2019-05-10 13:28:34   |   225 dəfə oxunub

Mərkəzi Asiyada stabillik adası - Foto

Qitənin nəhəng dövlətlərindən biri olan Qazaxıstan növbədənkənar Prezident seçkilərinə hazırlaşır



"İndidən demək olar ki, otuz yaşlı gənc bir dövlət üçün qarşıdakı seçkilər əvvəlkilərdən fərqlənəcək. Məsələ burasındadır ki, cari ilin mart ayında Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev müstəqil dövlət kimi respublikanı 30 il idarə edəndən sonra öz postundan istefa verdi. Yeri gəlmişkən, o, prezidentlik səlahiyyəti bitməmiş bu addımı könüllü olaraq atdı. Halbuki, Nazarbayev 2015-ci ildə keçirilmiş son seçkilərdə seçicilərin 98 faiz səsini toplayapaq qalib gəlmişdi. Bununla da o, Mərkəzi Asiyadakı postsovet ölkələrində mövcud olan ənənəni pozdu. Çünki indiyədək regionda hakimiyyət heç vaxt könüllü olaraq təhvil verilməmişdi…"

Bu barədə "Sherg.az"a tanınmış politoloq İlqar Vəlizadə bildirib.
 
O qeyd edib ki, sözügedən ölkənin ən böyük nailiyyətlərindən biri burada sülhün və millətlərarası münasibətlərin normal məcraya yönəldilməsidir: 

"Xatırladaq ki, Qazaxıstanda 100-dən çox millət və etnos yaşayır. Bu da təəccüblü deyil ki, Sovet İttifaqının dağılmasından sonra Mərkəzi Asiya respublikalarının hər birində praktik olaraq hərbi etnik konfliktlər, münaqişə ocaqları baş qaldırmışdı. Təkcə Qazaxıstana belə xoşagəlməz hadisələrdən yan keçmək müyəssər olmuşdu.

Ötən əsrin 90-cı illəri sözügedən ölkə üçün də kifayət qədər çətinliklər yaratmışdı. Sovetlər Birliyinin çökməsi iqtisadiyyatı da xeyli dərəcədə zəiflətmişdi. Respublikada stabilliyin qorunması, neft yataqları, digər təbii resursların olması və bütün bunlardan səmərəli istifadə edilməsi qısa müddətdə öz səmərəsini verdi, iqtisadiyyatda yüksəliş yaranmağa başladı. Qonşu ölkələrdə zaman-zaman baş verən qanlı toqquşmalar xaos, iqtisadiyyatın çökməsi həmin dövlətlərdə prezidentlərin və hökumətlərin dəyişilməsi ilə nəticələndi. Bütün bunlar isə Qazaxıstan üçün ibrətli dərs oldu. Məhz həmin ərəfələrdə ölkənin ilk prezidenti Nursultan Nazarbayev özünün məşhur şüarını irəli sürdü: "Əvvəl iqtisadiyyat, sonra siyasət”.

Kimsəyə sirr deyil ki, həmin dövrlərdə Nazarbayevin idarəetmə metodu Qərb dairələri tərəfindən heç də az tənqid olunmurdu. Bəzi siyasətçilər onu diktaturaya meyllikdə, demokratiya institutlarının inkişaf etdirilməməsində suçlayırdılar. Deyirdilər ki, prezidentin səlahiyyətləri çox şişirdilib… Zaman isə Qazaxıstanın seçdiyi yolun doğruluğunu təsdiqlədi. Bu gün Mərkəzi Asiyanın adı çəkilən ölkəsi postsovet məkanında çox az dövlətlərdən biridir ki, öz siyasətini etibarlı relslər üzərində qurub. Nazarbayev isə ötən illər ərzində təkcə qazax xalqının deyil, həm də digər millətlər və etnosların mənafeyini güdən sağlam daxili siyasət yürüdə bilib".

