2019-05-06 16:27:41   |   382 dəfə oxunub

Ticarət aləminin “xəstəliyi”: Elə ki bayram gəldi, bahalaşma... ! - Narazılıq

Fuad İbrahimov:“Sahibkarın özündə vətəndaş mövqeyi olmalıdır. O düşünməlidir ki, nəyə görə əsassız şəkildə hansısa məhsulun qiymətini qaldırır? !”



Ramazan bayramının başlaması ilə quru meyvə bazarında bəzi məhsulların qiyməti bahalaşıb. Yalnız Ramazanda deyil, bütün bayramlarda tələb çoxaldığı üçün mütləq qiymətlərdə artım müşahidə olunur. Sahibkarlar sui -istifadə edərək məhsulları istədiyi qiymətə satırlar. Təbii ki, alıcılar bu durumdan narazıdır.

İranda xurmanın birdən-birə 6-7 dəfə bahalaşmasından sonra (1 kiloqramı 300-350 rial – təxminən 7,14-8 dollar olub) bu ölkədən həmin meyvənin ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir göstərib. Hazırda bazarda İrandan gətirilən "paçka xurması” kimi tanınan, karton qutulara qablaşdırılmış 500 qramlıq xurma 2 manat 80 qəpik – 3 manata satılır.

Bayramqabağı qiymətlərin artmasını ticarət aləminin tarixi xəstəliyi kimi qiymətləndirən iqtisadçı Fuad İbrahimov "Sherg.az”a bildirdi ki, belə hallar yalnız Azərbaycan deyil, dünyanın istənilən ölkəsində müşahidə olunur:

"Düzdür, Amerika kimi iqtisadi inkişaf etmiş ölkələrdə belə hallar nəzərə çarpmır. Amma elə ölkələr var ki, bu məqamın öhədliyindən tam gəlmədiyi üçün sözügedən proseslər gözə dəyir. Bütün bunlar ticarət dünyasının yazılmamış qaydaları ilə əlaqəlidir. Bu gün təklif və tələb arasında belə vəziyyət yaranır. Nəyəsə tələbat çoxdursa, mütləq şəkildə qiymətlərdə artım müşahidə olunur. Sahibkar bu yolla daha çox gəlir əldə etmək istəyir. 

Demirəm ki, bunu edən sahibkar vicdansızdır. Amma sahibkar da vicdan nöqteyi-nəzərədən anlayışlı olmalıdır. Elə insanlar var ki, xurmanı alır və müqəddəs bayram günü hər kəsə paylayır. Lakin söhbət yalnız Ramazan bayramından getmir. Ümumiyyətlə, bütün bayramlarda nəyə tələbat varsa, onun qiymətində artım müşahidə olunur. Sahibkarın özündə vətəndaş mövqeyi olmalıdır. O düşünməlidir ki, nəyə görə əsassız şəkildə hansısa məhsulun qiymətini qaldırır ?!”.

İqtisadçının sözlərinə görə, qanunvericilik bazar iqtisadiyyatı ilə bağlı prosesləri tənzimləmir:

"Bazar iqtisadiyyatının da özünəməxsus qaydaları var. Bu cür hallar hər bir insanın öz insafına buraxılmalıdır”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24