2019-05-11 14:01:58   |   241 dəfə oxunub

Mxitaryan Bakıya gəlsə, burnu da qanamayacaq - AFFA söz verir

Aqil Abbas: "Ermənilər Bakını su yoluna döndərib"

Ataş Sultanov: "Erməni futbolçunun Bakıya gəlməsindən multikulturalizm dəyərlərindən tutmuş, Dağlıq Qarabağ məsələsinə qədər mövzulardan təbliğat kimi istifadə etmək olar"



UEFA İngiltərənin "Arsenal” klubunun ermənistanlı futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirakı ilə bağlı mövqeyini açıqlayıb.
Yarımmüdafiəçi mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda iştirakla bağlı hər hansı problem yaşamayacaq.

Bu qurumun mətbuat xidmətindən Rusiyanın TASS agentliyinə bildirilib. Qeyd olunur ki, AFFA UEFA-nı futbolçunun ölkəyə girişlə bağlı problemlə üzləşməyəcəyinə inandırıb:
"Futbolçuların UEFA bayrağı altında keçirilən yarışlar zamanı başqa ölkələrə getməsi üçün viza almasına görə assosiasiyalar, klublar və səfirliklər arasında yazışmalar təşkilat üçün standart prosedurdur. Bu məsələdə UEFA və "Arsenal”ın istəyi ilə AFFA təsdiqləyib ki, bu oyunçunun ölkəyə girişi və orada olması ilə bağlı problemi yaşanmayacaq, həmçinin müvafiq təhlükəsizlik tədbirləri görüləcək”.

Qeyd edək ki, finalda "Arsenal” "Çelsi” ilə oynayacaq.

Təbii ki, bir erməni oyunçusunun Bakıya gəlişinin Avropa Liqasının final matçına kölgə salacağını düşünmürük. Bununla belə, istənilən bir erməninin ölkəmizə gəlişinin xalqda qəzəb hissi oyatdığını da danmaq olmaz. Və bu da çox, amma lap çox, təbiidir. AFFA, «futbolçunun ölkəyə girişi-çıxışında problem olmayacaq, təhlükəsizliyi təmin ediləcək» deməlidir, rəsmi qurum olaraq. Amma AFFA, həm də, məsələn, «biz təhlükəsizliyi qoruyacağıq, amma bilirsiz, Ermənistan bölgədə separatizm yürüdür, torpaqlarımızı işğal edib, qaçqınlarımız, köçkünlərimiz, şəhidlərimiz var, xalq belə məsələlərə həssasdır, qəzəblidir, istisnalar da istisna edilməməli» kimi bir mesaj da verə bilərdi. Həqiqətən, verə bilərmi?

Milli Məclisin deputatı Aqil Abbas «Şərq»ə «Arsenal»ın erməni yarımmüdafiəçisinin Bakıya gəlişində qeyri-adi nəsə görmədiyini dedi:

- Ermənilər Bakını su yoluna döndərib. Gətirib onları hətta burda işə də düzəldirlər. O erməni futbolçu, gəlsə nə olacaq, gəlməsə nə olacaq? AFFA o futbolçunun gəlişini qadağan edə bilməz. AFFA siyasi təşkilat deyil. Onların üstünə qalxmaq da doğru olmaz.

Ataş Sultanov «Şərq»ə açıqlamasında bunu həssas məsələ adlandırdı:

- Erməni futbolçunun Bakıya gəlməsi əlbəttə ki, həssas məsələdir. Lakin nəzərə almaq lazımdır ki, AFFA rəsmi qurumdur və bu qurum öz qərarlarında ölkənin beynəlxalq imicini, beynəlxalq münasibətləri və idmanın xoşməramlı elçi olması tezisini nəzərə alır. Ölkədə ard-ardına beynəlxalq tədbirlər keçirilir. Təsəvvür edin ki, UEFA Avropa Liqasının finalını Bakıya verir, Bakı isə bir nəfərin təhlükəsizliyini təmin edə bilmir. Bu nə dərəcədə ciddi münasibət olar?! 

Təhlükəsizlik və viza məsələsi müzakirə olunursa, deməli, xalqın həssaslığını və qəzəbi barədə beynəlxalq ictimaiyyət icmarıc alıb. Məncə əksinə, erməni futbolçunun Bakıya gəlməsindən multikulturalizm dəyərlərindən tutmuş, Dağlıq Qarabağ məsələsinə qədər mövzulardan təbliğat kimi istifadə etmək olar. Döyüşmək lazım olanda danışmaq, danışmaq lazım olanda döyüşmək olmaz. Hazırda diplomatiya müharibə qədər vacibdir.

Məlahət Rzayeva






SON XƏBƏRLƏR

2019-05-24