2019-05-11 14:49:18   |   204 dəfə oxunub

Yunanıstan Türkiyəyə təxribat hazırlayır

Əhəd Məmmədli: "Lakin cəhdlər mənasızdır"



Yunanıstan və Kipr Avropa Birliyinə Türkiyədən şikayət edib. Yunanıstanın baş naziri Aleksis Çipras bildirib ki, Kipr hakimiyyətinin lideri Nikos Anastasiadis ilə birlikdə Şərqi Aralıq dənizində baş verənləri gündəmə daşıyacaqlar. Əgər Türkiyə buna mane olarsa və "provokativ” davranışlarına davam edərsə, o zaman Avropa Birliyi lazımi addımları atmalıdır: "Türkiyə təktərəfli addımlar yerinə digər Aralıq dənizi ölkələri kimi masaya gələrək danışmalıdır”. Çipras Türkiyə ilə yaşanan məsələnin ikili deyil, Avropanın problemi olduğunu, AB-nin Şərqi Aralıq dənizindəki enerji mənbələrini və geopolitik mənfəətlərini qorumalı olduğunu vurğulayıb: "Avropa Birliyi Türkiyəyə qarşı dəqiq mesaj yollamalıdır”. Kiprli lider Anastasiadis də verdiyi açıqlamada AB-nin Türkiyəyə qarşı ortaq hərəkətə keçməsi üçün çağırış edib. O, Türkiyənin fəaliyyətlərinin məhdudlaşdırılmalı olduğunu iddia edib. Tərəflər arasında onsuz da yaxşı olmayan münasibətlər zaman-zaman daha kəskin hal alır. Çiprasın bəyanatının qarşıdurmanı bir qədər də artıracağı ehtimal edilir. Problem ondadır ki, Atina hökuməti Türkiyə ilə bağlı anlaşılmazlığı Avropa müstəvisinə çəkməyə cəhd edir. Çalışır ki, AB Ankaraya təsir göstərsin və nəticədə Yunanıstanla Kipr istədiklərini alsın.

Çiprasın bəyanatını "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, Yunanıstan hər zaman olduğu kimi bu dəfə də Türkiyəyə qarşı təxribat hazırlayır. Ekspertin sözlərinə görə, Yunanıstan və qondarma Cənubi Kipr Avropa Birliyi vasitəsi ilə Türkiyənin önünü kəsməyə çalışırlar: 

"Lakin cəhdlər mənasızdır. Nə Yunanıstan, nə də güvəndikləri Avropa Birliyi Türkiyəyə nəsə edə bilər. Avropa Birliyində hər bir dövlətin öz marağı var və bu maraqlar ümumi maraqları aşır. Bunun əyani sübutunun dəfələrlə şahidi olmuşuq. Son dövrlər Türkiyə Almaniya ilə münasibətləri düzəltməyə doğru addımlar atır. Türkiyənin İtaliya ilə də iqtisadi münasibətləri genişlənir. Həmçinin, Avropada Türkiyənin Böyük Britaniya kimi gizli müttəfiqi var. Yunanlar sadəcə Fransanı yanlarına ala bilərlər, ancaq bunun da effekti olmayacaq”.

Siyasi şərhçinin fikrincə, Ankara hökuməti Aralıq dənizi məsələsində dövlətlərlə ayrı-ayrılıqda razılığa gələ bilər: 

"Yunanlara qışqırıb-bağırmaq qalacaq. Afina görsə ki, Brüsseldən lazımi dəstək ala bilmir, tələblərindən geri duracaq. Ümumiyyətlə, Türkiyə dövləti güclənməyə davam etdikcə, nəinki dostlar, hətta düşmənlər də üzünü Ankaraya çevirəcək”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24