2019-05-10 16:56:22   |   471 dəfə oxunub

“İsrafil Hüseynov” borudüzən gəmisindəki yanğının səbəbləri... – Ehtimallar sadalanır


Mayın 8-də "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralılardan 3 nəfərin vəziyyəti kritikdir.

Yanğının hansı səbəblərdən baş verə biləcəyi ilə bağlı "Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev bildirib ki, bu cür hadisələr əsasən istismarı başa çatmış ehtiyat hissələrin vaxtında yenisi ilə əvəz olunmamasına görə baş verir.

Ekspert bildirib ki, ehtiyat hissələrinə vaxtında texniki qulluğun göstərilməməsi, təmir işləri aparılarkən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməməsi də yanğına səbəb ola bilər:

"Baş verə biləcək təhlükə riskini nəzərə almaqla qabaqlayıcı tədbirlər görmədikdə sonu xoşagəlməz bədbəxt hadisələr ilə bitir. Nəticədə həm insanların həyatı üçün təhlükə yaranır, həm də hadisə böyük maddi itki ilə nəticələnir. 

Texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə məsul şəxslər təhlükə riski varsa, yaxud təhlükəsizlik normalarına riayət olunmursa, müəssisənin rəhbəri desə belə işi saxlatdıra bilər. Təhlükəsizlik normalarına riayət olunduqdan sonra işin başlamasına icazə verilə bilər. Bu məsuliyyətin və səlahiyyətin sahibidir. Ona görə hesab edirəm ki, bütün istehsal və təmir işlərində yarana biləcək potensial təhlükə riskləri nəzərə alınmalı , təhlükəsizlik tədbirləri görülməli və bu işlərin aparılmasına icazə verilməlidir. 

Hadisə təmir işləri zamanı olubsa, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə məsul şəxslərin hadisədən qabaq hansı təhlükəsizlik tədbirlərinin görüldüyünü, risklərin olması barədə qeydlərin aparıldığını və işə başlamağa icazənin verilməsi araşdırmalar zamanı məlum olar. Hadisənin səhlənkarlıqdan və ehtiyatsızlıqdan olması sübut olunarsa, təbii ki, məsələyə hüquqi qiymət veriləcək”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25