratmaq istədik, sonra düşündük ki, bunu Xalq Cəbhəsinə alternativ sayacaqlar. Daha sonra Qarabağa Xalq Yardımı Komitəsini təsis etdik. Ziya Bünyadov, Tofiq Bağırov, İsmayıl Şıxlı və b. ziyalılarımız təklif etdilər ki, təşəbbüskar sənsən, komitənin sədri də sən ol. İmtina etdim, dedim mənim niyyətim başqadır, komitənin nəzdində qəzet çıxaracam. Əvvəl istəyirdim "Qarabağ” qəzeti buraxım, çünki Qarabağ kimi böyük bir vilayətdə rusca, ermənicə qəzetlər olsa da, lakin azərbaycanca qəzet yox idi. Heç vaxt da olmamışdı. Bir xeyli düşünəndən sonra qərara gəldim ki, Qarabağ bütün Azərbaycanın dərdidir; 18-20-ci illərdə də ilk milli parlament qəzetimiz "Azərbaycan” olub. Beləliklə qəzetin adını "Azərbaycan” qoydum.

- Qəzetin yaranmasında hansı probblemlər var idi? Dövrün ziddiyyətləri qəzetin yaranmasına çətinlik törətdimi?

- 1989-cu il oktaybrın 2-də qəzet çap edildi, lakin ayın 6-da satışa çıxdı. Qlavlit, yəni sezura vardı, 4 gün tərəddüd etdilər. Lakin xalq arasındakı nüfuzumuz qəzetin yolunun bağlanmasına imkan vermədi. Sonra mərkəzi komitə başqa üsula əl atdı. Azərbaycan nəşriyyatına tapşırıq verdi ki, qəzeti çap etməsin. Bu qərardan sonra nəşriyyatın bütün fəhlələri etiraz olaraq nəşriyyatın qabağına çıxdılar və yolu bağladılar, mitinq başladı. Tələbləri sadəydi:”Azərbaycan” qəzeti çıxmasa başqa heç bir qəzet çıxmayacaq!” Mərkəzi komitənin katibi Rafiq Zeynalov gəldi, nəşriyyatın direktoru Musa Nəbiyevlə çıxış edib işçiləri sakitləşdirmək istəsələr də, heç kimi sexlərə qaytara bilmədilər. Moskvadan gələn bütün qəzetlərin- "Pravda”, "İzvestiya”, "Trud”, "Komsomolskaya pravda” və s. hamısının çapı dayandırılmışdı. Axırda Rafiq Zeynalov dedi ki, sən onları sakitləşdir, sizin qəzetə də icazə verəcəyik. Mən mitinq iştirakçılarına müraciət etdim ki, gedin, amma birinci "Azərbaycan” qəzetini buraxın, sonra digər qəzetləri.

Lakin təzyiq bununla da bitmədi, bir neçə ay sonra, qəzeti Əhmədli mətbəəsinə atdılar. Burada qəzet bükən maşın yox idi. Qəzet kitab kimi dörd bükülmüş vəziyyətdə çıxırdı. Tiraj çoxaldığına görə uzun müddət belə davam edə bilməzdi. Sonra 3 saylı mətbəəyə müraciət etdik, burada tiraj 200 000-ə qalxdı. Axır camaatın təzyiqi ilə bizi yenidən "Azərbaycan" nəşriyyatına qaytardılar. Qəzetin tirajı 400 000 oldu.

- Daha çox hansı yazılar problem yaradırdı?

