2019-05-09 13:15:55   |   165 dəfə oxunub

ABŞ-ın yaşıl silahı da əldən çıxır

Rusiya "dollar"ı tarixin arxivinə göndərir

"Neft ölkələri ortaq məxrəcə gələrək istehsalı və qiyməti tənzimləyə bildilər. Sadəcə dollar məsələsi qalıb. Amerikanın əlindən bu son silahını da almağın vaxtıdır"



Ötən gün Rusiya Mərkəzi Bankı müxtəlif valyutalarda olan ehtiyatların bölgüsünü açıqlayıb. 2018-ci ilin raporuna görə, Bank bundan sonra öz pul ehtiyatlarını ABŞ dollarından çıxararaq avro, yuan və qızıl aktivlərinə üstünlük verəcək. Rusiyanın maliyyə naziri Anton Siluanov da deyib ki, ölkədəki neft-qaz şirkətlərinin ödəmələrində dolların payını maksimum azaltmaq üçün hökumətə proqram təqdim ediləcək. Rusiyanın beynəlxalq valtuya ehtiyatlarında dolların payı 2017-ci illə müqayisədə 23 faiz aşağı düşüb. Məlumdur ki, ötən ilin aprelində ABŞ Rusiya biznesmenləri, dövlət və özəl şirkətlərinin rəhbərlərinə qarşı 2014-cü ildən bəri ən sərt sanksiyaları tətbiq edib. Bundan sonra ölkə rəhbərliyi Rusiya iqtisadiyyatının "dollarsızlaşdırılması” üçün addımlar atmağa başlayıb.

Rusiya tərəfindən atılan addımları "Şərq”ə dəyərləndirən "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, Amerikanın özünə tabe olmayan ölkələrə qarşı əlindəki təzyiq silahı yaşıl dollardır: 

"ABŞ qlobal maliyyə birjalarını min-bir fırıldaqla ələ keçirib. Ona görə də dollarla istənilən ölkənin iqtisadi sisteminə zərər vura bilir. İran, Türkiyə, Rusiya və s. məhz bunun ziyanını çəkirlər. Qlobal maxinasiyalardan qurtulmağın yeganə yolu dollarla həyata keçirilən əməliyyatları ləğv etməkdir. Rusiya artıq de-dollarizasiya prosesini başa çatdırmaq üzrədir. İran və Türkiyədə müəyyən işlər görülür. Bu ölkələr ticarətlərini və maliyyə hesablaşmalarını öz milli valyutaları ilə və qızılla aparmağa çalışırlar. Əks halda süni yolla dolların uçot faizi artırılacaq və ölkələrin sərvətləri çox ucuz qiymətə talanacaq. Dolların məzənnəsinin dəyişməsi və neftin qiymətinin süni ucuzlaşdırılması nəticəsində bizə də 15 milyard dollara yaxın zərər dəydi. O baxımdan ölkələr ABŞ-ın dollar oyununa qarşı çıxış yolu axtarırlar”.

İqtisadçı vurğulayıb ki, artıq neftin qiymətinə müdaxilə minimuma endirilib: "Neft ölkələri ortaq məxrəcə gələrək istehsalı və qiyməti tənzimləyə bildilər. 

Sadəcə dollar məsələsi qalıb. Amerikanın əlindən bu son silahını da almağın vaxtıdır. Rusiyaya gəldikdə isə, düşünmürəm ki, təkcə ABŞ-ın sanksiyasından ciddi zərər çəksin. Dünyada əməkdaşlıq etmək üçün 200 ölkə var. Türkiyə və İran da müəyyən qədər ziyan görsələr də, son nəticədə proses onların xeyrinə olacaq. Misal üçün, Amerika və ona tabe olan bəzi ölkələrin sanksiyasından və dolların süni bahalaşmasından sonra Rusiya və İranda yerli istehsal artıb, idxal isə azalıb. Türkiyədə bu proses sürətlənib. Fikrimcə, getdikcə daha çox ölkə de-dollarizasiya prosesinə qoşulacaq. Əgər neftin qiymətinin dollara bağlılığını aradan qaldıra bilsələr, dollar vasitəsilə dünya ölkələrini talamaq mümkün olmayacaq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24