2019-05-04 13:21:43   |   151 dəfə oxunub

Bizi zəiflətmək üçün imkan gözləyirlər...

Halbuki, ümummilli məsələlərdə bütün siyasi qüvvələr hakimiyyətin yanında olmalıdır

Əfsuslar olsun ki, donorlardan aldıqları maliyyələr hesabına ölkə və xalqa qarşı çıxmaqdan utanmayan bəzi qruplar öz məqsədlərinə çatmaq üçün hər bir sövdələşməyə hazırdırlar



"Son zamanlar istər daxildə, istər xaricdə ayrı-ayrı qüvvələrin siyasi hakimiyyətə qarşı apardıqları çirkin oyunların arxasında dövlətçiliyimizi zəiflətmək missiyası dayanır”. Bunu "Şərq”ə açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Analitik bildirib ki, dünyada cərəyan edən hadisələr və çətin sınaq qarşısında ölkəmizin bu proseslərdən üzüağ çıxması bir çox qüvvələrin xoşuna gəlmir: "Azərbaycanda sosial sahədə və idarəçilikdə aparılan islahatlar, eyni zamanda, beynəlxalq iqtisadi arenada TANAP, TAP, Şərq-Qərb, Şimal-Cənub nəqliyyatları üzrə apardığımız təqdirəlayiq siyasət göz qabağındadır. Bunu nə şişirtməyə, nə də reklam etməyə ehtiyac var. Bəli, biz bacardıq. Rəsmi Bakı Çin ilə Avropa arasında bir çox nəqliyyat dəhlizlərinin olmasına baxmayaraq, Şərqi Asiyadan Avropaya yükdaşımalarda müstəsna rola malikdir. Bu, bizim üçün qələbədir. Eyni zamanda, Şərq-Qərb dəhlizindən heç də geri qalmayan Hind hövzəsi, Körfəz və Rusiya, Şimali Avropa ölkələri ilə ticarət yolunu da əlimizə almış olduq. Hər iki layihənin Ermənistandan keçməsini istəyən çox ciddi qüvvələrin olmasına baxmayaraq onlar bunu bacarmadılar”.

Siyasi şərhçi bildirib ki, liderlərin qlobal iqtisadi və siyasi münasibətlərə təsir edəcək layihələri reallaşdırmaları dünyanın başında dayanan bir çox qrupların hiddətinə və etirazına səbəb ola bilər: "Lakin cənab Prezident möhkəm iradə nümayiş etdirərək bütün bu layihələrin reallaşmasına nail oldu. Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Cənub-Şimal layihələri məhz İlham Əliyevin müdrik siyasəti nəticəsində baş tutdu. Bu sırf Prezidentin qələbəsidir. Əfsuslar olsun ki, donorlardan aldıqları maliyyələr hesabına ölkə və xalqa qarşı çıxmaqdan utanmayan bəzi qruplar öz məqsədlərinə çatmaq üçün hər bir sövdələşməyə hazırdırlar. Bu donorlar həm bizdən çox-çox uzaqlardan, həm də sərhədlərimizin o taylarından bizi zəiflətmək üçün bütün imkanlardan istifadə edirlər”.

Z.Məmmədov təəssüflə bəyan edib ki, Azərbaycanda fəaliyyətdə olan vətəndaş cəmiyyətinin bir çox institutları və özlərini müxalifətin liderləri sayanlar dövlətin yanında durmaq əvəzinə iqtidara qarşı fəaliyyət göstərirlər: 

"Bəli, müxalifətin əsas vəzifəsi, hakimiyyətə gəlmək və iqtidarı tənqid etməkdir. Lakin ümummilli məsələlərdə bütün siyasi partiyalar hakimiyyətin yanında olmalıdırlar. Sizə təkcə bir misalı çəkəcəm. Erməni olduğu məndə şübhə doğurmayan Okruasvili son iki həftədə birinci, Gürcüstandakı soydaşlarımızı qovmaqla hədələyəndən sonra, indi də Azərbaycan müxalifətinə dəstək verməyin önəmini qeyd edib. Keçən həftə müxalifətdə olan Leyboristlər Partiyasının sədri də bizi təhqir etməkdən çəkinməyib. Bütün bunlardan sonra bizim radikal müxalifət nə etdi? Onlar niyə Azərbaycan üçün önəmli olan məsələlərdə susmağa üstünlük verirlər?

Bizim radikal müxalifət siyasi partiyalarından bir nəfər çıxıb bu yaramazlara cavab vermədilər ki, ay filankəslər, siz kimsiniz ki, Azərbaycanı və azərbaycanlıları təhqir edirsiniz?! Niyə ermənilərlə bağlı, Qarabağla bağlı xarici qüvvələrin xoşuna gəlməyəcək, lakin xalqımızın milli maraqlarına cavab verən bəyanatlar vermirlər, çıxışlar etmirlər? Çünki maliyələrinin kəsilməsindən qorxurlar, ümummilli problemlər onlar üçün vacib deyil. Onların məqsədi gözdən pərdə asmaqdır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-20