- Ordu ilə, Moskva ilə, rusların ermənipərəst siyasəti ilə, ikili standartlarla, Azərbaycan hökumət başçılarının zəifliyi ilə bağlı yazılar həmişə müqavimətlə üzləşirdi. Qəzet ilk sayı çıxandan sonra Vəzirov məni yanına çağırtdırdı. Kabinetində tək, qəzəblə oturmuşdu, qarşısında bizim qəzet... Məni görən kimi səsini yüksəldərək: "Bu nədi buraxmısan?" - söylədi. Dedim qəzetdir. Dedi bilirsən, sənin qəzetin indi Qorbaçovun stolunun üstündədir. Dedim, sağ olun, yaxşı xəbər verdiniz. Siz də sevinməlisiz ki, nəhayət, bizim də bir qəzetimizi Qorbaçov oxuyur. Dedi məni dolayırsan? Dedim, xeyr, mən düşündüyümü deyirəm. Pribaltika qəzetlərini oxuyursuz, gürcü qəzetlərindən xəbəriniz var, hamısı nə yazır bilirsiniz? Biz də millətimizin dərdini deyirik, Qarabağda savaş gedir, onu deyirik, bizə xəyanət var, onu deyirik. Dinlədi, bilir ki, düz deyirəm, amma mövqeyindən əl çəkmək istəmir. Birinci səhifəni cırdı, büküb üstümə atdı. Əzilmiş səhifəni tutub əlimdə saxladım. Qalan səhifələri bir-bir cırıb yumaladı və mənə atdı. Bütün səhifələri tutdum, sonra aparıb qoydum stolunun üstünə. Dedim çox sağ olun, təşəkkür edirəm, başqa sözünüz yoxdur? Cavab verdi ki, mən sözümü dedim. Bildirdim ki, sözünüzü eşitdim, gələn nömrədən qəzeti sizin adınıza buraxacam. Sonunda yazacam, "qəzetin baş redaktoru Əbdülrəhman Vəzirov”. Sonra əlavə etdim ki, indi mətbuat qanunu belədir, nə istəyirsən buraxa bilərsən. Hamıya aid olan, niyə bizə də aid olmasın? Mən qapıdan çıxanda Vəzirov ani bir cəldliklə gəlib qarşımı kəsdi. Guya zarafat edirmiş kimi böyrümə bir yumruq vurdu və dedi ki, get qəzeti burax, amma iradlarımı nəzərə al. Dedim mən bacardığım qəzeti buraxacam. Hər nömrə çıxanda hökmən mərkəzdən zənglər gəlirdi. Bu nədir, bu nə qəzetdir və s. Lakin xalqdan gələn gözəl zənglər, xoş sözlər, saysız-hesabsız məktublar bu tənbehləri unutdururdu...

- Maraqlıdır, yazarları necə toplayırdınız? Qəzetdə kommunizm təfəkkürlü insanlar var idi?

- Əməkdaşlar, əsasən dostlarım idi. Redaksiya heyətində Firudin Ağasıoğlu, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Əliyar Səfərli, Ziya Bünyadov, İsmayıl Şıxlı, Fərhad Bədəlbəyli, Fəridə Məmmədova, Elmira Axundova, Nadir Cabbarov kimi tanınmış ziyalılar vardı. Qalanları öz işçilərimiz idi: Elman Gədikli , Nicat Verdizadə (o həm rusca materiallara baxırdı, həm də mənim müavinim idi) Cümşid Nuriyev, Şaiq Bəhramoğlu... Şərif Kərimli məsul katib idi.

- "Azərbaycan” hansı qəzetin davamçısı oldu, bu gün "Azərbaycan”ın davamçısı hansı qəzetdir?

- Biz, faktiki olaraq 1918-1920-ci illərin Xalq Cümhuriyyətinin parlament orqanı olan "Azərbaycan”ı bərpası etmişdik. Qəzet Azərbaycan mətbuat tarixində bir dövr oldu və yeni müstəqil mətbuatın ənənəsini yaratdı. Hesab edirəm ki, mətbuat tariximizin bir neçə mərhələsi var: Həsən bəy Zərdabinin "Əkinçi”, Cəlil Məmmədquluzadənin "Molla Nəsrədddin”, 1918-ci il Cümhuriyyət mərhələsi və bir də 1989-cu ildə bizim dövrümüz.. İdeya və yazılarının keyfiyyəti, milli düşüncəyə, milli ideallara bağlılıq baxımından, bu qəzeti 1918-ci il "Azərbaycan”ının davamı hesab etmək olar.

- Qəzet həmin dövr üçün digər qəzetlərdən fərqli hansı missiyanı yerinə yetirdi?

- Azərbaycanın mətbuat tarixində bir müstəqil qəzetin yarım milyon tirajla çıxması qeyri-adi hadisə idi. Ziya Bünyadov ilk dəfə "Azərbaycan” qəzetində 37-ci il haqqında qırmızı terror silsiləsindən yazılarını çap etdirdi. Sonra ayrıca kitab buraxdı. Redaksiya üzvləri də özlərinin ürəyində olan dərdlərini qəzet vasitəsilə deyirdilər.

O, Azərbaycanın qəzeti, xalqın qəzeti, Qarabağın qəzeti, əzilən insanların qəzeti idi. Biz millət qəzeti buraxırdıq. Qəzet obyektiv idi, heç bir qərəzli yazı getməzdi. Kimliyindən asılı olmayaraq, bütün haqqı pozulan insanları müdafiə edirdi. Camaat bu qəzetə inanırdı; o şeyi ki, bu gün mətbuat orqanlarının əksəriyyəti bacarmır. Bu qəzetə hamı özününkü kimi baxırdı. Bu gün hamının, bütün vətəndaşların öz qəzeti hesab edəcəyi bir mətbu orqanı yoxdur. Siyasi partiyaların, müəyyən ictimai qurumların, tərəflərin qəzetləri var. Amma bütövlükdə, xalqın ruhunu ifadə edən milli qəzet yoxdur.