Politoloq diqqətə çatdırıb ki, Nursultan Nazarbayev hakimiyyətin elə bir effektli və möhkəm təməlini yaratmağa nail oldu ki, bu, ən çətin dönəmlərdə də Qazaxıstan xalqını iqtisadi və siyasi burulğanlardan qorudu: 

"Təbii ki, bütün bu uğurlar sosial-iqtisadi sabitliyin qorunması fonunda baş verdi. Sözsüz ki, təbii sərvətlər də öz rolunu oynadı. Belə bir fakta diqqət yetirin: ötən illər ərzində Qazaxıstan o qədər investorlar cəlb etdi ki, buna üst-üstə heç Mərkəzi Asiya ölkələrinin hamısı bir yerə toplaşanda nail ola bilməyiblər. Bundan əlavə, respublika öz qarşısına çox ambisiyalı bir vəzifə qoydu: dünyanın inkişaf etmiş otuz ölkəsi sırasına çıxmaq! Bu istəyin reallaşması üçün işlər sürətləndirildi və mühüm nailiyyətlər qazanıldı.
Və belə bir məqamda dövlətin ilk prezidenti öz səlahiyyətlərini təhvil verir… Necə? Niyə? – deyə soruşacaqsınız.

Təbii ki, Nazarbayevin bu addımı cəmiyyətdə narahatlıqla qarşılandı. Xüsusilə, azlıq təşkil edən millətlərin nümayəndələri daha çox təşvişə düşdülər: "Bəs bizim gələcəyimiz necə olacaq?” "Bizi qarşıda nələr gözləyir?”

Sosial şəbəkələrdə bu və ya buna bənzər sualların çoxluq təşkil etdiyi göz qabağında idi. Xüsusilə, Nazarbayevin istefasından sonrakı ilk günlər ölkədəki siyasi atmosferin insanların həyatında ciddi narahatlıqlar yaratdığını sezməmək olmurdu. Ancaq çox keçmədi ki, hakimiyyət təmsilçiləri bundan sonra nə edəcəklərini müəyyənləşdirdilər.

Konstitusiyaya uyğun olaraq, Prezidentin öz postunu tərk etməsindən sonra dövlət başçısı vəzifəsi Parlamentdə senatın yuxarı palatasındakı sədri, Nazarbayevin yaxın silahdaşlarından biri sayılan və onunla uzun illər müstəqil respublikanın inkişafında birgə çalışan Qasım-Jomart Tokayevə keçdi. Hadisələrin belə cərəyan etməsini müşahidəçilər Qazaxıstanın ənənəvi siyasi kursa sadiqliyi və ölkədə sabitliyə qarant kimi dəyərləndirdilər".

İ.Vəlizadə hesab edir ki, əhalinin inamını qazanmaq və dövlət başçısı kimi öz legitimliyini möhkəmləndirmək məqsədilə, Tokayev yenə Konstitusiyaya istinad edərək, öz müraciətində cari il iyunun 9-da ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyini bəyan etdi. O, bu müraciətdə seçkilərin açıq və şəffaf olacağı barədə vəd verdi:

"Bu gün Qazaxıstanda prezidentliyə namizədlərin irəli sürülməsi aktiv bir mərhələdədir. Qanunvericiliyə uyğun olaraq artıq 8 nəfər (onlar müxtəlif siyasi partiya və birlikləri, o cümlədən mövcud hakimiyyətə müxalifə olan qüvvələri təmsil edirlər) öz namizədliyi irəli sürüb.

Bütün namizədlər Qazaxıstan vətəndaşlarıdır, seçki məcəlləsinə görə son 15 ildə burada yaşayıblar, ali təhsillidirlər, məhkumluqları yoxdur, korrupsiya ilə bağlı məhkəmə məsuliyyətinə cəlb olunmayıblar və seçilmək hüququna malikdirlər. Onlar qarşısında qoyulan tələblərdən biri də ölkənin iri şəhərləri və 12 regionunda 118140 seçicinin imzasını toplamaqdır.

Prezidentliyə namizədlər Mərkəzi Seçki Komissiyasında qeydə alınmaq üçün imzatoplama kampaniyasından əlavə, daha iki sənəd təqdim etməlidirlər: sağlamlıq haqqında arayış, özü və ailəsinin gəlirləri barədə bəyannamə.

Qarşıdakı seçkilərin necə qurtaracağını proqnozlaşdırmaq elə də asan deyil. Buna baxmayaraq, Qazaxıstanın yaxın gələcəkdə Mərkəzi Asiya ölkələri arasında lokomotiv rolunu oynacağı şübhə doğurmur. Çünki müstəqillik illərində bu ölkədə milli özünüdərk və birlik o qədər güclü inkişaf edib ki, nəticədə dövlətçilik də möhkəmlənib. Ona görə də qarşıdakı illərdə Qazaxıstanın istər daxili, istərsə də xarici siyasətində sapmaların olacağına inanmaq çətindir.

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24