2019-05-13 18:05:24   |   458 dəfə oxunub

Yazıçı ilə mütəxəssis mobil operatorları “topa tutdu”: “...Sizə şərəf gətirmir !”



Ötənlərdə tanınmış şair-publisist Elnur Astanbəyli "Azercell” mobil operatoru ilə bağlı ciddi etirazlarını bildirib. Şair bu barədə feysbuk hesabında paylaşım edib:

"Hörmətsiz Azercell! Artıq yorulduğum və iyrəndiyim üçün buradan yazıram.
İndiyədək istifadə etdiyim nömrəni dəfələrlə və birtərəfli şəkildə hansısa mənasız, geydirmə xidmətlərinizə qoşub cibimdən xeyli pul çırpışdırmısınız.

Sonuncu dəfə də "Zvuk” adlı xidmətinizə qoşulduğumu öyrənirəm, sonradan araşdırıram ki, bununla bağlı xəbərdarlıq mesajını da gecənin bir yarısı (saat 04.44) göndərmisiniz və 1 gün sonra başlamısınız günə 15 qəpik silməyə.

Sizə şəxsi nömrəmi mənim istəyim, razılığım olmadan hansısa gicdırnaq xidmətinizə qoşmaq, bu yolla cibimə girmək haqqını kim verib? Niyə həftə səkkiz, mən doqqiz sizin bu cür cir-zibillərinizlə uğraşmalıyam? Hörmətsiz Azercell! Doğrudanmı, sizdə azacıq utanma, arlanma deyilən bir şey yoxdur? Belə də ki problem deyil: Şakaya pul lazımdırsa deyin, fitrə-zəkatımızı sizə verək”.

Şairin iradlarında haqlı olduğunu deyən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün "Sherg.az”a açıqlamasında qeyd edib ki, mobil istifadəçilərin xəbəri olmadan hansısa xidmətə qoşulması mümkündür.

Ekspert vurğulayıb ki, bu qoşulma birbaşa mobil operatorlar tərəfindən yox mobil operatorlarla müqavilə əsasında işləyən konten provayderlər tərəfindən olur:

"Yəni, istifadəçi ilə mobil operator arasında bir şirkət var. Həmin şirkət konten provayder adlanır və mobil operatorlar bu şirkəti yaxşı tanıyırlar. Konten provayderlər müxtəlif xidmətlər göstərirlər. Məsələn, istifadəçilərə reklam SMS-ləri göndərirlər. Ona görə də konten provayderlərlə bağlı çox ciddi problemlər var. Düşünürəm ki, mobil operatorların da bu olanlarda müəyyən günahı var. Çünki onlar müqavilə şərtlərini elə edə bilərlər ki, konten provayderlər istifadəçilərin hüquqlarını pozmasın”.

O.Gündüz təəssüflə söyləyib ki, bir sıra ölkələrdə belə problemlər olub və həmin ölkələrin hamısı bu anlaşılmazlığı həll ediblər:

"Amma yalnız Azərbaycanda qanunsuz və arzuolunmayan SMS-lərin göndərilməsi və istifadəçilərin xəbəri olmadan onlardan pul çıxma halları var. Fikrimcə, bu kimi məqamlar bizim şirkətlərə şərəf gətirmir. Bu, biabırçılıqdır, məsələyə birdəfəlik son qoymaq lazımdır. 

Qanunvericilik də xeyli təkmilləşdirildi, amma təəssüf ki, qanunun icrası yetərincə həyata keçirilmir. Burada Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyini günahlandırıram. Çünki bu qurum həmin provayderlərə lisenziyanı verir. 

Ona görə də daimi monitorinqlər aparmalı və nəzarət etməlidir. Ümumiyyətlə, biabırçı vəziyyətdir. Anti- İnhisar siyasətdə istehlakçıların hüquqları ilə bağlı qurum var. Lakin həmin qurumların fəaliyyəti hiss olunmur. Adları çəkilən bu iki qurum ciddi tədbirlər görməli və istehsalkçıların hüquqlarını müdafiə etməlidir”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25