2019-05-13 18:44:29   |   304 dəfə oxunub

Partiya funksioneri “od püskürdü”: “Bu həkimlərin fəaliyyəti ləğv edilməlidir”

“Qız uşaqlarını abort edən həkimlər cinayətkardır, çünki onlar genefondumuzu məhv edirlər. Bu hadisəni sükutla qarşılamaq olmaz!”



"Əgər qız uşaqları abort vasitəsilə öldürülməsəydi, Azərbaycanda hər 100 qıza 105 oğlan düşəcəkdi”. Bunu ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyib. Komitə təmsilçisi bildirib ki, Azərbaycanda bir neçə il öncə qadınların sayı ölkə əhalisinin 51.7 faizini təşkil edirdisə, hazırda bu rəqəm 50.1 faizə qədər enib. E.Səfərovun sözlərinə görə, son illər Azərbaycanda qadınların sayı 10 minlərlə azalıb: "Cins nisbətinin pozulması hallarının qarşısının alınması üçün Milli Fəaliyyət Planı hazırlanıb. Ölkədə qız uşaqlarının abort yolu ilə öldürülməsi halları hələ də mövcuddur. Ona görə də hər 100 qıza 115 oğlan düşür. Bu da o deməkdir ki, ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur. Bununla da balans və tarazlıq pozulur. Cins nisbətinin pozulması halları gələcəkdə böyük problemlərə gətirib çıxaracaq”. Şöbə müdiri problemlə intensiv şəkildə mübarizə aparılmasının zəruri olduğunu vurğulayıb: "Selektiv aborta birdəfəlik qadağa qoyularsa, cins nisbəti pozulmaz. Ölkədə artım təbii şəkildə öz axarı ilə inkişaf edər”.

Komitə rəsmisinin açıqlaması cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Sosial şəbəkədə qız uşaqlarının öldürülməsinə münasibət bildirən ictimaiyyət nümayəndələri narahatlıqlarını ifadə edərək, prosesə mane olunmasını tələb ediblər.

Mövzu ilə bağlı "Sherg.az”a danışan BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, qız uşaqlarını abort edən həkimlər cinayətkardır, çünki onlar genefondumuzu məhv edirlər:

"O cür həkimlərə ən ağır cəza verməklə yanaşı həkimlik fəaliyyətləri də ləğv edilməlidir. Bunun qarşısı təcili alınmalıdır. Komitənin açıqlamasından dərhal sonra "Facebook”da ictimai müzakirə açdım. Səhifəmdə on minlərlə izləyici var. İki gündür Dövlət Komitəsinin qız uşaqlarının kəskin azdılması xəbəri ilə bağlı yazdığım status geniş müzakirə edilir. 

Bu hadisəni sükutla qarşılamaq olmaz! Prosesin önünü almaq üçün qanunvericilikdə ciddi dəyişikliklər olunmalıdır. Hətta bu məsələdə həkimlərlə yanaşı, cinayətə ortaq olan valideynlər də məsuliyyətə cəlb edilməlidir. On minlərlə qız övladının məhv edilməsi nə deməkdir?! 21-ci əsrdə bunun baş verməsi çox dəhşətlidir. Valideynlər sadəcə özlərinə deyil, dövlətə və xalqımıza ciddi ziyan vururlar. 

Genefondumuzu məhv edirlər. Oğlan övladları arzulayan valideyinlər fikirləşmir ki, müəyyən zaman sonra o oğlanları hansı analar dünyaya gətirəcək?! Bütün cəmiyyət bu məsələyə diqqət ayırmalıdır. Vətəndaş cəmiyyətinin nümayəndələri təşəbbüs qaldırmalıdır. QHT rəhbərləri, ziyalılar, siyasətçilər, deputatlar öz mövqeyini nümayiş etdirməlidir”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-05-24