2019-05-04 16:40:26   |   182 dəfə oxunub

"Biz hələ yolun başındayıq"

Həmidə Ömərova: "Zamanla ictimaiyyəti narahat edən, efirlərimizə qüsur gətirən bütün problemlər həllini tapmalıdır"




ATV-dən sonra Xəzər TV-də də Bədii Şura yaradılıb.

Sözügedən kanaldakı şuraya Xalq artisti Nazpəri Dostəliyeva, Həmidə Ömərova, Xalq yazıçısı Elmira Axundova, bəstəkar Novruz Aslan və bir neçə tanınmış üzv seçiliblər.

Telekanallarda bədii şuraların yaranmasında əsas məqsəd son illər teleməkanlarımızda baş verən xoşagəlməz olayların qarşısını almaq, efir mədəniyyətinə nəzarət etmək, təsadüfi insanları efirdən uzaqlaşdırmaq, televiziyada yalnız istedadlı insanlara qapı açmaqdır.

Xəzər televiziyasının Bədii Şura üzvlərindən Xalq artisti Həmidə Ömərova ilə əlaqə yaratdıq. Bədii Şuranın qarşısına qoyduğu məqsəd və tezislərlə bağlı Həmidə Ömərova «Şərq»ə danışdı: 

«Artıq Bədii Şura ilk iclasını keçirtdi. İlk görüşümüzdə biz bəzi tezisləri irəli sürdük, bəzi konsepsiyalarımızı təqdim etdik. Təbii ki, Bədii Şuraya dəvət olunan tanınmışlar hərə öz sahəsində olan qüsurları dilə gətirdi. Mən əsasən televiziyada aparıcıların efir mədəniyyəti, danışıq və diksiyaları, onların tamaşaçı ilə ünsiyyət mədəniyyəti ilə bağlı fikirlərimi dilə gətirdim. 

Ayaz Salayev öz tezislərini irəli sürdü. Xalq artisti Nazpəri xanım sənətçilərin, müğənnilərin efir mədəniyyətinə toxundu. Bizim əsas məqsədimiz televiziya, efir mədəniyyətinə riayət etmək, dil probleminə nəzarət etməkdir. Heç kimə sirr deyil ki, bəzən efirlərimizdə son dönəmlər xoşagəlməz olaylar baş verib. Tamaşaçı efirə yaraşmayan, təhqir və söyüşlərin şahidi olub. Ən ağrıdıcı məqam isə odur ki, bunları tanınmışlar, illərlə televiziyada gördüyümüz insanlar edəndə bu xüsusilə vəziyyəti bir qədər də ağırlaşdırır. 

Ona görə də efir mədəniyyətinə nəzarət etmək üçün efirdə olan aparıcıdan tutmuş dəvət olunan qonağa qədər hər kəs qaydalara riayət etməli, səhnə mədəniyyətinə önəm verməli, danışığında qeyri-etik ifadələrə imkan yaratmamalıdır. Təbii ki, biz hələ yolun başındayıq. 

Zamanla ictimaiyyəti narahat edən, efirlərimizə qüsur gətirən bütün problemlər həllini tapmalıdır. Bunun üçün Bədii Şuranın hər bir üzvü üzərinə düşəcək məsuliyyəti dərk edir. Biz Azərbaycan efir məkanının səliqəli, estetik və intellektual səviyyədə təqdim olunması üçün əlimizdən gələni əsirgəməmək üçün çalışmalıyıq».

Tahirə





SON XƏBƏRLƏR

2019-05-22