2019-04-29 11:57:57   |   367 dəfə oxunub

“Doğrudan da Azərbaycan nəqliyyat qovşağına çevrilib” - Deputat




Xəbər verdiyimniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxış edib. Cənab prezident çıxışında bir neçə məqama toxunub və həmin məsələlərdən biri də Azərbaycanda nəqliyyat infrastrukturunun
yaradılması və inkişafı ilə bağlı olub. Ölkə başçısı diqqətə çatdırıb ki,müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır:

"Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. 

Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir. İnfrastrukturun inkişafına, həmçinin, çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Qeyd etdiyim kimi, 260 milyard dollar həcmində investisiya yatırılıb və bunların yarısını xarici investisiyalar təşkil edir. 

Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son "Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır”.

Dövlət başçısı nəqliyyat infrastrukturundan danışarkən hava nəqliyyatına qoyulan investisiyalardan da söz açıb: 

"Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır”.

Cənab prezidentin fikirlərini olduqca yüksək qiymətləndirən millət vəkili Rüfət Quliyev
"Sherg.az”a söyləyib ki, doğrudan da Azərbaycan nəqliyyat qovşağına çevrilib:

"Azərbaycanın nəqliyyat və tranzit potensialının inkişafı üçün böyük imkanları var. Və ölkəmiz
bu sahədə böyük uğurlara imza atıb. Tərəqqiyə Bakı-Tbilisi-Qars, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr imkan yaradır. Bu, Azərbaycana xarici valyutanın cəlb olunmasına, əhalinin məşğulluğunun və ölkənin beynəlxalq arenada nüfuzunun artmasına xidmət edəcək”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24