- Sabir bəy, niyə qəzet uzunömürlü olmadı? "Azərbaycan"la bir vaxtda işıq üzü görən "Azadlıq”, "Yeni Müsavat” uzun müddət çap olundu. Hətta "Yeni Müsavat" bu gün də çap olunur...

- Məni Ayaz Mütəllibov çağırdı ki, istəyirik Xalq Hərəkatından bir neçə adamı rəsmi işə dəvət edək. Mətbuat komitəsinin sədri kimi məni nəzərdə tutmuşdular. Dedim yoldaşlarla məsləhətləşməliyəm. Xalq cəbhəsində hərəkatçı dostlarımla məsləhətləşdim. Hamısı çox sevindilər ki, bizə mətbuat çox lazımdı. Bir qəzet üçün lisenziya ala bilmirik. Radio-informasiya agentliyinə lisenziya verilmir. Bir həftədən sonra Ayaz Mütəllibovla təzədən görüşdüm və bir şərtlə razı olduğumu bildirdim. Dedim siz hesab etməyin ki, mən ora gedəndən sonra "Azərbaycan” qəzetinin səsi batacaq, xeyr, batmayacaq. Sonra gördüm ki, komitənin işi getdikcə çoxalır. Özüm də parlamentdə olduğuma görə qəzeti parlament qəzeti etmək qərarına gəldim . Ad bizdə olduqca parlament qəzeti buraxa bilməzdi. Parlamentin öz qəzetinin adı "Həyat” idi. "Azərbaycan"a iki il baş redaktorluq etdim. Sonra baxdım ki, nazirliyin işi, qəzet və Milli Məclis... çatdıra bilməyəcəm. Ona görə qəzeti parlamentə verdim. İsa Qəmbər parlamentin sədri olanda dedim ki, qəzetdə qala bilmirəm. Qəzetdən getdim. Bəlkə də bu, düzgün addım deyildi.

- Bu il qəzetin nəşrinin 30 ili tamam olacaq...

- Bəli, parlament rəhbərliyi ilə razılaşdıq. Qəzet çap olunanda baxdım ki, təsis tarixi 1992-ci il göstərilib. Dedim ayıb deyil? Bu qəzet 1989-da çap olunub. Siz bu qəzeti öz bünövrəsi üstündə davam etdirməlisiniz. Onda götürüb yazdılar 1918-ci il. Təki 1989-cu il görünməsin, bizim xidmətimizi unutdursunlar... İndiki qəzetdə yenə 1918-ci il yazılır. Hətta "Azərbaycan” qəzeti haqqında xüsusi kitab buraxıblar, tarixi salnamə filan... Orda da bizim buraxdığımız qəzet haqqında heç nə yazmayıblar... Bu adamlar xəstə şüurla yaşayırlar... Bəli, "Azərbaycan”ın bərpasının 30 illiyi olacaq və biz onu geniş şəkildə qeyd edəcəyik.

- Qarabağ ağrılarından başqa sizi daha çox hansı məsələlər düşündürür?

- Bu gün ən böyük dərdimiz, şübhəsiz, Dağlıq Qarabağdı. Və o torpaqlar qaytarılmalıdır. Mən ümidimi itirməmişəm. İkinci böyük dərdimiz Azərbaycanın parçalanmış vəziyyətdə olmasıdır. İranda yaşayan 35-40 milyon xalqın öz ana dilində təhsil ala bilməməsidir. Üçüncü, Urmiya gölüdür. Orda 10 milyard kub duz var. Urmiya gölü qurusa, nəinki Cənubi Azərbaycan, bütövlükdə bu bölgə duzun altında qalar və ekoloji cəhətdən yaşanmaz hala düşər. Bakının ekoloji vəziyyəti... Çox ciddi bir məsələdir. Bütövlükdə Azərbaycan torpaqlarının suvarma sistemi yarıtmaz haldadır. Torpaqlar duzlaşır. Ayrılan vəsait səmərəli xərclənmir.

- Yazmaq istəyib yaza bilmədiyiniz mövzu varmı?

- O qədər!..Adam yaşa dolduqca daha çox yazmaq istəyir. Amma vaxt çatmır. Yaşa dolduqca daha çox tanınırsan və rahatlığın itir.. Bugünkü günümüzlə bağlı yeni bir roman üzərində işləyirəm. Başqa yarımçıq kitablar da var...

Sevda Ulutau





SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22