2019-05-02 13:56:13   |   340 dəfə oxunub

Rəsulzadənin ruhunu incidənlərə cavab: “Onu tarixdən 70 illik sovet rejimi silə bilmədisə...”

“...portretlərinə xoşagəlməz münasibət göstərməklə və ya sosial şəbəkələrdə neqativ şəkillər yaymaqla onu tarixdən silmək mümkün deyil”




Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəyə qarşı təhqiramiz ifadələrin ardı-arası kəsilmir. Ötənlərdə Feysbuk sosial şəbəkəsində adıçəkilən tarixi şəxsiyyətimizin şəkli fotoşop edilərək üzərinə nalayiq ifadələr yazılıb. Növbəti xoşagəlməz foto isə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəsssisələrinin birində qeydə alınıb.

Belə ki, adı həılə ki məlum olmayan bu universitetdə köhnə əşyalar toplanaraq zibilliyə atılıb. Həmin əşyalar içərisində M.Ə.Rəsulzadənin də portreti var. Təbii ki, bütün bunlar tariximizə, görkəmli şəxsiyyətlərimizə qarşı olan utancverici münasibətin göstəricisidir.

Baş verənlərlə bağlı "Sherg.az”a danışan tarixçi-alim Nəsiman Yaqublu bildirib ki, hər bir xalqın tarixi şəxsiyyətlərinə sayğı ilə yanaşması olduqca vacibdir.

Tarixçinin sözlərinə görə, bu, həmin xalqın mədəniyyətinin göstəricisidir:

"Azərbaycanın tarixində önəmli rol oynamış, ilk demokratik dövlətimizin əsasını qoymuş M.Ə.Rəsulzadəyə qarşı bu cür davranışlar əvvəllər də var idi. Hələ 1920-ci ildə aprel ayının sonunda Azərbaycanda sovet rejimi yaradılan dövrdən Rəsulzadəyə qarşı belə davranış nümayiş olunurdu. Çünki Rəsulzadə bütövlükdə Azərbaycanın istiqlalını müdafiə etdiyinə görə, sovet rejiminə qarşı amansız mübarizə aparırdı. 

Həmişə bu rejimin tərəfdarları Rəsulzadənin əleyhinə təbliğat aparırlar. Sonrakı dövrlərdə də Rəsulzadə xəttindən uzaqlaşan adamlar ona qarşı bu kampaniyaları aparmağa başladılar. Ortalıqda bir həqiqət var:- Rəsulzadə Azərbaycanda ilk demokratik dövlətin yaradıcısıdır. O bütün həyatını Azərbaycan xalqının azadlığına həsr etmiş insandır. 

Rəsulzadəni tarixdən 70 illik ömrü olan sovet rejimi silə bilmədisə, onun portretlərinə xoşagəlməz münasibət göstərməklə və ya sosial şəbəkələrdə neqativ şəkillər yaymaqla tarixdən silmək mümkün deyil. Bu təbliğatlar qayıdıb bumeranq kimi həmin adamların öz başına dəyəcək. Çünki Rəsulzadə elə bir əməl sahibi olub ki, tarix onu həmişə özündə yaşadacaq. Nə qədər ki, Azərbaycan xalqı var, Rəsulzadə adı da xalqımızla yanaşı gedəcək”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25