2019-05-08 18:18:03   |   959 dəfə oxunub

Jurnalistdən münasibət: “Deputat bu məsələyə də aydınlıq gətirsin !”

Azər Həsrət: “Uşağın hansı şəkildə qidalanması, özünü dolandırması ilə bağlı Rasim müəllimin təklifini eşitməmişəm”

“O sadəcə, problemin ani çözülməsinə nail olmaq istəyirdi və nail oldu da. Müvafiq qurumlar ona reaksiya verdilər və uşağı keçiddən uzaqlaşdırdılar”



İki gün öncə millət vəkili Rasim Musabəyovun "Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları "nəticə verib”. "Popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.

Bununla bağlı Rasim Musabəyov Feysbuk sosial şəbəkəsində məlumat verib:

"Dünən axşam "Azneft” meydanı yaxınlığında yeraltı keçid "popkorn” qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq, nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

Xatırladaq ki, deputatın sosial şəbəkədə yazdığı status və paylaşdığı foto ciddi tənqid atəşinə tutulub. Millət vəkilinin bu cür davranış sərgiləməsi təbii olaraq birmənalı qarşılanmayıb. Əksəriyyət deputatı gəncin çörəyinə bais olmaqda ittiham edib.

Parlamentin üzvünün davranışı ilə bağlı fikirlərini "Sherg.az”la bölüşən tanınmış jurnalist Azər Həsrət bildirib ki, Azərbaycanda küçə ticarətinin olması modern ölkəmizdə yaraşmır.

A.Həsrət qeyd edib ki, Bakı müasir şəhərdir və dünyanın diqqəti daim bizim üzərimizdədir:

"Ölkəmizdə dünyanın diqqətini cəlb edən qlobal tədbirlər keçirilir, Azərbaycana tez-tez böyük nümayəndə heyəti gəlir. Xüsusilə, Bakı şəhəri öz səliqə-səhmanı, qayda-qanunu ilə seçilməlidir. Bu baxımdan deputatı başa düşürəm və dəstəkləyirəm. Lakin problemin həlli "pop-korn” satan uşağı keçiddən uzaqlaşdırmaqdadırmı? Təbii ki, yox. Düşünürəm ki, deputat doğrudan da uşağın keçiddə "pop-korn” satmasından, oradakı qoxudan narahatlıq duyursa, problemi qaldırmalı və ictimailəşdirməlidir. 

Lakin bunun əvəzində uşağın "pop-korn” satmağa məcbur olmaması üçün təkliflər verməlidir. Yəni, biz necə etməliyik ki, uşağımız gedib orada elə ticarətlə məşğul olmaq məcburiyyətində qalmasın. Məncə, Rasim Musabəyov məsələni bu cür qoysaydı, hər kəs onu dəstəkləyərdi. Amma o sadəcə olaraq problemin ani çözülməsinə nail olmaq istəyirdi və nail oldu da. Müvafiq qurumlar ona reaksiya verdilər və uşağı keçiddən uzaqlaşdırdılar. Lakin uşağın hansı şəkildə qidalanması, özünü dolandırması ilə bağlı deputatın təklifini eşitməmişəm. Arzu edərdim ki, Rasim müəllim bu məsələyə də aydınlıq gətirsin. Sosial mediada deputatı təhqir edənlərə gəlincə, kifayət qədər ədəbsiz fikirlər yer alır. Fikrimcə, bu, yaramaz yanaşmadır. Sosial problemin həlli ilə bağlı deputatın emosiyadan kənar təklifini eşitmək istərdik. Bu mənim üçün maraqlı olardı”.

A.Həsrət küçə ticarətinə qarşı olduğunu da qeyd edib:

"Ona görə ki, biz qaraçı, dilənçi deyilik. Azərbaycan xalqı öz intellekti və səviyyəsi ilə seçilir. Məncə, insanlarımıza ticarətlə məşğul olmaq üçün daha sivil şəkildə imkanlar yaratmalıyıq. Buna imkanı olmayanlara da dəstək olmalıyıq ki, normal ticarətlə məşğul olsunlar. 

Yoxsa bəzən küçələrdə görürük ki, polis bu cür ticarətlə məşğul olanları qovalayır. Bu da xoşagəlməz haldır. Düşünürəm ki, şəhərimizi belə mənzərələrlə gözdən salmaq yaxşı deyil. Küçə ticarətinə məcbur olan adamların normal iş yeri ilə təmin edilməsi üçün çıxış yolları tapmaq lazımdır. İstərdim ki, hörmətli Rasim Musabəyov da bu yöndə öz təkliflərini səsləndirsin”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25