2019-05-13 13:57:17   |   238 dəfə oxunub

“Britaniya XİN-nin bəyanatı etik və diplomatik normalara sığmır”



"Britaniya XİN-nin Bakı haqqında dedikləri nəinki gülməli, ingilis nəzər nöqtəsindən faciəvidir”.

Bunu "Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Analitik XİN-in bəyanatında vurğulanan məqamlara diqqət çəkərək iddiaların tamamilə əsassız olduğunu söyləyib: 

"İngiltərənin Xarici İşlər Nazirliyi final üçün Bakıya gələcək vətəndaşlarına xəbərdar edib ki, "final oyunu ərəfəsində insanların sıx toplaşdığı yerlərdə, bar və "pub”ların qarşısında, otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Ona görə də ehtiyatlı olsunlar”. Digər tərəfdən iddia edilib ki, guya Bakıda cinayətkarlıqla mübarizənin səviyyəsi çox aşağıdır: "Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz.

 Ona görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin”. Birinci "tövsiyyə” ilə bağlı onu qeyd etmək olar ki, Bakıdan fərqli olaraq London və Paris 2000-ci ildən bu tərəfə bir neçə dəfə terrora məruz qalıb. 

Ona görə də, final oyunu ərəfəsində bu cür bəyanat vermək etik və diplomatik normalara sığmayan mövqedir. 1970-ci ildən bugünə qədər Britaniyada ən azı 28 terror aktı həyata keçirilib”.

Siyasi şərhçinin sözlərinə görə, ikinci tövsiyyə lap gülməlidir:

 "Cibindəki puldan ehtiyyatlı ol, oğurlayarlar! Sözün bitdiyi an buna deyirlər. Bu, lap valideynin yeniyetməyə verdiyi məsləhətə oxşayır. Zaman-zaman dünyanın müxtəlif şəhərlərində cinayətlər törədilə bilər, bundan heç bir şəhər sığortalanmayıb. Son bir neçə ildə London da, Paris də ən qatı cinayatkarlığın mərkəzi olublar. Parisin küçələrində oğurluğun tuğyan etdiyi, avtomobillərin və mağazaların vitrinlərinin sındırıldığını misal çəkə bilərik. 

Londonda bar və klubların ətrafında nələrin tuğyan etdiyi hamıya məlumdur. Bakı London və Parisdən dəfələrlə daha təhlükəsiz şəhərdir. Yaxşı olardı kı, bu kimi bəyanatlar verilərkən statistikaya nəzər yetirilərdi. 2015-ci ildə, BMT-nin Narkotiklər və Cinayətlər üzrə idarəsinin hesabatına əsasən, Azərbaycanda zorlama halları 0.33 , soyğunçuluq 2.5, oğruluq 60,86 faiz olduğu halda Britaniyada zorlama halları 40,08, soyğunçuluq 63.06, oğruluq 1743,95 olub. Statistika hər şeyi deyir”.

Z.Məmmədov vurğulayıb ki, Britaniya XİN-nin bəyanatından sonra ingilis mətbuatı da Bakıda keçiriləcək oyunla bağlı bir sıra "nöqsanları” qeyd ediblər: 

"Əvvala qeyd edim ki, finalın Bakıda keçirilməsi qərarı UEFA-nın son iki ildə həyata keçirdiyi Avropa qonşuluq siyasəti və futbolun coğrafiyasının yayılması ilə bağlıdır. Təbii ki, Londondan Bakıya məsafənin yaxın olmadığı mənə də məlumdur. Ancaq, burada ingilis eqoizmini kənara atmaq lazımdır. Məgər hansısa gürcü, türk və ya rus idman yarışlarının finalının Londonda və ya Osloda keçirildiyi zaman bu qədər gileylənirdi mi? İngilislər bilətlərin baha olması və ya artıq satıldığını, vizanın çətinliklə alınmasını qeyd ediblər. Elə bu gün AZAL tərəfindən verilən bəyanata əsasən oyun ərəfəsində bir neçə çarter reysinin həm bizim aviaşirkət, həm də Avropa aviaşirkətləri tərəfindən reallaşmasının mümkünlüyünü bildiriblər. 

O ki qaldı, viza məsələsinə, bu da cəfəngiyyatdır. Avropa liqası finalının bileti elə özü vizadır. Ataların bir deyimi var - "oğru oğruya oğru deməsə bağrı çatlayar”. İngilis stadionlarında oyunlardan əvvəl və sonra nələrin yaşandığı, ingilis fanatlarının bir-birilərinə və xaricilərə qarşı necə amansız olduqları hamıya məlumdur. 

Dəfələrlə stadion və kənarlarında kütləvi davaların, ölum hallarının olması ingilis futbolu və cəmiyyəti adına ləkədir. Azərbaycan dəfələrlə dünya miqyaslı turnirlərin, yarışların, konfrans və forumların ev sahibi kimi ən yüksək, peşəkar təşkilatçı olduğunu sübuta yetirib. Kaş ki, başqaları da bizlər kimi qonaqpərvər və sülhsevər olsunlar”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25