2019-05-11 14:26:50   |   266 dəfə oxunub

Paşinyana yerini göstərmək lazımdır

Vasif Əfəndiyev: "Ermənistanın Rusiya və İranla yaxınlığı səmimi deyil"



Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 15-i Moskvada baş tutmuş XİN rəhbərlərinin görüşü barədə ATƏT-in baş katibi Tomas Qremingeri məlumatlandırıb. Bəyan edilib ki, Azərbaycan və Ermənistan humanitar sahədə qarşılıqlı fəaliyyətin təşkil olunması perspektivlərində maraqlıdırlar. Bununla bağlı açıqlama verən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, "söhbət münaqişə zonasında stabilləşmə ilə bağlı addımlardan, kənd təsərrüfatı işləri zamanı görüləcək işlərdən, ölkələrin ərazilərində əsirlikdə saxlanan şəxslərin yaxınlarının görüşə buraxılması və insanlar arasında təmasların qurulmasından, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkil olunmasından” gedir. Əslində, Zaxarovanın vurğuladığı məqamların çoxu hamıya bəllidir və elə əksəriyyəti də mənasız məsələlərdir. Ancaq "əsirlikdə saxlanan şəxslərin yaxınlarının görüşə buraxılması” ifadəsi olduqca müəmmalı və anlaşılmazdır. Çünki indiki halda əsir yaxınlarının görüşünün hansı formada təşkil olunacağı məsələsi ciddi sual altındadır.

Rusiya XİN təmsilçisinin açıqlamasını "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsindən bir il ötməsinə baxmayaraq, hələ də Ermənistan tərəfi Dağlıq Qarabağ probleminin həlli istiqamətində dönüş yaradacaq addımlar atmayıb: 

"Aprelin 15-də Moskvada səfərdə olan Paşinyan həm 1 illik hesabatını verdi, həm də gələcək davranışları barədə təlimatlar aldı. Paşinyanın hakimiyyətə gəlməsi və qərbyönümlü istiqamət götürməsi nəhayət bu ölkənin Rusiyanın təsir dairəsindən çıxması ümidi yaradırdı. Lakin görünən odur ki, siyasi mövqeyindən asılı olmayaraq, Ermənistanın bütün rəhbərləri birbaşa Rusiyanın əmr və göstərişləri ilə hərəkət edirlər. 

Zaxarovanın açıqlaması sübut edir ki, Rusiya öz ampluasında qalmaqdadır. Problemin həlli üçün vacib olan məsələlərdən üstüörtülü keçən XİN sözçüsü Azərbaycanı Ermənistanla barışığa sövq etməyə çalışır. Zaxarovanın səsləndirdiyi "hərbi əsirlərin qohumlarına onları ziyarət etmək şansının yaradılması və tanınmış insanların qarşılıqlı səfərlərinin təşkili” məsələsi indiki şəraitdə mümkün deyil. Torpaqların işğaldan azad olunması istiqamətində ilkin razılaşma protokolu imzalanmazsa, bu cür məqamlar Azərbaycanın xeyrinə olmayacaq”.

Analitik vurğulayıb ki, Paşinyanın Azərbaycanın ən ağrılı yeri olan Şuşaya, özü də işğal günündə səfər etməsi, mədəniyyət mərkəzlərimizdən biri olan qədim şəhərimizdə hərbi parad keçirməsi, nəhayət, cıdır düzündə yallı getməsi bizə acıq vermək məqsədi daşıyır: 

"Bütün bunlardan sonra işğalçılarla başa düşdükləri dildə danışmaq lazımdır. Ermənistanın Rusiya və İranla yaxınlığı səmimi deyil. Məlumdur ki, Qərbin İrana qarşı ciddi planları var, hətta NATO qüvvələrinin İrana Ermənistan ərazisindən müdaxilə məsələsi də gündəmdədir. Rusiya regiondan uzaqlaşacağı təqdirdə Ermənistan öz ərazilərini NATO qüvvələrinə təhvil verə bilər. Ermənistandan fərqli olaraq Azərbaycan İrana qarşı hər hansı aqressiyada yer almayacaq. Biz İranın bütövlüyünə zərər dəyməsini istəmirik”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24