2019-05-11 14:14:34   |   200 dəfə oxunub

Dünya Bankı Azərbaycanda Özünüməşğulluq Proqramına vəsait ayıracaq

Uzunmüddətli və çox aşağı faizli kreditlərə çıxış imkanı olacağı halda yardım effektli ola bilər Məmurla vətəndaş arasında birbaşa təmasın olmasından qaçmaq lazımdır



Dünya Bankı Azərbaycanda Özünüməşğulluq Proqramına vəsait ayıracaq. ONA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində bildirib.

"Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır. Mənim təşəbbüsümlə biz Dünya Bankı ilə bu məsələni müzakirə etdik. Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır. Bu, həm məşğulluğun artırılmasına xidmət edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük töhfə olacaq. Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var” - açılış mərasimində Prezident İlham Əliyev belə deyib.
Özünüməşğulluq imkanları olan əhali qruplarına dövlət müxtəlif güzəştlərlə, müxtəlif təşviq proqramları ilə yardımçı olur. Bu, həmin insanların özlərini işlə təmin etməyə, eyni zamanda işlərini böyüdüb əlavə işçi qüvvəsi cəlb etməyə, aylıq dolanışıq xərclərini qazanmalarına imkan yaradır. Növbəti addım kimi isə qazandığı vəsaitdən vergi ödəyərək dövlət büdcəsinə də yardımçı olmasına şərait yaradır. 

İqtisadçı Natiq Cəfərli "Şərq”ə danışarkən bildirib ki, bu fəaliyyət praktikası dünyada çox geniş yayılıb. Amma təəssüf ki, Azərbaycanda hələ bunun ciddi effektləri görünmür: "Azərbaycanda Özünüməşğulluqla bağlı son bir-iki ildir ki, hər hansı müzakirələr və bu müzakirələrin nəticəsində hər hansı addımların atılması planlaşdırılır.

Özünüməşğulluq Proqramı anlayışı yeni-yeni yaranır deyə, məsələnin əlifbasından başlamaq lazımdır. Özünüməşğulluq nə deməkdir, özünüməşğulluğa hansı fəaliyyət növləri aiddir. Özünüməşğulluqla məşğul olan vətəndaşlar hansı üstünlüklərə malikdir, hansı təşviq proqramlarında iştirak edə bilər və s. Əslində bunun üçün çox böyük potensial var. Çünki Özünüməşğulluğun ən çox yayğın olduğu sahələr aqrar, kənd təsərrüfatı və turizmdir. Əsasən də bu, turizmdə effekt verən bir anlayışdır. Azərbaycan dövləti doğrudan da aqrar sahəni və turizmi prioritet hesab edibsə, bu sahədə Özünüməşğulluqla bağlı ciddi addımların, təklif proqramlarının olmasına ehtiyac var”.

Ekspert qeyd edib ki, özünüməşğulluğa meyilli əhalinin uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanı genişləndirilməlidir:

"Əgər Dünya Bankı doğrudan da, uzunmüddətli və çox aşağı faizlə kreditlərə çıxış imkanını artıracaqsa, özünüməşğulluq sahəsində dönüş yarada, dövlətin bu sahədə atdığı addımları dəstəkləyə bilər. Amma şəffaflıq olmayacaqsa, uzunmüddətli və çox aşağı faizli kreditlərə çıxış imkanı olmayacaqsa, kreditlər qısa müddətə və yüksək faizlərlə veriləcəksə, təəssüf ki, bunun bir ciddi effektinin olacağını düşünmürəm”.

Dünya Bankı bir çox ölkələrdə Özünüməşğulluq Proqramı ilə bağlı çox uğurlu layihələr həyata keçirir. Lakin layihələrin uğurlu olması o zaman baş verir ki, proses tam şəffaf şəkildə yerinə yetirilsin. Şəffaflığın təmin olunması üçünsə: "Özünüməşğulluqla bağlı həm ictimaiyyətin nəzarəti, həm medianın nəzarəti təmin olunmalı, yaranan problemlərin qısa zamanda həll olunma mexanizmlərinin yaradılması məsələləri həll olunmalıdır”- deyə N.Cəfərli vurğulayıb.

Məsələnin həyata keçirilməsinin şəffaflığının təmin olunması üçün ekspert vurğulayıb ki, proses elektronlaşdırılmalıdır: "Əgər söhbət aqrar sahədən və yaxud da turizmdən gedirsə, həmin nazirliklərin, həmçinin bir çox dövlət qurumlarının iştirakı vacibdir. Amma daha vacib olan elektronlaşdırılmanın təmin olunmasıdır. Məmurla vətəndaş arasında birbaşa təmasın olmasından qaçmaq lazımdır. 

Bu oyun qaydaları öncədən hazırlanmalıdır ki, məmurların hər hansı şəxsi qərar vermə mexanizmi olmasın. Şəffaf şəkildə özünüməşğulluqla bağlı kimlərin üstünlük qazana bilmə ehtimalı öncədən məlum olmalıdır. Sənədləri toplayan və mövcud tələblərə cavab verən vətəndaşlara dövlətin təşviq proqramlarında iştirak etmək hüququ verilməlidir. Bu, vergi, gömrük güzəştləri, kredit imkanlarının artırılması, beynəlxalq treninqlərin təşkili və s. ola bilər. Prosesin şəffaf aparılması üçün ola bilər ki, gələcəkdə sivil toplumun, media qurumlarının komissiyaların fəaliyyətində iştirakı təmin edilsin. Şəffaflığın artırılması yolunda müəyyən addımlar atılsın”.

Sevda Ulutau





SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24