2019-05-02 13:37:14   |   271 dəfə oxunub

Təklif gələndə çox sevinib

"Eurovision-2019" müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri Xalq artisti Faiq Ağayev elan edəcək

"Əminəm ki, bu missiyanın da öhdəsindən layiqincə, peşəkar səviyyədə gələcəm"



İctimai Televiziya və Radio Yayımları Şirkəti Təl-Əvivdə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.
Məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri Xalq artisti Faiq Ağayev elan edəcək.

Ağayev yarışmanın qaydalarına əsasən final gecəsi iştirakçıların taleyini həll edəcək balları İTV-nin canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.
Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda "Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

Şüarı "Arzulamağa cürət et” (Dare to Dream) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə müğənni-bəstəkar Murad Arif olacaq.

"Evrovizion-2019" mahnı müsabiqəsində önəmli missiyalardan birini yerinə yetirəcək Xalq artisti Faiq Ağayev «Şərq»ə danışıb. «Avropanın diqqətində olan önəmli bir musiqi yarışında Azərbaycandan gedən səsləri elan etmək həm məsuliyyətli, həm də qürurvericidir. Mənə bu təklif gələndə çox sevərəkdən razılaşdım. 

Azərbaycanı belə bir mötəbər yarışda təmsil etmək bir sənətkar kimi də, bir Azərbaycan vətəndaşı olaraq da qürur verir. Əslində artıq bir müddətdir bilirdim ki, "Evrovizion" müsabiqəsində Azərbaycandan gedən səsləri mən səsləndirəcəm. Sadəcə bu gün ictimaiyyətə bu barədə məlumat verildi. Təklif gələndə çox sevindim. Müsabiqənin öz qaydaları var. Məşqlər olmalıdır, təbii ki, mən də o məşqlərə hazırlaşacam. 

Hələ ki, o mərhələ barədə danışmaq tezdir. Qismət olsun İctimai Televiziya mənə məşqlər barədə məlumat verəcək. Yaradıcılığımı izləyənlər bilir ki, mən hər zaman ən yaxşılarına imza atmağa çalışmışam, buna nail olmuşam. Əminəm ki, bu missiyanın da öhdəsindən layiqincə, peşəkar səviyyədə gələcəm. Mən üzərimə götürdüyüm məsuliyyəti hər zaman dərk edib, o məsuliyyəti daşımağı bacarmışam. Bu dəfə də yüksək səviyyədə Azərbaycanı təmsil edəcəm. 

Qaldı belə bir önəmli yarışda estetik görünüşə, geyim və digər məqamlara, yerli mütəxəssislərə müraciət etmişəm. Onların bir neçəsi ilə görüş keçirmişəm. İnşallah, ən yaxşılarından biri ilə işbirliyimiz olacaq. Həmin gün təkcə yüksək səviyyədə nitq bacarığımla deyil, eyni zamanda zövq verə biləcək görünüşümlə Azərbaycanı təmsil edəcəm».

Tahirə






SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25