2019-05-06 21:00:59   |   309 dəfə oxunub

Avtovağzalda kassir -sürücü işbirliyi... – Soyğunçuluq !

“Avtobusun sürücüsü əlində xeyli sayda şəxsiyyət vəsiqəsi gətirərək qabaq sıraların biletini alıb və ayrı-ayrı şəxslərə daha baha qiymətə satıb”

Sahib Məmmədov : “Nə qədər ki, əmək haqqı sürücünün apardığı sərnişinlərin sayından asılı olacaq o zaman belə mənzərəni aradan qaldırmaq mümkün olmayacaq”


Xeyli müdddətdir ki, Bakı Beynəlxalq Avtovağzalı (BBAK) öz vebsaytı vasitəsilə "online” bilet satışı həyata keçirir. Doğrudur, "online” bilet satışında hər hansı bir neqativ məqama rast gəlinmir. Bilet satışı ilə bağlı xoşagəlməz hal avtovağzalın özündə təşkil edilən kassalarla bağlıdır. Sərnişinlər bu sistemin tam şəffaf işləmədiyini iddia edirlər. Yəni, avtovağzalda kassir -sürücü işbirliyi hələ də davam edir. Belə ki, onlayn sistemdə boş yerlərin olduğu göstərilsə də, xəzinədarlar biletlərin satıldığını deyir. Əvəzində isə həmin biletləri sürücülər özləri əldə edir və sərnişinlərə baha qiymətə satırlar.

Bu barədə redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi qeyd edir ki, may ayının 3-ü axşam saat 23:00-da avtovağzalda kassaya yaxınlaşaraq Bakıdan –Marneuliyə gedən avtobusa bilet almaq istəyib. Kassanın önündəki monitor həmin reys üzrə 23 yerin boş olduğunu göstərəsə də, xəzinədar həmin yerlərdən 18-nin satıldığını, yalnız 5 ən arxa yerin boş olduğunu qeyd edib. Şikayətçi isə həmin 5 yerdən birini alıb. Daha sonra sözügedən avtobusun sürücüsü əlində xeyli sayda şəxsiyyət vəsiqəsi gətirərək qalan 18 qabaq sıraların biletini alıb və ayrı-ayrı şəxslərə daha baha qiymətə satıb.

Baş verənlərlə bağlı "Sherg.az”a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, sərnişin daşımasına xidmət edən bütün yerlərdə bilet manipulyasiyasını doğuran bir neçə səbəb var:

"Birincisi, nəqliyyat vasitəsinə yer çatışmır və beləliklə bileti real qiymətdən artıq satmağa başlayırlar. Digər səbəb isə odur ki, qiymətlər real deyil. Məsələn, daşıyıcılar müəyyən olunan tariflərdən kənar qiymətlərlə sərnişin daşımağa üstünlük verirlər. Ona görə də müştəri yığırlar və özləri gəlib bilet alırlar. Bütün bunlar sui-istifadə hallarıdır və təbii ki, ciddi məsuliyyət yaradır. AZAL-a məxsus olan təyyarələrdə də belə hallar olur. 

Bir də görürsən ki, rezerv yerlər saxlayırlar. Bu məsələnin qanuni tərəfi odur ki, bəzən korporativ müştərilər olur və onlar üçün daimi rezerv yeri saxlayırlar. Müştəri gəldi-gəlmədi ödənişlər həyata keçirilir. Yalnız son anda həmin boş yerlərin biletlərini satmağa başlayırlar. Amma bu da sui-istifadə deməkdir. Belə hallar qanun pozuntusudur və bununla bağlı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şikayət etmək lazımdır. Eyni zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də məlumat vermək olar”.

S.Məmmədov qeyd edib ki, avtobuslarda yer çatışmayan zaman qiymətləri süni şəkildə şişirdirlər:

"Belə hal təkcə ölkədaxili deyil, ölkəxarici reyslərdə də var. Əvvəllər bir neçə dəfə Şimalı Qafqaza avtobusla getmək məcburiyyətində qalmışam. Orada da həmin mənzərə idi. Amma bu hadisə illər əvvəl yaşanmışdı. Elə bilirdim ki, indi bu problemlər tənzimlənib. 

Məsələn, şəhər nəqliyyatında elə etdilər ki, artıq sürücünün pul toplamaq marağı yoxdur. Bakı Nəqliyyat Agentliyinin avtobuslarında sürücü pulları toplamır. Təxminən avtovağzalda da belə bir sxem yaratmaq lazımdır. Sürücünün marağı olmasın ki, sərnişin kimdir və hara gedəcək. 

Elə sistem yaradılmalıdır ki, sürücü təyin olunan vaxtda avtobusu idarə etsin, sonra geri qaytarsın və konkret əmək haqqı üçün xidmət etsin. Nə qədər ki, əmək haqqı sürücünün apardığı sərnişinlərin sayından asılı olacaq o zaman belə mənzərəni aradan qaldırmaq mümkün olmayacaq”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2019-05-22