2019-05-13 12:45:44   |   399 dəfə oxunub

SOS ! Niyə çirkli turşulu yağışlar yağır ? – Alim səbəb və fəsadlarını izah etdi

Yusif Alıyev :“Havaya buraxılan zərərli qazlar rütubətlə birləşərək zəhərli dumanlı buludlar yaradır, nəticədə çirkli turşulu yağışlar yağır”

“Turşulu yağışlar isə münbit torpaq sahələrinin aşınmasına, keyfiyyətinin dəyişməsinə, şoranlaşmasına gətirib çıxardır”



"Hər birimizin fərqində olmayaraq yaratdığımız ekoloji fəlakətlərdən nə qədər məlumatlıyıq ? ! Həmişə izlədiyim bir şey var. İki-üç nəfər bir araya gələndə ən çox şikayət etdikləri problemlərdən biri də havanın dəyişkənliyi, iqlim pozğunluğu, ekoloji problemlərdir. Bəs nə bilmişdik, niyə də olmasın bu problemlər? Təbiətə çəkdiyimiz dağdan xəbəriniz varmı heç ?! "

Bu barədə "Sherg.az”a gənc alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin şöbə müdiri, dosent Yusif Alıyev bildirib

Alimin sözlərinə görə, indiki halda ekoloji baxımdan dünyada üç əsas, böyük qlobal problem vardır ki, bunlar da ozon dəliyi, istixana effekti və turşulu yağışlardır:

" Qeyd edim ki, son illər dünyada heç bir norma və qadağalar gözlənilmədən sənayenin ifrat inkişaf etdirilməsi ilə əlaqədar atmosferdə havanın qaz tərkibi nəzərəçarpacaq dərəcədə dəyişib. Bu da bəşəriyyət üçün həyatı əhəmiyyət kəsb edən Günəşdən gələn istiliyin udulması və əks olunması arasındakı təbii balansı pozaraq, ozon təbəqəsinin bərpasını əngəlləyir. Əksər hallarda da dəliyin diametri böyüyür. Həmçinin havaya buraxılan zərərli qazlar rütubətlə birləşərək zəhərli dumanlı buludlar yaradır və bunun nəticəsində küləklə hərəkət edən buludlar ekoloji çirklənməyə az məruz qalmış ərazilərə də çirkli turşulu yağışlar yağır. Turşulu yağışlar isə münbit torpaq sahələrinin aşınmasına, keyfiyyətinin dəyişməsinə, şoranlaşmasına gətirib çıxardır. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına 193 üzv ölkənin razılığı ilə qəbul olunmuş Minilliyin İnkişaf Məqsədləri sənədinin demək olar ki, 17 bəndin hamısında ekoloji durum öndə gedir. Çox təəssüf olsun ki, bu gün ekoloji problemlər yetərincə önlənmir, əksinə get-gedə ekoloji problemin miqyası artmaq üzrə davam edir. Yaxın illərdə ekoloji fəlakət o həddə çatacaq ki, Yer kürəsində yaşayış arealları daralmağa başlayacaq. Qlobal istiləşmə və qlobal soyuma nəticəsində planetimizin iqlim xüsusiyyətləri, ekoloji tarazlığı tamamilə dəyişəcək. 

O zaman isə bunu kim görə, kim görməyə… Bircə məsələni qeyd etmək istərdim. Əgər təsəvvürümüzə gətirsək ki, bu gündən Yer kürəsində bütün sənaye müəssisələrini, zavod və fabrikləri, hidroqurğuları, bütün növ yanacaqla işləyən mühərrikləri, avtomobillərin fəaliyyətini dayandırsaq təkcə atmosferə atılmış xolor qazının təmizlənməsi üçün ən azından 200 il vaxt lazımdır. 17 dekabr 1997-ci ildə BMT iqlim dəyişikliyi çərçivəsində qlobal istiləşmə və iqlim dəyişikliyinə qarşı dünyanın iri sənaye dövlətləri Kyoto protokolu adlı bir sənəd imzaladılar ki, 2000-2002-ci illərdə atmosferdəki zərərli qazların və tullantıların miqdarını ən azı 1990-cı il səviyyəsinə kimi endirsinlər. Lakin bu protokolun da tələblərinə əməl olunmadı. Sənayeçilər əksinə atmosferə atılan zərərli tullantıların və istixana effekti yaradan qazların artmasına şərait yaratdılar”.

Y.Alıyev onu da diqqətə çatdırıb ki, ekoloji problemlər artıq pik həddə çatıb:

"Geriyə yol düşünülməsə, Yer kürəsini misli görünməmiş fəlakətlər bürüyəcək. İndi gerisini insan oğlu özü düşünsün. Bəzən düçünürük ki, biz fərd olaraq nə edə bilərik bu problemə qarşı. Çox şey edə bilərik. Hər gün ailə üzvlərimizin idarə etdiyi maşınlardan, evimizdə işlətdiyimiz yeməklərimizi xarab olmadan qoruyan soyuducularımızdan, sərinlənmək üçün altında oturduğumuz kondinsionerlərimizdən atmosferə atılan zərərli qazlarla yanaşı tullanan freon qazı xlorla birləşir. 

Atmosferə qalxaraq stratosferdə sərbəst halda olan xolorla birləşmiş bir freon molekulu on min ozon molekulunu tam məhv edir. Ümumiyyətlə, başqa maddələrə nisbətən freonlar ozonu 450-600 dəfə çox dağıdır. İndi baxın görək yaşıllıqdan əziyyət çəkən, gündən günə də yaşıllıqları məhv edilən Bakımız hansı risq qrupuna aiddir. Qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə dövlətlər, cəmiyyətlər, ictimai birliklər, hüquqi şəxslər, fiziki şəxslər, bir sözlə bütün fərdlər qatılmalıdır. 

Orta məktəblərdə şagirdlərə, ali məktəblərdə tələbələrə, idarə və müəssisələrdə ekoloji durumun dəhşətli drumda olması ilə bağlı maariflənmə layihələrinə start verilməlidir. Hər kəs öz ətrafına biganə qalmamalıdır. Əgər gözümüz görə-görə yaşadığımız yerdə kimsə yaşıllığı koryaıb, ağacları kəsirsə onu həmən dayandırmalı, kütləvi şəkildə o insanların üzərinə hücum çəkməliyik. Bir sözlə ictimai qınaq formalaşmalıdır. Unutmayaq ki, təbiət ona vurulan heç bir zərbəni unutmur, hər zərbəyə görə bizdən birə-min intiqam alır. Gəlin təbiətə, bəşəriyyətə, evimizə, ailəmizə, canımıza dağ üstündən dağ çəkməyək”.

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25