2019-05-13 16:30:05   |   425 dəfə oxunub

Həkimdən sərt İDDİA: “Səhiyyə sistemimiz ölü nöqtədən tərpənməlidir”

Zəlimxan Məmmədli:“21-ci əsrdə günün günorta çağında vaksin tapılmırsa, deməli, durum ciddidir. Hələ bilmirik ilan zəhərinə qarşı peyvəndlər varmı? !“



Ucarda it hücumuna məruz qalan sakinlər çıxılmaz durumdadır. Son günlər it hücumuna məruz qalan rayon sakinləri quduzluğa qarşı vaksinasiya olunmaq üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət etsələr də, xəstəxanadan vaksinin olmadığı bildirilib.

İt hücumuna məruz qalan diabetli şəkər xəstəsi Telman Xudaverdi oğlu İbrahimov təcili xəstəxanaya gedib. Xəstəxananın cərrahiyyə şöbəsinin həkimi Zahir Salahov T.İbrahimova bildirib ki, xəstəxanada vaksin yoxdur. Rayonda fəaliyyət göstərən apteklərdə quduzluğa qarşı vaksin satılmadığından zərərçəkən sakinlər çıxılmaz duruma düşüblər.

Mövcud durumu "Sherg.az”a dəyərləndirən "Borçalı” İctimai Birliyinin sədri, həkim Zəlimxan Məmmədlinin sözlərinə görə, səhiyyə sistemimiz ölü nöqtədən tərpənməlidir.

Həkim qeyd edib ki, vaksinlərin yoxluğu da məhz səhiyyə sistemindəki boşluqla əlaqəlidir:

"Səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır. 21-ci əsrdə günün günorta çağında vaksin tapılmırsa, deməli, durum ciddidir. Hələ bilmirik ilan zəhərinə qarşı peyvəndlər varmı? 

Gərək səhiyyəmizdə başdan-ayağa işlər görülsün. Əhalinin sağlamlığına həsr olunmuş çox çeşidli islahatlar konsepsiyası qəbul olunmalıdır. Bununla da möhrü vurmalıyıq və insanlarımız bilməlidir ki, ilan da sancsa, it də qapsa, səhiyyə müəssisəsi onu ölməyə qoymayacaq. Heç kim itin qapması və yaxud ilan sancmasından sığortalanmayıb. Bu hər kəsin başına gələ biləcək bir haldır. Ona görə də səhiyyəmizdə əsaslı islahatlara ehtiyac var”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-22