2019-05-13 18:27:52   |   242 dəfə oxunub

“UEFA Avropa Liqasının final oyunu çox yüksək səviyyədə təşkil olunacaq”

“Azərbaycan Avroviziya, I Avropa və İslam Həmrəylik Oyunlarını olduqca ürəkaçan formada təşkil edərək bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirib”



"Azərbaycan uğurla inkişaf etdikcə, ölkəmizin beynəlxalq nüfuzu artdıqca xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələr bundan bərk narahat olur və öz çirkin kampaniyalarını işə salırlar”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputatın qənaətincə, adətən belə kampaniyalar Azərbaycanda təşkil olunan cəmiyyətin müxtəlif sahələrini əhatə edən irimiqyaslı beynəlxalq idman, humanitar, mədəniyyət və başqa sahələri əhatə edən tədbirlər ərəfəsində aparılır:

"Növbəti belə bir çirkin kampaniya bu dəfə mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində başlanıb. Azərbaycan artıq belə hallara öyrəşib. Bu qüvvələrin məqsədi növbəti şər-böhtan kampaniyası aparmaqla Azərbaycanı gözdən salmaq, onun nüfüzuna xələl gətirməkdir. Bu anti-Azərbaycan qüvvələr idmana aidiyyəti olmayan subyektiv, reallıqdan uzaq, heç bir əsası olmayan fikirlər irəli sürürlər.

2012-ci ildə Avroviziya, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları zamanı da Azərbaycana qarşı belə çirkin kampaniyalar təşkil olunmuşdu. Ancaq Azərbaycan qeyd olunan tədbirləri çox yüksək səviyyədə təşkil edərək bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirib.

UEFA Avropa Liqasının 29 mayda Bakıda İngiltərənin iki komandasının iştirakı ilə keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya xarici işlər nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyyələri anlaşılan deyil və çox təəccüb doğurur. Bakıda gecə hücumlarından çəkilməli olması barədə bəyanatla çıxış etmək çox yanlışdır. Bakı Londona nisbətən qat-qat daha təhlükəsiz şəhərdir. Hazırda Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Azərbaycan həm regionda, həm də dünyada ən sabit və təhlükəsiz ölkələrdən biridir. 

Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan bu vaxta kimi çoxlu sayda irimiqyaslı mötəbər idman yarışlarına ev sahibliyi edib, bundan sonra da edəcəkdir. Bu mənada Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, Formula I Bakı Qran Pirisi, UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə Qarabağ-Çelsi futbol oynunu yada salmaq kifayətdir. Bu tədbirlərə qatılmaq üçün yüzlərlə ölkədən minlərlə idmançı, on minlərlə tamaşaçı rahat şəkildə ölkəmizə səfər edib. Yüksək səviyyədə təşkil olunan yarışları izləyiblər.

Bu idman yarışlarını izləmək üçün, müxtəlif beynəlxalq təbirlərdə iştirak etmək üçün ölkəmizə gələn çoxsaylı xarici ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin yüksək səviyyədə təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və belə irimiqyaslı tədbirlərin təşkilatçılıq səviyyəsindən çox razı qalıblar”.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan turizmin sürətlə inkişaf etdiyi bir ölkədir:

"İldən ilə ölkəmizə gələn xarici vətəndaşların sayı durmadan artır. Ölkəmizin malik olduğu coğrafi mövqeyi, onun tarixi, milli adət-ənənələrimiz, mədəniyyətimiz və digər cəlbedici xüsusiyyətləri ilə yanaşı Azərbaycanda mövcud olan əmin- amanlıq, sabitlik mövcud olan təhlükəsizlik mühiti xaricdən gələn turistləri cəlb edən ən vacib amillərdən biridir. Azərbaycan dövləti tərəfindən, AFFA-nin təşkilatşılığı ilə mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oynunun yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün hazırlıq işləri həyata keçirilib.
İnanıram ki, mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oynu çox yüksək səviyyədə təşkil olunacaq və uzun müddət yaddaşlarda qalacaq”.

Qeyd edək ki, mayın 29-da Bakıda final matçında oynayacaq "Arsenal" klubunun erməni futbolçu Henrix Mxitaryanın həyatına Azərbaycanda təhlükə ola biləcəyi ilə bağlı sərsəm açıqlamalara yayılır.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-22